Mehdiyevin qəzeti Arifoğlunun köməyinə çatdı

“Yeni Müsavat” qəzeti də hakimiyyət kimi “balans”lı siyasət yürütməyə başlayıb. Belə ki, qəzetin səhifələrinin bir hissəsi Əli Kərimli və Milli Şuranı ləkələməyə, digər hissəsi isə  YAP funksionerlərindən bu “ləkələmə” prosesinə dəstək almağa həsr  olunub. Qəzetlə daha detallı tanış olaq.

Qəzetin bir səhifəsində “ Bölgə Müsavatçıları Müsavatın  MŞ-dən getməsini dəstəkləyirlər” başlıqlı yazı dərc olunub. Həmişə olduğu kimi “Yeni Müsavat” hakimiyyətə qarşı hücumlar başlayanda AXCP-Müsavat qarşıdurmasını gündəmə gətirir və diqqəti əsas mövzudan yayındırır. Bu dəfə də Rauf Arifoğlu sıravi Müsavatçılara öz ssenarisində yer ayırıb və hökumətin dağıtmaq istədiyi Milli Şuranı onların əli ilə “sökməyə” girişib.

Qəzetin digər səhifəsində “ Hakimiyyətdən müxalifətdaxili savaşa reaksiyalar” başlıqlı yazı dərc olunub. Rauf Arifoğlu bu dəfə müxalifətdən heç kimi tapa bilmədiyi üçün, Mübariz Qurbanlı ilə Fəzail Ağamalını köməyə çağırıb. Müxalifətin ən böyük birliyini yıpratmaq üçün, “Yeni Müsavat” hakimiyyətin ən qatı tərəfdrlarından dəstək almağa start verib.

Qeyd edək ki, bugünlərdə mətbuatn əsas gündəmi  “Şahdağ” kompleksinin hakim ailəyə məxsusluğu ilə bağlı yayılan məlumatlardı. Rauf Arifoğlunun “Yeni Müsavat”ı isə öz səhifəsində İsa Qəmbərin legitim saymadığı “ Ali Baş Komandan İlham Əliyevin Qarabağ tezisləri”nə yer ayırıb.

Qəzetin bir səhifəlik yazısı Əli Kərimlinin “xəyanət”lərinə həsr olunub. Və bu “xəyanət”lər fonunda İlham Əliyevin təbliğatı aparılır.

Unutmadan bunu da qeyd edək ki, “Yeni Müsavat”ın bu çabaları qarşılıqsız qalmayıb. İlham Əliyevin bir nömrəli qəzeti olan “Azərbaycan” öz səhifəsində Rauf Arifoğlunun fikirlərini tirajlayıb. Rauf Arifoğlunun “Allah Azərbaycanı Əli Kərimlinin zombi dəstəsindən hifz etsin” ifadəsi hökumətin o qədər xoşuna gəlib ki, öz qəzetində bu fikri tirajlayıb.

Diktatoru demokratdan çox istədiyini etiraf edən “müxalifətçi”nin fəaliyyətini təbii qarşılamağa qərar verməliyik.

Sadaladığımız faktlara münasibət bildirmək Müsavat başqanının və Müsavatçıların borcudur.

P.S. Qeyd etməyi tamam unutmuşdum. Rauf Arifoğlunun Əli Kərimli haqqında dediklərini, adını çəkməyi özümə yaraşdırmadığım, ölkənin ən əxlaqsız saytı da tirajlayıb. Görün, Rauf Arifoğlunun “xidmət”lərindən kimlər yararlanır.

Hikmət