«Azərbaycanın bəlası büdcə korrupsiyası, tenderlərin şəffaf olmamasıdır»
Natiq Cəfərli: «Korrupsiyaya görə cavabdeh olan şəxslər elə həmin müşavirənin iştirakçılarıdır»
Bir neçə gün əvvəl Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı Ilham Əliyev korrupsiyaya qarşı mübarizədən danışıb. Dövlət başçısı korrupsiyaya qarşı mübarizənin aparılacağını deyib və bildirib ki, bu bəladan xilas olmaq üçün daha ciddi tədbirlər görülməlidir.
Hələ bir neçə il əvvəl dövlət başçısı korrupsiya və mübarizəyə qarşı mübarizənin başlandığını bəyan edəndən bəri bu əmələ görə yalnız aşağı ranqlı məmurların cəzalandırıldığını görmək mümkündür. Bunların sırasına verdiyi arayışa görə rüşvət alan, müalicə etdiyi xəstədən buna görə pul istəyən həkimlərin, yaxud digər bu tipli əməl sahiblərinin həbs olunduğu məlumdur. Ancaq ölkədə daha böyük korrupsiya əməlləri və onların arxasında dayanan şəxslər hələ də cəzasız qalıb. Müstəqil ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri, mətbuat dəfələrlə büdcə korrupsiyasını ifşa edən faktları ortaya qoysa da, bunlara görə məsuliyyətə cəlb edilən olmayıb. Heç bu faktların araşdırılması hallarına da rast gəlinməyib. Bir neçə gün əvvəl “Azadlıq”da iki ölkə ilə xarici ticarətdə yaranan 1 mlrd 200 mln dolların vəsaitin rəsmi statistikaya salınmaması ilə bağlı məlumat dərc olundu. Bu yalnız bir dövlət qurumunun fəaliyyətindən kiçik bir məqam idi. Infrastruktur layihələrin korrupsiyanın yeminə çevrildiyi artıq heç kimə sirr deyil. Buna görə də hələ cəzalanan olmayıb. Belə olan halda hansı mübarizədən söhbət gedir?
Iqtisadçı-ekspert Natiq Cəfərli hökumət rəsmilərinin və prezidentin yalnız gündəlik rast gəlinən məişət korrupsiyasından danışdığını deyir. ASAN xidmətin yaranması da əslində buna dəlalət edirdi ki, ayrı-ayrı nazirlik və dövlət idarələrinin hamısını birlikdə islah etmək mümkün olmayıb. Bu səbəbdən də paralel olaraq ASAN xidmətini yaradılıb. ASAN xidmət vasitəsilə məişət korrupsiyasının müəyyən qədər azaldılmasına nail olublar. Gələcəkdə də bu bu istiqamətdə fəaliyyəti davam etdirmək niyyəti güdülür. Təəssüf ki, hakimiyyət nümayəndələri ancaq bunu qabardır. Amma əslində Azərbaycanın bəlası, ölkəni inkişafdan, tərəqqidən saxlayan büdcə korrupsiyası, tenderlərin şəffaf olmaması, büdcə pullarının korrupsiya yolu ilə mənimsənilməsidir. Buna görə cavabdeh olan şəxslər isə elə həmin müşavirənin iştirakçılarıdır.
Ekspertin sözlərinə görə, Azərbaycanın gələcəyinin tərəqqisini təmin etmək, korrupsiyanın kökünü kəsmək və inkişafı təmin etmək üçün məhz bu növ korrupsiyanın, Azərbaycanın dövlətçiliyinə birbaşa ziyan vuran büdcə korrupsiyasının, tenderlərin şəffaf olmamasının qarşısı alınmalıdır. Çünki əsas korrupsiya mənbəyi və ölkənin gələcəyini təhdid edən ünsür məhz budur: “Məişət korrupsiyasının qarşısının alınmasında ola bilər ki, daha da çox addımlar atılsın, ASAN xidməti genişləndirilsin, yaxud da bir çox digər orqanların funksiyaları da ASAN xidmətə verilsin. Bu, müəyyən mənada məişət korrupsiyasının azaldılmasında öz nəticələrini verə bilər. Ancaq Azərbaycanda hamı bilir ki, ən ciddi korrupsiya orduda, polis, məhkəmə sistemindədir. Bunları axı ASAN xidmətə vermək mümkün deyil. Ona görə də Azərbaycanda normal məhkəmə sistemi qurulmalıdır ki, ədalətli qərarlar verilsin, ədalət bərpa olunsun. Vətəndaşa hörmət edən, onunla normal davrana bilən polis sistemi yaradılmalıdır. Bunların hamısı ASAN xidməti ilə həll olunacaq məsələlər deyil. Korrupsiyanın qarşısının alınması üçün ciddi islahatlar, ciddi konseptual yanaşma lazımdır. Yaxın gələcəkdə bu sahələrdə ciddi addımların atılmasına inanmıram”.
Fizzə


