1993-cü il çevrilişi Azərbaycanı orbitindən çıxarıb. Necə çıxarıbsa, bütün koordinatlar itib. Ölkənin hara getdiyi bəlli deyil. Milli mənlik, strateji düşüncə kimi anlayışlar ortadan qalxıb. Prezident Administrasiyasından tutmuş ən aşağılaradək bazar qanunları başa çıxıb. Ölkə başdan-başa bazar qanunlarına bürünüb. Prezident Administrasiyası baş bazardır. Prokurorluq, başqa, məhkəmə başqa bazar. Nazirlər Kabineti bazar, parlament bazar. Uşaq bağçaları bazar, orta oxullar bazar, yüksək oxullar bazar. Sağlamlıq sistemi bazar, təhsil sistemi bazar. Gömrük bazar, vergi bazar. Evinə çörək aparmaq üçün həyətimizdə göy-göyərti, soğan-kartof satanlardan hər tezdən gəlib 2 manatdan pul yığan polis… bazar!
Rejim cinayətlərinə dözməyən hüquqçu Qurban Məmmədova yox yerdən 3 il iş verildi. Anar Məmmədli rejimin seçki cinayətlərini açıb tökdüyündən tutulub türməyə göndərildi. Tofiq Yaqublu ilə Ilqar Məmmədovun Şəkidə, NIDA-çı gənclərin Bakıda məhkəməsi gedir. Iki prezident – heydərizm rejiminin prezidenti Ilham Əliyevlə Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva kef içində Qusarda sürüşür. Özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun TÜSTÜSÜ bütün Ölkəni bürüyüb. Bu tüstünün yaratdığı HAVASIZLIQ üzündən Ölkənin hər yanından özünüöldürmə soraqları gəlir. Televiziyalar TÜSTÜNÜ itirmək, özünüöldürmə soraqlarını batırmaq üçün diringi-şoularla doldurulur. O biri yandan da müxalifətin daha bir Birliyini dağıtmaq üçün agentura-əlaltı yığnağı aldığı buyruğa uyğun olaraq bir-birinin ardınca BATAN GƏMI dramatizmi yaradır. Bəlli birisinin ardınca bir çoxları çıxıb qaçır. Müxalifətin bütün Birlklərini dağıdanlar daha bir Birliyi dağıdır, başqa bir sıra bəlli kimsələr də onlara qoşulur. Birincilər bəllidir – onlar əski satılmışlar, aramıza atılmışlardır. Bəs ikincilər? Ikincilər – milli mənlik duyğusu yox, strateji düşüncədən uzaq kimsələr! Birincilərin strategiyası toplumun uğurunu oğurlamaqla güdülən qazanc, ikincilərin strategiyası birincilərin yanında olmaq strategiyasızlığı! Birincilərin siyasəti siyasi meydanda bazar liderliyini əldən verməmək, ikincilərin siyasəti bu bazarda boy göstərməkdən barınmaq…
20 ildən bu yana passionarların, passionarlığın, yurdsevərliyin, doğru-düzgünlüyün kökü qazınır: sağlamlıq, təhsil sistemini dağıtmaq yoluyla, rejimə boyun əyməyənləri əzib sıradan çıxarmaqla Ölkənin üzü bütünlüklə başqa, uğursuz-gələcəksiz axara yönəldilir. Qarabağ qaziləri, onlarla yanaşı böyük bir kəsim siyasi sistem sürükləməsi olaraq uğursuzluq-gələcəksizlik axarında özünüöldürmə durumuna gətirilir. “Əsgər ölümünə yox!” deyən gəncliyə TOPDANSATIŞ məhkəmələri qurulur. Rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya rejimi içində milyonlar, milyardlarla pul toplayanların, yalançı seçkilərlə hakimiyət sürənlərin gerçək seçkinlərlə savaşı gedir. Bu savaşın antiAzərbaycan xarakteri daşıdığını anlayaraq məhkəmə zalında, dəmir barmaqlıqlar arxasında belə, “Çarpışmamızı üstün gələnədək sürdürəcəyik!” deyən gəncliyə böyük Birlik gücüylə arxa durmaq yerinə, Birliyi dağıtmağa çalışmaq! – bunu kimin, kimlərin etməyindən asılı olmayaraq, satqınlıq, dönüklük olaraq dəyərləndirilməlidir.
Əliyevçi rejim xalqı daha çox əzib-yenməklə, əzib-yenməni getdikcə genişləndirib-dərinləşdirməklə ermənilərin Qarabağa getdikcə daha çox yiyələnmələrinə, Qarabaqda daha çox kök atmalarına, daha çox ürüyüb-artmalarına yol açır, stimul yaradır. Beləliklə, “regionda analoqu olamayan ən güclü dövlət” faktoru özünü bütünlüklə doğrultmuş olur. Ancaq… YAĞIYA YARDIM baxımından! Doğrudanmı bu, bir çoxlarının dediyi kimi, Azərbaycan hakimiyətidir? Belədirsə, onda Bakıdan Qarabağadək Azərbaycana üstünlük qazandıran, qazandıracaq kimsələrə bu hakimiyətin yağıcasına yanaşması nə deməkdir?!