“Bu məlumtların hansı mərkəzdən idarə olduğunu yaxşı bilirəm”
Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının (AHIK) Qarabağ qazisi Zaur Həsənov olayı ilə bağlı yaydığı sonuncu açıqlamada “Edis Group” adlı bir şirkətin adı hallanırdı. AHIK şirkətin Ali Məhkəməyə ünvanladığı kassasiya şikayətinə əsasən bəyan edirdi ki, Zaur Həsənovun işlətdiyi kafe “Edis Group”a məxsus olub. Kafenin tikintisi, ətrafında abadlıq işlərinin aparılması ilə bağlı bütün xərcləri də bu şirkət çəkib.
AHIK bununla həmin obyektə Qarabağ qazisinin heç bir xərc çəkmədiyini subuta yetirmək istəyirdi. Çünki Qarabağ qazisi AHIK tərəfindən kafenin sökülməsinə etiraz olaraq özünü yandırarkən belə məlumatlar yayılmışdı ki, o, həmin obyektin tikintisi üçün evini banka girov qoyaraq pul götürüb. Onun intiharının bir səbəbi də elə bu olub.
Zaur Həsənovun atası Həsən Həsənov isə “Azadlıq”a bildirmişdi ki, kafenin “Edis Group” tərəfindən tikilməsi barədə iddialar əsassızdır. “Obyekti oğlum tikib. Bunun üçün hətta bankdan 13 min manat pul da götürüb”, – deyə Həsən Həsənov vurğulamışdı.
Qarabağ qazisinin atası “Edis Group”un rəhbəri Samir Məmmədovu da ittiham etmişdi: “O, obyekti ələ keçirmək istəyirdi”.
“Yeni Müsavat” qəzeti bu şirkətlə bağlı maraqlı məlumat yayıb. Həmin məlumatda bildirilir ki, “Edis Group” keçmiş müdafiə naziri Səfər Əbiyevə məxsusdur.
Keçmiş nazirin məsələyə münasibəti özünü çox gözlətməyib. O, “Qafqazinfo”ya bildirib ki, “Edis Group” şirkəti ilə heç bir əlaqəsi olmayıb, ümumiyyətlə, bu şirkət barəsində birinci dəfə eşidir: “Mən bu məlumatların hansı mərkəzdən idarə olunduğunu yaxşı bilirəm. Mənim hər hansı xarici şirkətlə əlaqəm yoxdur. Haqqımda yazılan həm bu, həm də digər dəqiqləşdirilməmiş xəbərlərə görə təəssüf edirəm”.
“Azadlıq”ın araşdırmaları nəticəsində bəlli olub ki, “Edis Group” şirkəti 2008-ci ildə təsis edilib. Vergilər Nazirliyinin saytındakı məlumata görə, şirkətin nizamnamə kapitalı 300 manat göstərilib. Samir Məmmədov “Edis Group”un qanuni təmsilçisi kimi göstərilib.
Bu şirkətin Səfər Əbiyevə məxsus olub-olmadığını deyə bilmərik. Lakin keçmiş nazirin məsələyə operativ reaksiyası maraq doğurur. Səfər Əbiyev barədə bundan da ilginc faktlar yazılıb. Lakin keçmiş nazir yazılanlara əhəmiyyət verməyib. Görünür, bu dəfə məsələ kifayət qədər ciddidir. Yəni, Səfər Əbiyev Zaur Həsənov olayı ilə bağlı “yuxarılar”da hansı abu-havanın hökm sürməsindən xəbərdardır.
Keçmiş nazirin “mən bu məlumatların hansı mərkəzdən idarə olunduğunu yaxşı bilirəm” fikri də maraqlıdır. “Edis Group” məsələsini AHIK ortaya çıxarıb. Bu qurumun rəhbəri Səttar Mehbalıyev Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla qudadır. Bu baxımdan AHIK sədrinin PA rəhbəri Ramiz Mehdiyevin komandasına daxil olduğu bildirilir. Səfər Əbiyev konkret ad çəkmədiyinə görə məhz bu komandanı nəzərdə tutduğunu deyə bilmərik. Bu sadəcə ehtimaldır.
azadliq.info