Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası (DNCG) “Lans” klubuna mövsümün sonunadək futbolçu transferini qadağan edib. Bu barədə qərar qurumun yanvarın 7-də keçirilən dinləmələrindən sonra qəbul olunub.
“Lans” klubu isə yaydığı rəsmi açıqlamada qərarın, öz maliyyə vəziyyəti və layihələri baxımından, reallığa söykənmədiyini bəyan edib. Klub DNCG-nı dərhal qadağanı ləğv etməyə və məsələyə yenidən baxmağa çağırıb.
Bu qərar təkcə “Lans” düşərgəsində deyil, Fransanın futbol ictimaiyyəti arasında da anlaşılmazlıqla qarşılanıb. Azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus klubda maliyyə vəziyyətinin qaydasında olduğu bir vaxtda belə bir qadağanın qoyulmasının səbəbi rəsmən açıqlanmır. Amma “LEquipe” nəşri yazır ki, problem Fransa klubunun hesabına köçürülən vəsaitin bank sübutunun olmamasından qaynaqlanır. Məmmədov ötən ilin iyulunda “Lans”a sahib olarkən, kluba ilkin mərhələdə 5 milyon avro, bu ilin iyunun 30-dək isə 6 milyon avro köçürməli idi. Amma klub 6 milyon avronu fevraldan etibarən köçürülməyə başlanmasını, DNCG isə bu ödəmələrə zəmanət verilməsini xahiş edib. İndi “sarı-qırmızılar” köçürmələrin bank sübutları üçün əlavə bir neçə sənəd də təqdim etməlidir.
Hazırda “Lans” Fransanın II Liqasında 3-cü pillədə qərarlaşıb və gələn mövsüm I Liqaya vəsiqəyə iddialıdır.
Apellyasiyaya yanvarın 15-də Fransa Futbol Federasiyasında baxılacaq (Lent.az).
Xatırladaq ki, “Lans” klubunu nəqliyyta naziri Ziya Məmmədova yaxınlığı ilə tanınan, “Hafka” ləqəbli azərbaycanlı iş adamı Hafiz Məmmədov alıb və hazırda onun prezidentidir.
Fransa mətbuatı Hafiz Məmmədovun “Lans”ı almasına həssas yanaşıb və belə bir maliyyələşmənin mənbələri ilə bağlı suallara cavab axtarıb. Bu mövzuda Fransada xüsusi telefiziya süjeti və bir neçə tənqidi material yayımlanıb.
“Lans”a transferlərin qadağan edilməsinin bu faktla bağlı olub-olmadığı bəlli deyil