Müsavat Partiyasının Milli Şuradan ayrılmasıyla bağlı qərar və bu qərarı əsaslandıran arqumentlər hələ də mətbuatın əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Müsavat Partiyasının bu addımı demokratik düşərgədə birmənalı qarşılanmır. Ictimai-siyasi xadimlər, ziyalılar Müsavatın bu addımının demokratik düşərgəyə ciddi zərbə vurduğunu düşünür. Müsavatın son qərarına gənclər təşkilatlarının təmsilçilərinin də münasibətini öyrəndik.
Ülvi Həsənli: “Milli Şura yoluna davam etməlidir”
“NIDA” Vətədaş Hərəkatının, Milli Şuranın üzvü Ülvi Həsənliÿ bildirdi ki, Müsavat Partiyasının Milli Şuradan getməsi yaxşı hal deyil: “Mən Milli Şuranı tərk edilməsiylə bağlı ciddi bir əsas görmürəm. Müsavat Partiyasının qaldırdığı məsələlər müəyyən müddətdə həllini tapmışdı və bu proses davam edirdi. Mən belə bir qərarı gözləmirdim. Təəssüf ki, belə oldu. Bu Müsavatın öz qərarıdır. Bu qərara baxmayaraq Milli Şura yoluna davam etməlidir”.
Cəmil Hacıyev: “Müsavatın qərarına sayğı ilə yanaşsaq da, bu addım bəyənilmir”
Milli Şuranın üzvü Cəmil Hacıyev də bildirdi ki, hazırkı situasiyada Milli Şuraya ziyan gətirəcək hadisələrin baş verməsi üzücüdür: “Biz arzulayırıq ki, Milli Şuradakı birlik qorunsun və təşkilata xələl gətirəcək hadisələr baş verməsin. Amma bir təşkilatı da iradəsinin ziddinə olaraq təşkilatda saxlamaq olmaz. Müsavatın qərarına sayğı ilə yanaşsaq da, bu addım bir o qədər də bəyənilmir. Yaxşı olardı ki, birliyimizi qoruyaraq bu yolda fəaliyyətimizi inkişaf etdirək. Belə bir arqument gətirirlər ki, Milli Şura prezident seçkisinə hesablanan birlik idi. Amma axı seçkidən sonra rejim dəyişməyib. Milli Şura hazırkı idarəetməni dəyişməyə hesablanan bir təşkilat idi. Milli Şuranın yaranması böyük çətinlik hesabına baş vermişdi. Milli Şura özünü sırf müxalifət adlandıran, hakimiyyətlə iş birliyində olmayan qüvvələrin təşkilatı idi. Bu addım Milli Şuradakı birliyi sarsıdan hadisə oldu. Biz istəmirik ki, mövcud olan körpülər yandırılsın. Müsavatla gələcəkdə hər hansı birliyin yaradılması istiqamətində şanslar saxlanılmalıdır”.
Samir Əsədli: “Müsavatın Milli Şuradan getməyinə təəssüflənirəm”
VHP sədrinin təşkilat məsələləri üzrə müavini Samir Əsədli bildirdi ki, Milli Şuradan ayrılmaqla bağlı Müsavatın qərarı partiyanın mövqeyinin ifadəsidir. Amma Milli Şura üzvü olaraq Müsavatın təşkilatı tərk etməsinə təəssüflənən S.Əsədli vurğuladı ki, Milli Şura son illər demokratik düşərgənin əldə etdiyi ən uğurlu birliklərdəndir: “Müsavatın bu qərarını müzakirə etmək istəmirəm. Amma Müsavatın Milli Şuradan getməyinə təəssüflənirəm. Gərək bu olmayaydı. Milli Şura müxalifətin son illər nail olduğu birliklərdən biridir”.
Xəyal


