İlham Əliyev xalqa yox, MSK-ya minnətdar olmalıdır
Ölkə başçısı Ilham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında prezident seçkilərinə də toxunub. “Azərbaycan xalqı bir daha öz səsini bizim siyasətimizə, real siyasətə verib, boşboğazlığa, boş vədlərə yox, real siyasətə, real işlərə öz səsini verib. Doğma xalqıma bir daha minnətdarlığımı bildirmək istəyirəm ki, on illik fəaliyyətimi yüksək qiymətləndirərək mənə yenidən böyük etimad göstərib” – deyə Ilham Əliyev bildirib.
Ilham Əliyev onu da əlavə edib ki, seçkiləri müşahidə edən bütün mötəbər təşkilatlar seçkilərə çox müsbət qiymət veriblər: “Avropa Şurası, Avropa Ittifaqı, ATƏT Parlament Assambleyası, Islam Əməkdaşlıq Təşkilatı, MDB və digər mötəbər təşkilatlar, yəni, qlobal təşkilatlar seçkilərin keçirilməsini birmənalı olaraq yüksək qiymətləndiriblər. Əsas rəyi Azərbaycan xalqı verib. Səsvermə günü və səsvermədən sonrakı dövrdə cəmiyyətdə hökm sürən vəziyyət bir daha seçkilərin nə qədər şəffaf, ədalətli keçirilməsini təsdiqləyir”.
Ilham Əliyevin səsləndirdiyi fikirlərə 9 oktyabr seçkilərinin qalibi, Milli Şuranın sədri Cəmil Həsənli münasibət bildirdi: “Artıq heç kimə sirr deyil ki, 9 oktyabr seçkiləri tam saxtakarlıq şəraitində başa çatıb. Seçkini müşahidə etmək üçün yeganə mandatı olan təşkilat ATƏT-in Demokratiya və Insan Haqları Bürosudur ki, bu qurumda seçkiyə mənfi rəy verib. Nə vaxtdan seçkinin nəticəsi MDB müşahidə missiyasının, yaxud hakimiyyətin dəvət etdiyi adamların rəyinə görə müəyyən olunub? Ilham Əliyev Azərbaycan xalqına deyil, MSK-ya minnətdar olmalıdır. Çünki, bu qurum seçkinin nəticələrini onun xeyrinə rəsmiləşdirib. Ilham Əliyev xalqdan səs almayıb, hakimiyyəti mənimsəyib. Əgər cüzi demokratik seçki prosesi olsaydı, ATƏT seçki pozuntularının səviyyəsini 58 faiz qiymətləndirməzdi. Normal ölkədə belə bir qiymətləndirmə olsaydı, həmin gün seçkinin nəticələrindən imtina olunardı”.
Hikmət