İctimaiyyət nümayəndələrindən Müsavat açıqlaması
Müsavat partiyasının Milli Şuradan getmək qərarı günlərdir müzakirə olunur və sıravi vətəndaşlar, tanınmış ictimai-siyasi xadimlər baş verənləri təəssüflə qarşıladıqlarını və birliyə ziyan vurmaq kimi qiymətləndirdiklərini bildirirlər.
İctimai xadim Arif Əliyev:
– Mən düşünürəm ki, Müsavat partiyası Milli Şuranın missiyasını çox məhdud qəbul edir və onun seçkilərdəki roluna işarə vurur. Mən şəxsən Milli Şuranın missiyasını daha geniş görürəm və bu, qurumun bəyannaməsində də nəzərdə tutulur. Əksinə, Milli Şura öz missiyasına hələ başlamayıb. Müsavat partiyasının qərarına gəlincə, bu hər bir təşkilatın hüquqdur. Ancaq bu məsələlərdə bir məqam məni həmişə narahat edir. Belə ki, bu kimi gəliş və gedişlər ümumi işə ziyan vurur. Bu məqamlara diqqət yetirilməli idi. Mən Milli Şuraya uğurlu fəaliyyət arzulayıram və istərdim ki, bu fəaliyyət hər zaman dəyərlər üzərində qurulsun.
İctimai xadim Vahid Məhərrəmov:
– Mən Milli Şuranın üzvü olmasam da, bu quruma çox böyük ümid bəsləmişəm. Insanlarla dialoqlarımızda da müəyyən olurdu ki, gözləntilər Milli Şura ilə bağlıdır. Hətta “Amal” fəaliyyət göstərən dövrdə də Müsavat partiyası birliyin əleyhinə olub. Indi də Müsavatın bu qərarı gözlənilən idi. Müsavat Milli Şurada hansı missiyanı həyata keçirdi ki, indi də bunun başa çatmasından danışırlar? Əgər hansısa missiya olubsa, bu, müxalifətin ziyanına olub. Bunlar hər zaman uşaq cığallığı göstərib. Hesab edirəm ki, Müsavat Milli Şurada rəhbərliyi ələ keçirə bilmədiyi, özünün dominant rolunu görmədiyi üçün getdi. Eyni zamanda bu gedişdə oyun da, sövdələşmə də, 2015-ci ilə hazırlıq da görünür. Baş verənlərdə kifayət qədər şübhəli məqamlar var.
Milli Şura üzvü Qələndər Muxtarlı:
– Müsavat partiyası məcburiyyət qarşısında bu addımı atdı. Bu böyük təpkilər hesabına başa gəldi və bu təpkilər birbaşa hakimiyyətdən qaynaqlanır. Rüstəm Ibrahimbəyov kimi bir ziyalının Milli Şura kimi bir quruma rəhbərlik etməsi hakimiyyətdə əndişə yaradırdı. Ona görə də hakimiyyət bu təhlükəni zərərsizləşdirmək qərarı verdi. Baş verənlər Azərbaycan xalqının birləşməsinin qarşısını almaq üçün atılan addımdı. Hesab edirəm ki, Müsavat partiyasında Azərbaycan xalqı üçün gərəkli olan insanlar var və bu adamların geriyə dönüşü də olacaq. Düşünürəm ki, Milli Şura toparlanmalı, fəaliyyətini gücləndirməlidir. Faciə baş verməyib, əksinə, uğurlu yolun başlanğıcına qədəm qoyuruq.
Milli Şura üzvü Rövşən Əhmədli:
– Müsavat partiyasının bir tarixi var və mübarizədə olmuş siyasi təşkilatlardan biridir. Müsavatın qərarını dəyərləndirmək istəməzdim. Sadəcə deyə bilərəm ki, Milli Şura hədəflərinə çatmayıb, missiyasını başa vurmayıb. Hamı başa düşürdü ki, Milli Şura kimlərinsə şərtlərini yerinə yetirmək, kimlərinsə təklifləri ilə fəaliyyət göstərmək niyyətində olmayıb. Milli Şura kimlərinsə iddiaları ilə idarə oluna bilməz. Mən Müsavatın getməsini faciə hesab etmirəm. Sadəcə olaraq qurumun yaranma fəlsəfəsinə uyğun hesab etmirəm. Milli Şura Azərbaycan vətəndaşının gözləntisinə çevrilib. Ona görə də Milli Şura davam etməlidir, heç kimin monopoliyasına çevrilmədən fəaliyyət göstərməlidir. Və bunu Müsavatsız da etmək mümkündür. Müsavat hesab edirsə ki, hansısa partiya təkbaşına demokratiyaya nail olmaq iqtidarındadır, buyursun iş başına. Ancaq reallıq onu göstərir ki, bu mümkün deyil.
Araşdırmaçı jurnalist Xədicə Ismayıl
– Müxalifət daxilindəki bütün çəkişmələrin bir səbəbi var – ölkədə azad və ədalətli seçkilərin keçirilməməsi. Seçki olmayanda rəqabət mühiti də belə olur. Saxta seçkilər təkcə hökumətin səslərinin həqiqətdə nədən ibarət olduğunu gizlətmir, həm də ayrı-ayrı müxalif partiyaların performansını qiymətləndiyməyə imkan vermir. Seçki olmayanda biz iddialar və umu-küsülərlə baş-başa qalmalı oluruq. Ümumilikdə müxalifətdaxili çəkişmələrin əsas səbəbi budur.
İstiqlalçı deputat Mətləb Mütəllimov:
– Mən Müsavatın Milli Şurada qalmasını, fəaliyyətini davam etdirməsini istəyərdim. Ancaq Müsavat bu qərarı veribsə, bu onun hüququdur. Mən düşünmürəm ki, Müsavatın getməsi Milli Şuranı zəiflədir. Böyük əksəriyyət Milli Şuranın daha da güclənməsinin, hakimiyyətə alternativ olmasının tərəfdarıdır. Hesab edirəm ki, Milli Şura üzvləri elə səfərbər olmalı, effektiv fəaliyyət göstərməlidilər ki, Müsavat özü də başa düşsün ki, kənarda qalmaq yanlış seçim idi.
İstiqlalçı deputat Ənvər Əliyev:
– Biz istəyirik ki, Azərbaycanın bütün mübariz qüvvələri birlikdə olsun. Ancaq həmişə bu bizim problemli yerimiz olub. Indiki halda Müsavat partiyasının Milli Şuradan ayrılması təəssüf doğurur. Çünki görüləcək işlər, həll olunmalı problemlər çoxdur. Bu məsələlərdə diqqətli olmaq və bunu düşmənçiliyə çevirməmək lazımdır. Birlikdə olmaq daha qüvvətli olmaq deməkdir. Yəqin Müsavatın da öz yanaşması, öz taktikası var.
Hikmət
HƏMÇİNİN BAX:
Milli Şura üzvləri Müsavatın qərarını pisləyir
Müsavat Milli Şuradan getdi