Bəs Rüstəm İbrahimbəyov?

Bəli, onlar Rüstəm Ibrahimbəyovun həmsədrliyinə, sonradan fəxri sədrliyinə etiraz edəndə getmişdilər Milli Şuradan. Heç kimin onlarla bağlı illuziyası, ferqli gözləntisi yox idi. Nəhayət onlar getdi. Amma Milli Şuradan deyil, siyasətdən və mübarizədən. Lakin siyasi meydanda qalacaqlar, qalmaları şərtdir. Siyasətsiz, iradələrinin üstündə iradə olmaq şərtilə. Qüdrət, Fazil və müxalif düşərgədən parlamentə transfer olunan başqaları kimi.  

     Indi birlik, dəyişiklik istəyənlərin də, Musavatdan getməsi gərəkir və gedəcəklər. Yaxın zamanlarda bunun şahidi olacağıq. Məhz bundan sonra bütün çabalar, arqumentlər, əsaslandırmalar bunun uğrunda, bunun baş verməməsi üçün olacaq. Amma bacaracaqlarmı?  Əlbəttə, yox. Gülaga Aslanlı qonaq olduğu “Azadlıq” radiosunda bacarmayacaqlarını sübut etdi. Yəqin ki, mövzunun ciddiliyini nəzərə alan Müsavat partiyası, daha hazırlıqlı, prosesin içində olan adam kimi Gülağa Aslanlını bu verilişə təmsilçi kimi göndərmişdi. Verilişi izləyən, azacıq obyektivliyi olan hər kəs Gülağa bəyin, hətta opponentsiz halda belə, öz addımlarını əsaslandıra bilmədiyini təsdiqləyə bilər.

Məsələn, Gülaga bəy Milli Şuradan getmə səbəblərindən biri kimi, Milli Şuranın seçkidə qalib gəlməsinə baxmayaraq, hakimiyyət dəyişikliyinin olmaması ilə bağlayır. Təbii ki, bu, Milli Şuradan getmək üçün tutarlı arqument və ya ümümiyyətlə, arqument sayıla bilməz. Amma bir halda ki, Gülağa bəy gedişlərinə səbəb olan amillərdən biri və əsas amil kimi bu məqamın üzərində dayanırsa, o zaman bu arqumenti asanlıqla və daha gücləndirilmiş formada, onun və bu arqumentə sığınan başqaların əleyhinə çevirə bilərik. Necə? Çox asanlıqla. 2003-cü ildə hakimiyyətin başsız qaldığı heç kimə sirr deyildi. Amma bu səbəbi onlara qarşı istifadə etmək niyyətində deyiləm. Lakin onların vurğuladığı iki məqam üzərində dayanmaq zəruridir. Birincisi, onlar,  2003-cü ildə meydana 500 min insan çıxdığını, ikincisi, həmin seçkilərdə Isa bəyin mütləq qələbə qazandığını vurğulayırlar. Lakin buna baxmayaraq, hakimiyyət dəyişikliyi olmadı. Gülağa bəyin diliylə desək, “bacramadılar”. Demək, Isa bəy başda olmaqla, bu arqumentə sığınan bütün müsavatçılar, meydana çıxan 500 min insandan üzr istəyib, təmsil olunduqları partiyadan və siyasətdən getməli idilər. Amma bu baş verməyib.

Gülağa bəyin Milli Şuranı tərk etmələrinə göstərdiyi ikinci səbəb, Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə, müxalifətçilərdən kənar çox az adamın səs verməsi və Milli Şuranın təşkil etdiyi mitinqlərə ənənəvi insanlardan başqa insanların qoşulmamasıdır.

Birincisi, iki cəhddə Lənkərana gedə bilməyən Isa Qəmbərin təmsilçisi, meydandakı adamların sayını Milli Şuraya, onun namizədinə münasibət kimi dəyərləndirməkdə yanlişa yol verir. Ikincisi, meydandakı say, Azərbaycan kimi avtoritar idarəçiliyin mövcud olduğu ölkədə siyasətdə qalmaq üçün əsas götürülə bilməz. Əks halda 500 minlik mitinqdən cəmi 3 il sonra, Ukrayna dairəsinə 500 nəfər toplaya bilməyən Müsavat başqanı üçün siyasət bitməli idi.

Ikincisi, niyə Gülaga bəy polisə verdiyi pozuntuların əks olunduğu minlərlə aktdan, seçkidən öncə, seçki günü, seçkidən sonra küçələrə xəzəl kimi səpələnən hazır bülletenlərdən, pozuntunun əks olunduğu video, fotokadrlardan sonra hakimiyyətin seçkiyə münasibətindən yox, xalqın Milli Şuraya, onun namizədinə münasibətindən söz açır?

Gülaga bəyin digər uğursuz arqumentlərinin də üzərində dayanmaq olar, amma daha artığına ehtiyac duymuram.

Lakin sonda onu deməliyəm ki, bir saatlıq canlı yayımda Gülaga bəy Rüstəm Ibrahimbəyovdan danışmadı. “Sədr”, “həmsədr”, “fəxri sədr” söhbətləri də olmadı. Amma çarəsizliyin, etirafın və siyasətin bitməsinin şahidi olduq.