Aydın Mirzəzadədən gülməli təklif

Üzeyir Cəfərov: «Dövlət və hərbi sirrin qorunması bilavasitə dövlət qurumunun üzərinə düşür»

YAP siyasi şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə  Müdafiə Nazirliyində aparılan kadr dəyişikliklərinin mətbuatda yayılmasını təhlükəli hesab edib. Millət vəkili hərbi sahə üzrə bütün informasiyaların verilməsini narahatlıq doğuran hal kimi xarakterizə edərək yeni müdafiə nazirinin bütün yeni təyinatlarının anında ictimailəşdirildiyini söyləyib. A.Mirzəzadə  Ermənistanın ordumuzla bağlı məlumatları mətbuatdan aldığını deyərək belə xəbərlərin yayılmasına ehtiyac görmədiyini bildirib.

Hərbi sahə üzrə ekspert Üzeyir Cəfərovun qənaətincə, Müdafiə Nazirliyi öz informasiya siyasətini elə qurmalıdır ki, mətbuat bu yöndə məlumatları birbaşa nazirliyin qaynağından əldə etsin. Ekspertə görə, nazirlik öz rəsmi saytında lazım bildiyi məlumatları yerləşdirməlidir:

“Nazirliyin yeni mətbuat xidməti bu işi yenidən canlandırmalıdır. Yəni iş elə qurulmalıdır ki, dövlət və hərbi sirlərin yayılmasına ehtiyac qalmasın. Bir də ki,  müdafiə sahəsindəki kadr təyinatları barədə məlumat vermək mətbuatın günahı deyil. Bu bir faktdır ki, erməni mətbuatı Azərbaycan mediasında gedən bütün irili-xırdalı xəbərləri özünün xüsusi sənədlərində qeyd edir. Yəni bu məqama diqqət yetirmək vacibdir. Lakin ən böyük güc strukturu kimi  Müdafiə Nazirliyində aparılan işlər cəmiyyətin marağı və diqqətinə səbəb olur. Sadəcə olaraq, bu işi aktivləşdirmək lazımdır”. Ü.Cəfərov əlavə edir ki, kimliyindən asılı olmayaraq  hərbi sirri pozan şəxslər qanun qarşısında məsuliyyət daşımalıdır. Amma hərbi və dövlət sirrinin qorunması da bilavasitə dövlət qurumunun üzərinə düşür. Bu baxımdan Müdafiə Nazirliyi bəzi təyinatlarla bağlı cəmiyyətə məlumat verməyə borcludur. 

Üzeyir bəy A.Mirzəzadənin Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin, yəni Ziyafət Əsgərovun sədr müavini olduğuna diqqəti çəkərək  onların sözügedən komissiyada təsadüfi şəxslər olduğunu bildirir:

“Həmin komissiyanın fəaliyyəti tamamilə başqa cür olmalıdır. Komitə hərbi sahəni başa düşən, ona aidiyyəti olan şəxslərlə formalaşdırılmalıdır. Bu sahənin mütəxəssisləri mətbuatla hərbi sahənin əməkdaşlığını canlandırıb aktivləşdirməlidirlər”. 

Nigar