“Azərbaycanda dəyişiklik istəyən, partiya mənsubiyyəti olmayan tanınmış adamları Milli Şurada sıx birləşdirmək lazımdır”
“Rüstəm İbrahimbəyov hesab edir ki, Milli Şura fəaliyyətini davam etdirməli və güclənməlidir”. Bu sözləri “Azadlıq”a Milli Şuranın sədri Cəmil Həsənli deyib. O, bildirib ki, Milli Şura ətrafında baş verənlərlə bağlı Rüstəm İbrahimbəyovla telefon danışığı olub: “Baş verənləri müzakirə etdik. Rüstəm bəyin və mənim də fikrim budur ki, Milli Şura partiyaların birliyi prinsipi üzrə formalaşmayıb. Hətta partiya üzvləri belə Milli Şurada fərdi şəkildə təmsil olunur. Bu üzvlərdən Milli Şuranın tərk edənlər də ola bilər, sona qədər burada qalanlar da. Ona görə də bu məsələrələ normal yanaşmaq lazımdır”.
Cəmil Həsənli əlavə edib ki, Rüstəm İbrahimbəyov Milli Şurada hər hansı siyasi partiyada təmsil olunmayan ziyalıların, ictimaiyyət adamlarının quruma cəlb olunmasını vacib sayıb: “Zatən, Milli Şuranın əsas məqsədlərindən biri də bu idi. Bu gün Milli Şuranın təxminən 23 üzvünün partiya mənsubiyyəti yoxdur. Biz hesab edirik ki, Milli Şura qalmalı, fəaliyyəti genişləndirilməlidir. Rüstəm İbrahimbəyov xüsusi vurğuladı ki, Azərbaycanda dəyişiklik istəyən, partiya mənsubiyyəti olmayan tanınmış adamları Milli Şurada sıx birləşdirmək lazımdır. Mən də bu fikirdəyəm”.
Milli Şura sədri daha sonra qeyd edib ki, Milli Şura beynəlxalq əlaqələrini genişləndirməyi də vacib sayır: “Artıq bir sıra beynəlxalq təşkilatlarla məsləhətləşmələrimiz olub. Biz Azərbaycanda sosial vəziyyətin yaxşılaşdırılması, demokratiyaya keçidin mümkün yolları ilə bağlı beynəlxalq konfrans keçirməyi düşünürük. Artıq bu istiqamətdə bizə təkliflər gəliblər. Azərbaycandakı iqtisadi-siyasi vəziyyətlə bağlı dünya mediasında təhlillər yazılır. Biz həmiş təhlillərin müəllifləri, yerli mütəxəssilərlə bu konfransı keçirmək istəyirik. Bu bir elmi, analitik konfrans olacaq”.