Milli Liderimiz, Ulu Öndərimiz Məhəmməd Əmin Rəsulzadə (Tanrı onu qorusun!) deyir: “Millətçilik düşüncəsinə inananların başlıca borcu Milli Birliyi qorumaqdır”. Bu Ulu Öndər yolgöstərənliyindən çıxış edərək deyə bilərik: demokratiya düşüncəsinə inananların başlıca borcu Demokratik Birliyi qorumaqdır. Bir çoxları başqa cür düşünür, mən belə düşünürəm:
Prinsipcə, millətçiliklə demokratiya ayrılmaz bir bütövdür. Bir çox demokratik dövlətlərin praktikasından da göründüyü kimi, millətçilik demokratiyanı, demokratiya millətçiliyi yaşadan, gəlişdirən başlıca faktordur. Ancaq burada yalançı-qondarma millətçilikdən, yalançı-qondarma demokratiyadan deyil, gerçək millətçilikdən, gerçək demokratiyadan danışılır.
Bəlli olduğu kimi, Milli Şura Demokratik Güclərin Milli Şurası adlanır. Demək, burada ortaya Demokratik Birliyi qorumaq gərəyi çıxır. Bu birliyi qorumaq isə başlıca olaraq birlikdə olanların, hansı yollasa Birliyə bağlı kimsələrin başlıca borcudur. Biz indilikdə nə görürük: Birlikdə olan bir sıra bəlli kimsələr, eləcə də onlara bağlı bəlli subyektlər açıq-aydın birliyi dağıtmağa girişiblər. Dillərində də “Rəsulzadə-Elçibəy yolu”. Bunların yalnız indiki Birliklə deyil, bütövlükdə illərlə müxalifətin çoxsaylı Birliklərini dağıtmağa yönəlik çalışmalarına, bu dağıdıcı çalışmalarla yanaşı dillərindən düşməyən “Rəsulzadə-Elçibəy yolu” söyləmələrinə baxdıqca istər-istəməz düşünməli olursan: dünyada Rəsulzadə ilə Elçibəydən dağıdıcı kimsələr olmayıb!
Budur, qarşımda Milli Şuranı dağıtmağa yönəlmiş bir yazı var. Il başlayar-başlamaz yazılıb topluma sunulan bir yazı. Başayaq qoyulmuş faktlar, qondarma arqumentlərlə dolu bir yazı. Elə bil ANTIMILLI Azərbaycan projesi olaraq ortaya çıxarılan “Yeni Azərbaycan” qəzetinin müxalifətin daha bir Birliyini gözdən salıb dağıtmağa yönəlmiş yazılarından biridir. Burada yalnız dağıtma ideyası deyil, dağıdıcılıq enerjisi də, leksikon da rejim qəzeti ilə ekiztaydır. Rüstəm Ibrahimbəyov uzun-uzadı çalışmalardan sonra getdirildi, indi Cəmil Həsənli başlıca qınaq – getdirmə obyektinə çevrilib. Indiyədək Milli Şura Rüstəm Ibrahimbəyovla sintezləşdirilməklə (“Rusiya projesi”) gözdən salınırdı, indi Cəmil Həsənli ilə sintezləşdirilməklə (“uğursuz lider”) Milli Şura “böhranlı”, “siyasi bankrota” uğramış qurum adlandırılır.
Burası bilərəkdən gözardı edilir: “uğursuz lider” Cəmil Həsənli çox az bir arada, üstəlik, çox çətin, əlverişsiz durumuda bir sıra bəlli müxalifət liderlərinin son 20 ildə edə bilmədiyini etdi: bir yandan xalqın böyük sayğısını, sevgisini, o biri yandan seçkidə 65 faizlik uğur qazandı. Bu uğurlar eləcə də, bizim bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, Milli Şuranın uğuru sayılmalıdır. Bu uğurlar eləcə də millətçi, demokrat olaraq bizim birgə uğurumuz deməkdir. Kimliyindən asılı olmayaraq, bu uğuru dananlar, bu uğuru yoxa sayanlar bizdən deyillər. Onlar kimliyindən asılı olmayaraq, bizim milli, demokratik uğurlarımıza qarşı çıxanlar, bununla da düşmən düşərgəyə işləyənlərdir. Gəlin Milli Şuranı ürəyimiz istəyincə ələşdirək, qınağa tutaq, ancaq doğru-düzgünlüklə, rejimin doğurduğu sosial-siyasi gerçəkləri göz altına almaqla, bu gerçəklərdən çıxış etməklə!
Balaca bir yazıda bir yandan Milli Şuranı buraxmaq çağırışı edilir, o biri yandan belə bir buyruqda bulunulur: “Fakt budur ki, Milli Şura özü gedib arxivə”. Çox gözəl, Milli Şura “özü arxivə gedib”sə, onu buraxdırmaq çabaları nə üçündür? Bəlkə, rejimin bu gərgin çalışma FAKTINI görüb gərəyincə dəyərləndirməsi üçün? “Zamanında müxalifətin DUH, SIDSUH, Demokratik Konqres, ”Bizim Azərbaycan” Bloku, “Azadlıq” Bloku, olub. Milli şura onların uğurlarının onda birini də təkrarlaya bilmədi”. Mən buradakı böyük yalanı bir qırağa qoyur, bu gün üçün daha aktual olanın üzərində dayanıram: sonuncu birlikdən öncəki Birliyin – Azadlıq blokunun. Azadlıq bloku 2005-ci ilin parlament seçkisində gerçəkdən çox böyük uğur qazandı. Rejim bu uğuru tanımadı. Niyəsi bəllidir. Bu gün Milli Şuranı dağıtmağa qalxanların 2005-ci il seçkisi başa çatar-çatmaz Azadlıq blokunu dağıtmağa qalxışmaları nədən ötrüydü? Indi olduğu kimi, onda da bir sıra müxalifət liderlərinə Rusiya damğası vurulur, rejim mediası ilə yandaşlıq içində müxalifətin böyük, uğurlu Birliyini dağıtmaq üçün çarpışma aparılırdı. O çağlar Azadlıq blokunu “uğursuz” adlandıranlar indi Milli Şuranı “uğursuz” adlandırırlar. O çağlar isti-isti, seçki bitər-bitməz Azadlıq blokunu dağıtmağa girişənlər indi Milli Şuranı YUBANMADAN dağıtmağa çalışırlar. Arqumentə baxın: “Milli Şura tezliklə buraxılmalı, bunun ardınca müxalifət 2015-ci ilin parlament seçkisinə hazırlaşmalıdır”. Bu kimin projesidir? Sözsüz, Ramiz Mehdiyev administrasiyasının! 20 ildən bəri müxalifət Birliklrərini dağıda-dağıda gələnlər, bununla da xalqın müxalifətə inamını BANKROTA uğradanlar indi rejim gərəyi olaraq müxalifətin ortadakı Birliyini buraxıb-dağıtmağa çağırırlar. Bir az keçəcək, yenə birlik havası çalacaq, müxalifətin yeni birliyinə gərək yarandığını söyləyəcəklər. Yeni birlik yaranacaq, sonra aldıqları tapşırığa uyğun olaraq onu dağıtmağa girişəcəklər. Uzun illərdən bəri olduğu kimi…
Arada Cəmil Həsənliyə olduqca sıcaq yanaşmada da bulunurlar: “Cəmil Həsənli kimi dəyərli tarixçinin tariximizə həsr etməli olan qızıl vaxtını burada (Milli Şurada. – X.B.) itirməsinə cəhd göstərmək elə tarixi cinayət deyilmi?”. Sevgiyə, sayğıya baxın, adamı az qalır ağlamaq tuta! Hansı cinayətkarsa Cəmil Həsənlinin qızıl VAXTINI Milli Şurada itirməsinə CƏHD göstərməklə TARIXI CINAYƏTƏ yol verir. Bir sıra başqa yazılarda o “cinayətkarın”adı da çəkilir. Beləcə aldanaraq “Cəmil Həsənli kimi dəyərli tarixçi” Milli Şurada “qızıl vaxtını itirir”. Itirir! Milli Şuranın bunların gözündəki, gərəyi, dəyəri bir daha faktiki olaraq ortaya çıxır! Elə buna görə də… Karfagen dağılmalıdır!!!
Mən Cəmil Həsənlinin, demək olar, bütün kitablarını oxumuşam. Bunlar tariximizlə bağlı arxivlərdə çoxillik, çətin çalışmaların sonucu olaraq ortaya çıxan olduqca dəyərli yaradıcılıq işləridir. Bir yol yazmışam, bir daha yazıram: bu işlər çoxdan gərəkən dəyərini almalı, bir çox ödüllərlə yanaşı Cəmil Həsənliyə Dövlət ödülü verilməli idi. Ancaq Milli Varlığımızın da, Tariximizin də aşındırıldığı, danıldığı, tapdandığı bir rejimdə Cəmil Həsənli kimiləri dövlətdən gərəkən dəyəri ala bilərmi? Mən “yox” demirəm, “yox”u siz oxucular deyin. Mənimsə dediyim budur: rejimin bütün media qurumları ilə dışladığı Cəmil Həsənlini müxalifət düşərgəsində bir qrup kimsənin də dışlaması nə deməkdir? Cəmil Həsənli bu gün aşındırılan, danılan, tapdanan sevgili tariximizə gərək olduğundan qat-qat artıq aşındırılan, danılan, tapdanan sevgili xalqımıza gərəkdir. Tariximizi yağı saldırısından, yağı aqressiyasından yalnız xalqımızı yağı saldırısından, yağı aqressiyasından qurtarmaqla qurtara bilərik. Yalnız Milli Varlığımızın gerçək dəyərini özümüzə qaytarmaqla Tariximizin gerçək dəyərini özünə qaytara bilərik. Bəlkə də, yanılıram, ancaq mənə elə gəlir 20-ci yüzil tariximizi gərəyincə, yetərincə araşdırmış Cəmil Həsənli bu gün bu gerçəyi – Milli Varlığımızın gerçək dəyərini özümüzə qaytarmaq gerçəyini – bizim hamımızdan gözəl anlayır! Kimliyindən asılı olmayaraq, bu gün bizə belə lider gərəkdir. Bilirik: uzun illərdən bəri ANTIMILLI rejimə qulluq yolu tutanlar, bu yolda illərlə çeşidli qazanc yiyəsi olanlar üçün Cəmil Həsənlinin müxalifət Birliyinin başında durması dözülməzdir. Biz onların bu durumuna anlayışla yanaşırıq, ancaq… YOLUMUZU kəsməsinlər, əl-ayağımıza dolaşmasınlar!..
Biz bütünlüklə bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, Milli Şuranı müxalifətin sonuncu Birlik modeli olaraq hamılıqla qorumağa borcluyuq. Bu bizim birinci, YURDDAŞLIQ, YURDSEVƏRLIK borcumuzdur; ikinci, SIYASI-IDEOLOJI borcumuz! Bu bizim eləcə də ÖZGÜR, DEMOKRATIK AZƏRBAYCAN idealını gerçəkləşdirməyə borclu oluğumuz Milli Liderimiz, Ulu Öndərimiz Məhəmməd Əmin Rəsulzadə qarşısında borcumuzdur!
07.01.2014