Müstəqilliyimiz – “Quru ərzaq dəsti”

Ilham Əliyevin yeni kadrları sayəsində adı olan, özü olmayan iş yerlərindən nəhayət səs-soraq gəldi: yeni müdafiə nazirinin əmrinə əsasən işsiz Azərbaycan qadınları bundan sonra hərbi hissələrin mətbəxlərində çəngəl-bıçaqla hünər göstərib, maaş alacaqlar. Qələbə bizimdir, urra! 

Əziz və möhtərəm qadınlar, əgər içinizdə oxuyan, oynayan və yaxud bir şey çalmağı bacaran varsa, üzr istəyirəm, əgər aranızda dadlı xörək bişirən, kartof-soğanın qabığını nazik soyan, qabları təmiz yuyan, bir sözlə, mətbəxdəki qəhrəmanlıqlarına görə ərindən, uşaqlarından “təşəkkür” medalları alan evdar qadınlar varsa, təcili hərbi hissələrə iş üçün müraciət edə bilərlər. Müdafiə Nazirliyinin kadr dəyişikliyinə əsasən, bundan sonra əsgərlər üçün yeməyi kişilər yox, yaşı 40-ı keçən qadınlar bişirəcək. Böyük dəyişiklikdir, çoxdan lazım idi. Yeni nazirdən hamı örnək götürməlidir: indi balaca bir sexə rəhbərlik edən bığıburmalar yaşı 35-dən yuxarı qadını xadimə işinə də götürmürlər. Onlar iş axtaran qadınların əvvəlcə yaşına, sonra ayaqlarına, belinə, dişlərinə baxırlar. Sanki qadın idarəni yığışdırmaq üçün yox, müdirin atı olmaq üçün işə götürülür. Qadınlara, ümumiyyətlə, iş axtaranlara at, eşşək, qoyun, quzu kimi baxan rəhbərlər yeməyə saman da tapmasınlar, ailəliklə, heyvanların axurunda yem axtarsınlar! Amin! 

Kim bilir, bəlkə, əsgər ölümləri hərbi hissələrdə yemək bişirən bığıburma, enlikürək kişilərin üzündən baş verirmiş. Kişi də kişi üçün yemək bişirər? Heç şübhəsiz, aşpaz kişi soğan qovuranda, kartof soyanda ölkəni xarabalığa çevirənləri, Qarabağı işğal edənləri xəyalən döyür, güllələyir, asır, işgəncə verir… və onun fikrindəki  davalı xəyallar bişirdiyi yeməklərə çökür. Həmin yeməkləri zabitlər, əsgərlər yeyən kimi cuşa gəlir, bir-birini güllələyir, bıçaqlayır, müəmmalı halda intihar edirlər.

On səkkiz il əsgərlər üçün kişilərə yemək bişirtdirən keçmiş müdafiə naziri Səfər Əbiyev qadın əlləri dəyən yemək üzünə həsrət qalsın! Amin! Ölkədə böyük kadr dəyişiklikləri edən yeni müdafiə naziri Zakir Həsənova eşq olsun! Heç şübhəsiz, bundan sonra aşpaz qadınlarımız yeməyi böyük sevgi və məhəbbətlə bişirib, “əsgərlərimiz ölməsin, ordu morqa dönməsin” şüarını deyə-deyə əsgərlərə paylayacaqlar və nəticədə hərbi hissələrdə əsgərlər bir-birini qucaqlayıb “yaşamaq gözəldir, qardaşım” mahnısını oxuyacaqlar.  

Yeni müdafiə nazirinin etdiyi dəyişikliklərin say-hesabı bilinmir. Məsələn, Bakı və onun ətrafında uzun müddət idi məskən salan tankçılara əmr olundu ki, tanklarını minib Mingəçevirə kimi irəliləsinlər. Böyük uğurdur! Mingəçevirdən Qarabağa getmək çox asandır. Doğrudur, tankçılarımızın Bakıdan uzaqlaşması şəxsən mənim üçün çox kədərli xəbər oldu, bir xeyli üzüldüm. Tankçı qohumum məhəlləmizdən gedəndə o qədər ağladım ki, onun mənə bağışladığı “Əsgər payı” qutusundakı 15 ədəd ətirli yaş dəsmalın hamısını hönkürtülərimlə qurutdum. Yeri gəlmişkən, qutunun üst və yan tərəflərinə Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir” sözlərinin qabağına “QURU ƏRZAQ DƏSTI”nin niyə yazıldığını ancaq Səfər Əbiyev bilər, çünki qutu onun nazir olduğu vaxtlarda hazırlanıb. Hər dəfə tankçı dostumun məhəllədən keçdiyi yola baxanda möhkəm kövrəlib, bayatı deyirdim: 

“Burdan bir tankçı keçdi,

Tankın oynadıb keçdi.

Ay kimi şəfəq saçıb,

Gün kimi batıb keçdi”.

Amma üzülməyə dəyməzmiş, yeni nazir bizi müdafiəsiz qoymadı: tankçıları apardılar, onların yerinə təyyarəçiləri gətirdilər. Zakir Həsənovun etdiyi böyük dəyişikliklər sayəsində, daha bundan sonra nəinki gündüzlər, hətta gecələr də arxayınlıqla küçəyə çıxmaq olar. Ilham Əliyevin, yeni nazirlərin, köhnə müxalifətin etdiyi dəyişikliklərdən ruhlanaraq mən də milli dəyişiklik etməyə qərar verdim: müstəqilliyimi əbədi, sarsılmaz, dönməz hiss etmək üçün “Ağacan Qızı” birliyindən çıxıb, Məlahət Ağacan oldum. Heç şübhəsiz, bu qərardan sonra mütləq canımın ağası olaram. Bir mahnıda deyildiyi kimi, hər şeyi sıfırlayıb, hər şeyi unudub, yeni bir həyata başlamaq mümkündür.

20 ildən çoxdur DƏYIŞIKLIK üzünə həsrət qalan dözümlü xalq, səbrli millət! Kadrları, partiyaları, adları dəyişib “böyük işlər” görənlərdən nümunə götürün: heç olmasa evdə mebellərin, bağda ağacların, soyuducuda ərzaqların, şkafda paltarların… yerini dəyişin. 20 il də belə “böyük dəyişikliklər”lə kef edək…