Ölümdən əvvəlki həyat…

Keçən il Harvard Universitetinin professoru və məşhur neyrocərrah olan Eben Aleksandr haqqında maraqlı bir yazı oxumuşdum. Peşə fəaliyyəti müddətində onlarla cərrahiyyə əməliyyatı aparan həkim hər şeyin sirrini elmdə arayıb və axirətlə bağlı fikirlərə heç bir inamı olmayıb. Amma 2008-ci ilin payızında onun özü komaya düşüb. Bir həftə ölümlə həyat arasında qalan neyrocərrah ayıldıqdan sonra bildirib ki, o, cənnətə səyahət edib. Cərrah o dünyanı təsvir edərək, sonda mələklərin bələdçiliyi ilə nəhəng bir boşluğa gəlib çıxdığını deyir. Bu qaranlıq boşluqda özünü sonsuz dərəcədə gözəl hiss edən Aleksandr əmindir ki, həmin boşluq Allahın evi olub. Özünə gəldikdən sonra cərrah ölümdən sonrakı həyatın olmasına heç bir şübhəsi qalmadığını deyir: “Mən əvvəlki kimi həkiməm və yenə də elm adamı olaraq qalıram. Lakin daxilimdə əvvəlki adamdan çox fərqlənirəm. Çünki mən reallığın yeni mənzərəsini görmüşəm”.

Bunu yada salmaqda məqsədim müqəddəs kitablarda yazılanların elm aləmində etiraf olunmasına nümunə göstərmək deyil. Sadəcə, son günlər ölkədə yayılan intiharlar fikrimdə dolaşarkən, Eben Aleksandrın bu sözlərini xatırladım…

Əslində, neyrocərrahın dediyi haqq dünyası ilə məsələ aydındır. Əsas dərd burada, bu nahaq dünyada baş verənlərdən baş çıxarmaqdır ki, yanlış istiqamətə getməyəsən. Yenə bir dostumun almanlara istinadən söylədiyi “unutma ki, ölümdən əvvəl də bir həyat var” deyimini xatırlayıram. Şübhəsiz, bu dünyada sözün əsl mənasında insan kimi yaşamaq asan məsələ deyil, xüsusilə, insani dəyərlərin bütün şkalaların altına düşdüyü yerlərdə. Amma bu da bütün acığı, qəzəbi və qisası özünə yönəldib, canına qıymağa əsas vermir. Özünəqəsd çarəsizliyin son həddidir hər halda. Nə yazıq ki, insanlar o həddə çatdıran səbəb və səbəbkarlara üsyan etməkdənsə, həyatına son qoymağı çıxış yolu sayır. Elə bütün müqəddəs kitablar da özünəqəsdi bu üzdən günah hesab edir.

Faiz nisbəti ilə götürsək, dünyada baş verən intiharların təxminən 80%-i çarəsizlikdən, inamsızlıqdan və ümidsizlikdən yaranan psixoloci sarsıntıların payına düşür. Yola saldığımız son iki həftədə bir-birinin ardınca baş verən dəhşətli intihar hadisələrini seyr etməkdəyik. Bu ürək parçalayan faciələrə şahidlik edərkən, içindən keçən acı təəssüf hissini də dilə gətirməyə bilmirsən. Sanki bu ölkənin insanları yaşamaqdan daha çox ölüm havasına köklənib. Sanki onlarda öz haqlarına sahiblik təəssübkeşliyindən çox, zəiflik və təslimçilik boşluğu var. Bu ölkədə insanların şəxsi hüquq və mülkiyyət toxunulmazlığına müdaxilə artıq adi hala çevrilib. Bəs hardadır o insanların bu ədalətsizliklərə qarşı ucalan etiraz səsi? Axı nədən o insanlar kütləvi etiraz aksiyalarında meydana çıxıb narazıların sırasında dayanmağı özlərinə borc bilməsinlər? Hər kəs sıranın mütləq özünəmi gələcəyini gözləyir? Həqiqətənmi, kütləvi intiharlar kütləvi etirazlardan və dirənişlərdən daha asandır? 

Bəli, insanlar çox halda öz səyləri ilə bir şeyə nail ola bilməyəcəyini düşünərək ölüm yolunu seçirlər. Əslində isə, ölümdən əvvəlki həyat bütün zorluqlara rəğmən pozitiv və rahat yaşamağın bütün kodlarını verir. Məncə, bu kodların açarı öz azadlığını və haqqını kimsəyə yedirməməkdə, ədalət mübarizəsində sona kimi təslim olmamaqdadır. Aydın məsələdir, yollar gec-tez o dünyaya aparır. Eləsə, davanızdan vaz keçərək, nə mübarizə ruhunuzu, nə də özünüzü  öldürməyin!

Səadət Cahangir