Bu ölkədə şadlıq sarayları, idman kompleksləri, villalar, yanacaqdoldurma məntəqələri, Heydər parkları kifayət qədərdi. Ancaq tendensiya onu göstərir ki, ölkədə yeni rekord gözlənilir və yeni “brend” sayına görə yuxarıda sadaladıqlarımızı geridə qoyacaq. Bəli, “Şərəf” və “Şöhrət”lilər sürətlə hücuma keçib və belə getsə YAP “Şöhərətlilər” partiyası olacaq.
Ölkə başçısı Ilham Əliyev Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və Idarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini Mübariz Qurbanlıya 60 yaş münasibətilə “Şöhrət” ordeni verib. Artıq bu ölkədə ordenlər doğum günü hədiyyəsinə çevrilib. Mən hesab edirəm ki, ən azı 2014-cü ilin sonuna qədər Siyavuş Novruzov da Şərəflənməli və ya Şöhrətlənməlidir. Insafən bu adamın xidmətləri Mübariz Qurbanlıdan heç də az deyil. Adam həftənin 7 gününü Milli Şuranı ağ yuyub, qara sərir. Bu qurumu gah “ölü doğmuş uşaq”, “ölü canlar”, gah da “antimilli” adlandıraraq tər töküb. Əslində mən ədalət prinsipinin qorunması üçün ölkə rəhbərliyinə şöhrətə layiq olanların ardıcıl siyahısını təqdim edə bilərəm. Necə ki, müxalifət düşərgəsində “narkoman”, “ünsür”, “element”, “erməni dəyirmanına su tökənlər” kimi təltif olunmuşlar var, eləcə də hakimiyyət düşərgəsində “şərəf” və “şöhrət” mücəssəməsi olan “fədakar” igidlər var. Ancaq bu “Şöhrət”lərin sonrasından ehtiyatlı olmaq lazımıdır. Səhv etmirəmsə Onore de Balzakın sözüdür: “Şöhrət çox bahalı, lakin tez xarab olan maldır”. Bəli, “Şöhrət” ordeni inkubator kimi cərəyan edəndə “brak” məhsula çevrilir. Bu ölkədə xeyli adam var ki, ona şərəf və şöhrət ordeni versən, adamı öldürər. Çünki bu ordenlərin çox pis nümunələri və nümayəndələri var.
Ancaq bütün bunlara görə kədərlənməyə dəyməz. Höte “Insanlar ancaq layiq olduqları şöhrətə sahib ola bilərlər” deyirdi. Elə bir zaman gələcək ki, yaşadığımız 20 ilin mənfi qəhrəmanlarını araşdıranda “Şöhrət” və “Şərəf”lər köməyimizə çatacaq. Tarixin bütün dönəmlərində xeyirlə-şərin, zülmətlə-işığın, alimlə-cahilin qarşıdurması olub və daşlar yerinə oturanda hər kəs öz qiymətini alıb. Əminəm ki, bu gün şərlənərək həbsə atılan mübariz insanların həyatından söhbət düşəndə, onları ittiham olunduqları maddələrə görə deyil, siyasi mövqelərinə, haqlı mübarizələrinə görə xatırlayacaqlar. Onda əsl şərəfin, əsl şöhrətin sahibinin kimlər olduğu məlum olacaq.
Ötən ilin son günləri faciəli olayla müşahidə olundu. Qarabağ qazisi Zaur Həsənov özünü yandırdı və onun həyatını xilas etmək mümkün olmadı. Məlum oldu ki, bu yanğına səbəb olan “Şərəf” ordenli Səttar Mehbalıyevdir. Bu kimi faktlar yetərincədir və məhz belə faktlara görə insanlar məlum ordenlərin “şərə xidmətə” görə verildiyi qənaətindədirlər.
Bu ölkənin şöhrətlənməsini, vətəndaşların şərəfli ömür yaşamasını istəyənlər bir qayda olaraq töhmət ordeni alırlar. Bu töhmətə haqq qazandıranlar isə şöhrətlənirlər.
Müəllifin adını unutmuşam, amma fikir təxminən belə idi: “Sənin şöhrətin sənin kölgən kimidir – o gah səndən qabaqda, gah arxada gedir, bəzən səndən böyük, bəzən isə kiçik olur”.
Düşünürəm ki, “Şərəf”, “Şöhrət” kimi ordenlər vətənə, millətə xidmətə görə verilməyəndə, onu qəbul edənlər bu mükafatı nə vaxtsa gizlədəcəkləri üçün aldıqlarını bilirlər.
Allah bizi “şöhrətlilər”dən qorusun.
İlham Hüseyn