Müsavatın arqumentləri əsassız sayılır

Hazırda mətbuatda ciddi müzakirə olunan mövzulardan biri Müsavat Partiyasının Milli Şuranı tərk etməsi haqda qərardır. Müsavat Partiyasının Milli Şuradan getməklə bağlı qərarı onunla əsalandırılır ki, Milli Şura prezident seçkisi üçün yaradılmış müvəqqəti seçki bloku olduğu üçün partiya bu qurumdan ayrılır. Müsavat Partiyasının rəhbərliyi mətbuatda Milli Şuradan ayrılmasının bir sıra başqa səbəblərini də göstərib. Müsavat başqanının müavini Gülağa Aslanlı partiyanın Milli Şuradan getmə səbəblərindən danışarkən bildirib ki, Müsavat Partiyasının bu qərarı uzun müzakirələrdən sonra qəbul olunub: «Seçkidən sonra Müsavat Partiyası dörd təklif irəli sürüb. Birinci, Rüstəm İbrahimbəyov ləyaqətlə yola salınsın, ikinci Cəmil Həsənli Milli Şuranın sədrliyinə gətirilsin, üçüncü, təşkilatın hədəfləri dəqiqləşdirilsin və nəhayət dördüncü, Milli Şuranın idarəetməsi təkmilləşdirilsin. İlk 2 təklif gerçəkləşsə də, son iki təklif haqında ortaya bir mövqe qoyulmur. Milli Şuranın bu gün bəlli hədəfləri yoxdur. Kifayət qədər vaxt itkisinə yol verilib».

Eldəniz Quliyev: «Milli Şura seçki bloku kimi deyil, demokratiyaya keçidi qarşısına məqsəd qoyan təşkilat kimi yaradılıb»

Səsləndirilən fikirlərlə bağlı «El» Hərəkatının Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyevin mövqeyini öyrəndik. E.Quliyev bildirdi ki, Milli Şura yaradılarkən seçki bloku kimi nəzərdə tutulmayıb: «Bunu Müsavat Partiyası da gözəl bilir. Bir neçə ayın içində Müsavat Partiyası tərəfindən absurd səbəblər ortaya qoyulmaqdadır. Bu da ondan irəli gəlir ki, Müsavat Partiyası əvvəlcədən Milli Şuranın yaranmamasında maraqlı olub. Milli Şura seçki bloku kimi yaradılmamışdı. Bu təşkilat qarşısına məqsəd kimi avtoritarizmdən demokratiyaya keçidi qoymuşdu. Ümumiyyətlə Müsavat Partiyası bəhanələr partiyasına çevrilməkdədir». Müsavat Partiyasının Milli Şuranın işinin effektivliyinin təşkili üçün irəli sürdüyü təkliflərin müzakirə edilməməsinə gəlincə isə E.Quliyev bildirdi ki, bu da heç bir əsası olmayan bəhanələrdir. Çünki Milli Şuranın növbəti sessiyalarında bu istiqamətdə müzakirələr nəzərdə tutulmuşdu: «Bu müzakirələri Milli Şura təşkil etməli idi. Bu müzakirələri heç kim Milli Şuranın əvəzinə həyata keçirməyəcəkdi. İşin effektiv təşkilini Milli Şuranın sessiyası həyata keçirməli idi. O cümlədən Milli Şuranın təssisçiləri bu məsələyə diqqət göstərməli idi. Ona görə düşünürəm ki, bu məsələdə də Müsavat Partiyası səmimi deyil». G.Aslanlı Müsavatın Milli Şuradan çıxmasının bir səbəbi kimi də Cəmil Həsənlinin «biz Müsavat Partiyasının təşkilatdan çıxmasını arzulamırıq, amma hətta Müsavat gedərsə belə, Milli Şura fəaliyyətini davam etdirəcək» fikrini göstərir. E.Quliyev hesab edir ki, Müsavatın gətirdiyi arqumentlərin heç biri, o cümlədən bu fikir tənqidə dözmür: «Əslində bu fikir siyasi polemikaya başucalığı gətirməyən bir fikirdir. Yəni mənim getməyimin də bir səbəbi də haqqımda söylənən fikirdir. Və ya Müsavatın başqa bir arqumenti Əli Kərimli Rüstəm İbrahimbəyova fəxri sədrliyi bizlə razılaşdırmadan irəli sürdü. Bütün bu səslənən fikirlər ciddi sayıla bilməz».

Fuad Qəhrəmanlı: «Milli Şuranın seçki bloku olduğu arqumenti əsassızdır»

Müsavat Partiyasının Milli Şuradan getməklə bağlı rəsmi qərarına AXCP sədrinin müavini Fuad Qəhrəmanlının münasibəti isə belə oldu. F.Qəhrəmanlının fikrincə, Müsavatın bu əsaslandırmasının bəhanə olduğunu bir neçə faktla sübut etmək mümkündür: «Əvvəla Milli Şuranın heç bir sənədində bu qrumun seçki bloku olduğu göstərilməyib. Təsis bəyannaməsində qrumun ölkədə demokratik dəyişikliklərə nail olmaq məqsədi ilə yaradıldığı bildirilir. Prezident seçkisi bu prosesdə bir mərhələ kimi nəzərdə tutulur. Prezident seçkisi iki aydan artıqdır ki, başa çatıb. Ancaq Müsavat Partiyası bu günə qədər bir dəfə də olsa Milli Şuranı seçki bloku olduğu üçün tərk edəcəyini səsləndirməyib. Əksinə, İsa Qəmbər 3-4 gün öncə “Yeni Müsavat” qəzetinə verdiyi son müsahibədə qrumun fəaliyyətini gücləndirmək üçün onun idarə olunmasına, rəhbərliyinin formalaşmasına və s. dair 4 təklif verdiyini və bir çoxunun da həyata keçrildiyini bildirib. İsa bəy özü də təsdiq edib ki, onlar Milli Şuraya heç də müvəqqəti seçki üçün yaradılmış blok kimi baxmırlar. Əksinə, bu qrumu gücləndirmək, fəaliyyətini davam etdirmək üçün hətta təklif də verirlər. Hətta İsa bəy bir neçə gün öncə Müsavat Məclisində çıxış edən zaman Milli Şuradan ayrılmaq fikrində olmadıqlarını bildirmişdi. Demək, bu halda Milli Şuranı seçki ilə bağlı yaranmış müvəqqəti qurum olduğu üçün tərk etməklə bağlı Divanın qərarındakı bəhanəni İsa bəy 3-4 gün öncəki müsahibəsi və çıxışı ilə təkzib etmiş olur. Məntiqlə Müsavat Partiyası əvvəlcədən Milli Şuraya müvəqqəti seçki bloku kimi baxmış olsa idi İsa bəy bu fikirləri söyləməməli idi».

F.Qəhrəmanlının fikrincə, bundan başqa R.İbrahimbəyov Milli Şuranın fəxri sədri olduğu müddətdə Müsavat rəhbərliyi bir dəfə də olsun Milli Şuranı müvəqqəti seçki bloku adlandırmayıb. F.Qəhrəmanlı hesab edir ki, çünki o zaman Müsavat Milli Şuradan ayrılmaq bəhanəsi kimi R.İbrahimbəyovun fəxri sədrliyini əsas gətrirdi: «Rüstəm bəy istefa verəndən sonra isə ortada başqa əsas qalmadığı üçün, birdən birə Milli Şuranı müvəqqəti seçki bloku adlandırmaq bəhanəsi ortaya atıldı», deyə F.Qəhrəmanlı vurğulayıb.

F.Qəhrəmanlının qənaətincə, Müsavat Partiyası Milli Şuradan ayrılmaq barədə qərarını əsalandırmaq üçün Milli Şuranı prezident seçkiləri üçün yaradılmış müvəqqəti seçki bloku adlandırmaqla həm cəmiyyəti, həm də sıravi müsavatçıları aldadıb: «Müsavatın əvvəlcədən belə bir qərarı var imiş və bundan ötrü sadəcə bəhanə axtarılırmış. Bu aldatmanın arxasında yalnız bu qərarı qəbul etmiş bir qrup şəxsin özəl, korporativ marağı dayana bilər. Əgər belə deyilsə, o zaman nəyə görə Divanın qəraında doğru olmayan,yanlış əsaslandırma yer alıb? Ortada yalan varsa, deməli sıravi müsavatçılardan və cəmiyyətdən gizlədilən bir iş, maraq da var.Bax əsas məsələ də bundadır».

Xəyal