Milli Şura üzvləri Müsavatın qərarını pisləyir

“Bu addım hakimiyyətə vəziyyətdən çıxmaq imkanı yaradır”

“Müsavatı “konstruktiv müxalifət” rolu oynamağa hazırlayırlar”

Müsavatın Milli Şuradan çıxması siyasi gündəmin əsas mövzusudur. Partiyanın bu qərarını əsaslandırmaq üçün göstərdiyi səbəbləri Milli Şura üzvləri ciddi saymırlar. Qurum üzvləri Müsavatın yanlış addım atdığı qənaətindədirlər.

İstiqlalçı deputat, Milli Şuranın üzvü İbrahim İbrahimli:
– Müsavatın bu addımının məntiqini anlaya bilmirəm. İsa Qəmbər Milli Şurada təkliflərlə çıxış etmişdi və öz müsahibəsində bu təklifləri qruplaşdırmışdı. Demək olar ki, bu təkliflərin hər biri yerinə yetirildi. Qurumun sədr aparatının yaradılmasından tutmuş, Rüstəm İbrahimbəyovun istefasına qədər bütün istəklər nəzərə alındı. Bütün bunlardan sonra Müsavatın belə addımı onu göstərdi ki, indiyə qədər səslənən arqumentlər bəhanədən başqa bir şey deyil.
Milli Şuranın missiyasını başa vurması arqumenti də, qurumun bəyannaməsi ilə ziddiyyət təşkil edir və bu bəyannamə Müsavatın da iştirakı ilə qəbul olunub.
Müsavat öz bəyanatında bildirir ki, Milli Şura heç bir uğura nail ola bilmədi. Halbu ki Milli Şura hakimiyyətin qeyri-legitimliyini beynəlxalq müstəviyə çıxara bildi, hakimiyyətin özünü qalib hesab etməsinə imkan vermədi. Belə bir məqamda Müsavatın addımı hakimiyyətə vəziyyətdən çıxmaq imkanı yaradır və müxalifəti öz hədəfindən yayındırır. Ona görə də Müsavatın addımına heç bir halda haqq qazandırmaq olmaz. İstənilən halda bu addım hakimiyyətin maraqları ilə üst-üstə düşür. Ancaq vəziyyət çıxılmaz deyil və Milli Şuranın fəaliyyətinin gücləndirilməsi əsas vəzifəmizidir. Milli Şura toparlanacaq və bu vəziyyətdən Müsavat məğlub çıxacaq.

VAMBP sədri, professor Hacıbaba Əzimov:
– Müsavat partiyasının qərar qəbul etmək hüququ var və bu, onların seçimidir. Ancaq “Milli Şura öz missiyasını başa çatdırdı” demək düzgün deyil. Milli Şura oyun deyil, xalqın sifarişidir. Çox təəssüf edirəm ki, Müsavata yaxın olan çevrələr Milli Şura haqqında lazımsız ifadələr işlədirlər. İsa Qəmbər seçkidən sonra Cəmil müəllimə “Cənab prezident, sizi təbrik edirik” deyə xitab etdi. Bundan sonra Milli Şura haqqında real olmayan fikirlər səəsləndirmək biabırçılıqdır. Milli Şura ləyaqətli insanların birliyidir. Kim gedirsə öz işidir, ancaq gedədən sonra Milli Şuranın arxasınca danışmaq düzgün deyil. Hakimiyyət istəyirdi ki, Milli Şura dağılsın və bəzi funksionerlər də bu istəyə uyğun hərəkətlər edirlər. Ancaq, Milli Şura dağılmayacaq, yaşayacaq və daha uğurlu fəaliyyət göstərəcək.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı:
– Müsavat partiyası düşündü və yekun qərarını verdi. Yəqin Milli Şura Müsavatın maraqlarına uyğun deyil. Ancaq bunu faciəyə çevirmək lazım deyil. Milli Şurada başqa partiyalar, QHT nümayəndələri, hüquqşünaslar, gənclər təşkilatları var və daha da təşkilatlanaraq qurumu gücləndirməliyik. Milli Şura öz missiyasın başa vurmayıb və bu arqumentlər əsassızdır. Milli Şura ictimai dəstək qazanıb və düzgün qərarlar qəbul edərək yoluna davam etməlidir. Zaman gələcək ki, Müsavat partiyası Milli Şuraya qayıtmaq zərurəti duyacaq.

Ədliyyə generalı, Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal:
– Milli Şura missiyasını başa vurmayıb. Müsavat Partiyası bu qərarı əsaslandırmalıdır. Çünki Milli Şuranın bəyannaməsində avtoritarizmdən demokratiyaya keçid nəzərdə tutulur. Əgər Müsavat hesab edirsə ki, Azərbaycanda demokratiyaya keçid təmin olunub, o zaman bunun izahını da verməlidir. Biz Müsavat Partiyası kimi ictimai-siyasi həyatda müəyyən rol oynamış bir təşkilatın mübarizə meydanı olan Milli Şuranı tərk etməsinə təəssüf edirik. Ancaq “hər şərdə bir xeyir var” misalı da var. Düşünürəm ki, Milli Şura öz məqsədinə çatana qədər yaşayacaq və bütün mübariz insanları bir araya gətirməkdə davam edəcək.

Milli Şuranın üzvü, jurnalist Şahvələd Çobanoğlu:
– Seçkidən sonra Müsavat Milli Şuranın sədr və fəxri sədr məsələsini ortaya atmışdı. Bu məsələdə Müsavata güzəştə gedildi. Amma gördük ki, onların gətirdiyi səbəblər bəhanə imiş. Baxın, seçkidən sonra Müsavat Partiyası seçkinin nəticələrindən məmnun idi, Cəmil bəyi qələbəyə görə təbrik etdilər, özlərinin seçkidə aparıcı rol oynadıqlarını tez-tez bildirdilər. Amma sonra seçkinin nəticələrini də təftiş etdilər, hətta təzadlı və ədalətsiz şəkildə. Sonuncu dəlilləri budur ki, Milli Şura yetərli olmadı. Məgər son 20 ildə yetərli olmadığına görə, hansısa partiya buraxılıbmı, kimsə siyasətdən gedibmi? Əvvəllər niyə belə təftiş aparmırdılar? Hələ onu da nəzərə almaq lazımdır ki, son seçkilərdən biz daha az resursla bütün əvvəlki seçkilərə nisbətən daha yaxşı sonucla çıxmışıq. Əvvəllər olduğu kimi, hədəfə yetməmişik, amma ilk dəfə seçkilərə verilən beynəlxalq qiymət obyektiv olub. Cəmiyyət 2003-dəki kimi ümidsizlik təlatümü də yaşamayıb. Davam etməyə əsas verəcək bir nəticə var. Müsavatın addımı Milli Şuraya, demokratik proseslərə ciddi zərbədir və yalnız hakimiyyətin xeyrinə oldu. Heç Müsavatın da xeyrinə olmayacaq. Bizi özlərinə qarşı qərəzli saya bilərlər. Amma çıxsınlar cəmiyyətə, görsünlər onların son dövrlərdə etdikləri barədə cəmiyyətdə nə fikirləşirlər. İnsanlar “Yeni Müsavat”ı oxuyur və nə baş verdiyini gözəl anlayır. Bir qrup adam Müsavatı hakimiyyətə konstruktiv və dövlətçi müxalifət rolu oynamağa hazırlayır. Bizləri nifrətdə, radikallıqda qınayır. Belə çıxır ki, bu rejim hörmətə layiqdir və bunlar hörmət edərək mübarizə aparacaqlar. Amma bu havanı çox eşitmişik, bu yolu tutanları da görmüşük. İndi bunun nə ilə bitəcəyini bilmirəm. Müsavat mübarizə partiyasıdır, burada çox sayda təmiz, dürüst mübarizə adamı var. Təəssüf edirəm ki, onları sarsıdacaq bir sonluq ola bilər. Hazırda rəhbərlikdə olan bir qrup adam elə bir ovqat yaradıb ki, fərqli yanaşan hər kəsi Müsavat düşməni kimi qələmə verir, həqiqəti bilməyə mane olurlar. Amma bundan partiyanın və İsa Qəmbərin, ümumilikdə cəmiyyətin və hamımızın nə itirdiyini sanki görmürlər. Fəqət bütün hallarda cəmiyyətin mübarizəsi davam edəcək və bu hakimiyyət tarixin arxivinə gedəcək. Hətta Milli Şura tamam dağılsa belə.

Milli Şuranın üzvü, hüquqşünas Namizəd Səfərov:
– Biz hər zaman çalışdıq ki, bu birlik dağılmasın, pozuculuq faliyyətləri olmasın. Ona görə də Müsavatın bəhanələrinin qarşısını alırdıq, buna imkan vermirdik. İstəmirdik ki, cəmiyyətdə “Milli Şura dağılır” əhvalı yaransın. Bütün bunlara baxmayaraq, Müsavat bu addımı atdı. Ancaq bu addımın heç bir əsası yoxdur, ağlabatan arqument, ciddi səbəb göstərilmir.
Milli Şura iclas keçirdi və qurumun bütün üzvləri fəaliyyəti sona qədər davam etdirmək qərarı verdi. Müsavatın qurumdan getməsi faciə deyil. Əksinə, Müsavatın fəaliyyəti aktiv mübarizəyə maneə kimi qiymətləndirilir. Yəqin ki, Müsavatın gedişi Milli Şuranın fəaliyyətini daha da gücləndirəcək.

Professor Əli Abbasov:
– Milli Şura yalnız Müsavat partiyasından ibarət deyil. Bu qurumda digər siyasi partiyalar, təşkilatlar var və bunlar Milli Şuranı tərk etmək fikrində deyil. Müsavatın gedişi ilə Milli Şuranın fəaliyyətində heç nə dəyişmir. Sadəcə olaraq biz Müsavatın gedişindən təəssüflənirik. Digər tərəfdən, Milli Şuranın bəyannaməsinə nəzər salsaq görərik ki, Milli Şuranın missiyası yekunlaşmayıb, əksinə yeni başlayır.

HƏMÇİNİN BAX:

Müsavat Milli Şuradan getdi