Demokratik dəyərlərə hörmət olmasa, Azərbaycanın ABŞ-la münasibətləri həddsiz pisləşə bilər
Bir neçə gün əvvəl ABŞ-dan Azərbaycana iki mühüm mesaj gəldi. Birinci mühüm məqam ABŞ-ın dövlət katibi Con Kerrinin “Şahdəniz” təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı ilə bağlı təbrik məktubudur. Azərbaycanı uğurlu müqavilə münasibəti ilə təbrik edən Kerrinin məktubunda diqqət çəkən bir sıra detallar var. Kerrinin fikrincə, müqavilənin imzalanması Azərbaycan tarixində mühüm mərhələnin rəmzidir: «Özünün Avropa ilə birləşdirilməsi istiqamətində ilk addım atmaqla, Azərbaycan dünya enerji resurslarının etibarlı yeni mənbəyinə çevrilir… “Cənub” Qaz Dəhlizinin reallaşması konsorsiumun çoxsaylı tərəfdaşları və qonşuları üçün faydalı olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyini gücləndirəcəkdir. Azərbaycanın gələcəyə baxışı reallığa çevrildikcə Amerika Birləşmiş Ştatları adından Sizə davamlı dəstəyimizi vəd edirəm”. Göründüyü kimi məktubda açıq mətnlə ona işarə vurulur ki, imzalanan müqavilə Azərbaycanı Avropaya bir qədər yaxınlaşdırır. Və Azərbaycan Avrointeqrasiya istiqamətində addımlarını gücləndirdikcə, ABŞ-ın dəstəyinə arxalana bilər.
Daha bir maraqlı məqam ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin söylədiyi fikirlərdir. Kerrinin məktubunun fonunda keçmiş səfirin dedikləri də maraq doğurur. Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin yaxşılaşmayacağı təqdirdə, rəsmi Bakının ABŞ-la strateji partnyorluğunun mümkün olmayacağını deyən R.Kozlariç Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıqda nümayiş etdirdiyi qeyri-müəyyən mövqeyə də toxunub. Onun fikrincə, Bakının AB ilə assosiasiya sazişini imzalamaq istəməməsinin bir səbəbi də bu saziş üçün tələb olunan islahatlar qarşısındakı qorxudur. Hər iki bəyanatı təhlil edərkən Kozlariçin söylədiklərinin üzərində xüsusilə dayanmaq lazımdır. Əslində ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Kozlariç təcrübəli diplomat kimi ölkəmizdəki vəziyyətdən və Vaşinqntonun əhval-ruhiyyəsindən yaxşı xəbərdardır. Total saxtakarlıq şəraitində keçən 2013-cü il seçkilərindən sonra ABŞ Dövlət Departamentinin bəyanatının tonu Vaşinqtonun Azərbaycan hökuməti ilə münasibətlərdə yumuşaq xətdən imtinasının göstəricisidir.
Obamanın seçkidən sonra İlham Əliyevə məktubunda da ABŞ-ın demokratiya sahəsində Azərbaycan hökuməti ilə işləməyə hazır olduğu açıq aşkar bildirilmişdi. Bu baxımdan təsadüfi deyil ki, ABŞ dövlət katibinin İlham Əliyevə məktubunda da Azərbaycanın təkcə iqtisadi deyil, həm də siyasi cəhətdən Avropaya inteqrasiyasının vacibliyi vurğulanır. Obamanın məktubunda təklif olunan istiqamətlər üzrə ABŞ-la ciddi əməkdaşlıq olmayacağı halda münasibətlərin həddsiz pisləşəcəyi anonsu Kozlariçsin açıqlamasında ifadə olunub. Rusiyanın 2014-cü ildə Gömrük və Avrasiya İttifaqı ilə bağlı Azərbaycana da təzyiqlərinin ciddi şəkildə artacağı heç kimdə şübhə doğurmur. Azərbaycan hökumətinə mesaj verilir ki, ümumbəşəri dəyərlərə hörmətə əsaslanan münasibət sərgilənməsə, o halda Rusiya ilə ciddi təzyiqlərlə üz-üzə qalan Azərbaycan hökuməti ABŞ-ın da dəstəyindən məhrum ola bilər.
Xəyal