AXCP Ali Məclisi Rəyasət Heyəti Müsavat Partiyasının iki təşkilat arasında müttəfiqlik sazişinin bağlanması ilə bağlı təklifini müzakirə etdikdən sonra qərar qəbul edib. Qərarda deyilir:
“AXCP hər zaman müxalifətin böyük birliyinə tərəfdar olub. Biz müxalifətin böyük koalisiyası olaraq Milli Şuranın formalaşması üçün ciddi səylər göstərmişik. Əminik ki, Milli Şura bundan sonra da 2013-cü ilin prezident seçkiləri zamanı olduğu kimi səmərəli fəaliyyət göstərə bilər. Biz artıq xeyli müddətdir ki, Musavat partiyası ilə, eləcə də Milli Şurada təmsil olunan digər qüvvələrlə bu birlik daxilində müttəfiqlik münasibətlərindəyik. Biz real müxalifət qüvvələrinin müttəfiqliyini Milli Şuranın tərkibində daha məqbul sayırıq. Əgər Musavat partiyası daha da sıx birlik arayışındadırsa, xatırladırıq: 2010-cu ildə AXCP-nin qurultayı qərar qəbul etdi ki, Müsavatla qeyd-şərtsiz birləşməyə hazırıq. Bu qərarımız indi də qüvvədə qalır”.