Yolumuz hayanadır?

Xəbər lentlərində təkcə yanvarın 4-də üç dəhşətli intihar xəbəri vardı. Əvvəlcə iki ayın əsgəri olan 18 yaşlı gəncin özünü asaraq öldürdüyünü oxuduq.
Sonra Lerikdə 13 yaşlı uşağın intihar etdiyi xəbəri gəldi.
Günün sonunda isə 20 yaşlı gəncin yaxşı vətəndaş Koroğlunun adına olan körpüdən özünü ataraq intihar etdiyi məlum oldu.
Bu intiharların heç birinin doğru-düzgün səbəbi məlum deyil. Ən azı rəsmi məlumatlarda bu barədə bir cümlə də yoxdur. Əslində isə bu ölkədə intihara aparan səbəbləri üç aşağı, beş yuxarı təxmin etmək elə də asan deyil.
Sadə bir həqiqət var: hüququn çeynəndiyi, ədalətin yox edildiyi, haqsızlığın dizboyu olduğu ölkələrdə heç kim ölmür. Hamı öldürülür.
Bəli, dünyanın hətta ən inkişaf etmiş ölkələrində belə intihar xəbərlərini oxumaq olar. Amma bu, rejim yandaşlarına, tayfa mirzələrinə baş verən aramsız intiharları sıradan, adi hal kimi qəbul və təqdim etmək haqqı vermir.
Axı görmək o qədərmi çətindir ki, Azərbaycanla bağlı vəziyyət çox fərqlidir. Bizim kimi kiçik ölkə üçün bir gündə üç intihar xəbəri nə qədər normaldır axı? Bəzən günlərcə ard-arda intihar xəbərləri oxumaq nə qədər normaldır?
Üstəlik, o intihar xəbərlərinin əksəriyyətində “yaşadığı kirayə ev”, “çoxlu borc” kimi sözləri azmı oxuyuruq?

***

Yoxsulluq, işsizlik ailələrin düzənini pozub. Məişət cinayətlərinin artmasının, ailədaxili münaqişələr sonucu intiharların çoxalmasının səbəbi də budur.
Bu ölkədə övladına toy etməyə pulu olmayan ata (Ağsuda) intihar etmədimi?
Keçən ilin sentyabrında elə həmin yaxşı vətəndaş körpüsündən günü pis keçən, borc içində boğulan 63 yaşlı kişi özünü atmadımı?
Yenə keçən il iki uşaq atası olan 34 yaşlı vətəndaşımız (Lənkəranda) maddi imkansızlığa, düşdüyü borc bataqlığına görə özünü asmadımı?
Yeni keçən ilin noyabrında 53 yaşlı Bakı sakini yaşadığı evdə canına qıymadımı?
Elə həmin ay Lənkəranda 25 yaşlı gənc borc səbəbilə yaşadığı evin həyətində özünü öldürmədimi?
Keçən ilin iyulunda Xırdalan sakini maddi vəziyyətinin ağır olması səbəbindən şəhər qəbiristanlığında özünə od vurmadımı?
Bəlkə keçən ilin son günlərində məmur özbaşınalığından, məhkəmə ədalətsizliyindən bezən 5 uşaq atası olan Qarabağ qazisi hamının gözü qarşısında od vurmadı özünə?
Bu qədər zəngin sərvətlərə, bərəkətli torpaqlara sahib olan bir ölkədə bu cür intiharlar alıb başını gedərkən “intihar dünyanın hər yerində olur” demək hansı məntiqə və vicdana sığır?
Azərbaycan insanı çarəsizlik içindədir. Gələcəyə dair ümidlərinin üstündən qalın bir xətt çəkib. Güvəndiyi dağlara qar yağıb Azərbaycan insanının.
Boğulduğu borc dənizindən qurtulmaq üçün yapışacağı bir saman çöpü belə yoxdur.
Düşdüyü yoxsulluq bataqlığından xilas olacağına dair ən xırda inamı qalmayıb.
Tunelin sonunda işıq görmür.
Və son çarə – intihardır.
Əlbəttə, könül istərdi ki, ölkəm insanı əl-ələ verib Azərbaycanı özgürcə, rifah içində yaşaya biləcəyi bir məmləkətə çevirəydi. Çıxış yolu olaraq ölümü deyil, mübarizəni, dirənişi seçəydi.
Amma o belə bir seçimi etmək istəmirsə, bu haqda da düşünməli olan yenə bizik, bizlərik.

***

“Nə baş verir?” – Azərbaycanda bu sualın cavab axtarışı heç vaxt indiki qədər aktual olmayıb.
Görməmək mümkün deyil ki, ölkədə haqsızlığa, zülmə qarşı müqavimət dirənci azaldıqca intiharlar da çoxalır. Zülmün, Şərin gücü artdıqca intiharlar da artır.
Ədalətsizliyin ömrü uzandıqca insanların ömrü azalır. Intiharlar adiləşir, xəstəliklər cavanlaşır.
Pis, çağdışı, əzazil idarəetmə artıq bar verməyə başlayıb.
Hər şey hər gün daha da pisə doğru gedir.

***

Ilk dəfədir bir yazımın sonuna ümidverici nəsə yazmaqda çətinlik çəkirəm.
Və bəlkə ümidverici nəsə yazmağa artıq heç ehtiyac da yoxdur.