Kimsə ölkəni, kimsə də həyatı tərk etməyi çıxış yolu seçirsə…

(Köhnə mövzunun davamı)

“Həddən artıq çox oldu” deyə bilərik. Köhnə il üzücü intiharla bitdi, yeni il isə sirli intiharla başladı. Bilirəm, çoxunuz özünə qəsd yolu tutanların ciddi problemlərlə üzləşdiyini anlayırsınız, onları bu həddə çatdıranları da qınayırsınız, amma insanların bu son addımını istəmir və qəbul etmirsiniz. Hətta bəziləriniz üçün sual fəlsəfidir: insan necə özünə qıyır? Bu başqası deyil, başqasını öldürəndə hər halda, bir marağın olur, bəs özünü öldürməkdə sənin marağın nə ola bilər?
Amma çox sadədir məsələ. Kimsə dözmür və intihar edir. Çox mürəkkəb yaşantı və motivlərə baxmayaraq, bu qədər bəsitdir intiharın yolu. Bizdə də həyat, maşallah olmasın, həm sosial-maddi, həm ədalət, həm mənəvi mühit, həm anlayış, həm təhsil səviyyəsi, həm tibbi xidmət baxımından çox çətindir: bəzən elə dözülməzliklər, elə təlatümlər, elə situasiyalar ortaya çıxır, bəzən həyat məngənəsi elə sıxır səni, bəzən elə çarəsiz qalırsan, yalnız intihar rahatlıq gətirən yol kimi görünür. Karl Yapers daha yaxşı deyirdi – intihar azadlığa çağırır.
Ya səni gözləyən yeni situasiyanın (hədə, borc, ayrılıq, itki, xəstəlik) qorxusu altında bu addımı atırsan, ya həyat dözülməz olur, elə hallara düşürsən ki, yaşamaq mənasını itirir. Yandırırmı? Qorxudurmu? Ağrıdırmı? Kiməsə qəzəbdirmi? Hamıya acıqdırmı? Deyə bilmərəm hansıdır, amma kimlərinsə dözə biləcəyinə sən dözmürsən artıq. Bəzən iddia edirlər ki, bu, zəiflərin seçimidir, bəzən də bu, ən güclülərin seçimi kimi görünür. Güclü adamın taleyə etirazı və ya həyatdan küsməyi də güclü olur axı!
Bəli, intihar edənlər arasında xəstələr də olur. Onların bir qismi patoloji olaraq özünə qəsdə meyllidirlər. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarında görə, intiharların yalnız 18 faizi ruhi xəstələrin payına düşür. Ona görə də, intiharların böyük hissəsi sosial mənşəlidir. Bizim ölkədə də belədir. Keçmiş döyüşçü intihar edirsə, hər şey gün kimi aydındır.
Dünən tanınmış hüquqşünas Namizəd Səfərovun bir fikrini oxudum. Təcrübəli vəkil deyir ki, biz intiharlar haqda məlumatları çox oxusaq da, hələ onların az hissəsindən xəbər tuturuq, çoxlarının üstü bağlı qalır. Tamamilə doğrudur. Bizdə ailə və qohumlar da intiharları gizlətməyə meylli olurlar. Hökumətin bu sahədə verdiyi statistika isə tam saxtadır, gerçəyi var gücü ilə gizlədirlər. Həm də statistikanı gizlətmək yalnız bizim təcrübə deyil, əksər avtoritar ölkələr bənzər sahələr üzrə saxtakarlıq yolu tutur. Məsələn, Belarus intihar statistikasında lider olduqdan sonra, bu sahədə rəqəmləri tamamilə “qapadı”.
Intiharı hazırlayan ilkin şərait tənhalıqdır. Bu da təkcə sevgilini itirmək, ayrılıq, itki kimi anlaşılmalı deyil. Işsizlik, maddi sıxıntı, həmçinin çətinliklərin, borcun və xəstəliyin qarşısında tək qalmaq – tənhalığın sosial qatarıdır. Səni tərkinə alıb aparır…
Bütün bunların fonunda, bizim ölkənin halı çox aydındır: ağır problemlər və miskin mühit ucbatından kimsə ölkədən getməyi, kimsə də həyatdan getməyi çıxış yolu kimi seçir. Bu ölkə böyük əksəriyyət üçün yaşanmalı haldan çıxıb.
Keşkə, bu ölkəni hamının yaşaya biləcəyi məkana çevirmək arzusu və çalışqanlığı hər kəsin qəlbinə hakim kəsiləydi. Hətta intihar həddinə çatanların da! Keşkə, hamının zəhmətindən, ömründən bu arzuya pay verməyə imkanı olaydı. Çünki bu böyük rəzalət bu qədər uzana bilməz. Insanları ölkəni, hətta həyatı tərk etməyə sürükləyən bu miskin, ağır, haqsız, mədəniyyətə yad, mənəviyyata, insanlığa, haqlara zidd durum bu qədər uzanmamalıdır. Dəyişməlidir. Rədd olmalıdır.