Xatırladığıma görə, qələm dostlarımızın bir çoxu “ilsonu” yazardı əvvəllər. Amma Qarabağ qazisinin özünü yandırması ilə nəticələnən üzücü hadisə ötən il üçün elə ağrılı sonluq buraxdı ki, il dəyişikliyinin heç bir dadı-duzu qalmadı. Hələ bunlar azmış kimi, o qazini intihara sürükləyən şəxslərin cəzalandırılması tələbi ilə keçirilən aksiyada etirazçı gənclərin özlərinə də amansızlıqla cəza kəsdilər. Böyük məbləğdə cərimələnərək azadlığa buraxılanlardan başqa, altı nəfər gənc – AXCP fəalları Türkel Azərtürk və Orxan Carçı, Müsavat fəalları Tural Sadıqlı və Cavid Hacıbəyli, müstəqil gənc fəal Orxan Eyyubzadə və Samir Poladov yeni ili həbsxanada qarşıladı…
Əslində, Azərbaycanda baş verənlərdən “ilsonu” yox, “məhbus gündəliyi” yazılmalıdır. Hər kəsin belə gündəliyi olmalıdır, məncə. Qələmə aldıqlarınızın 30-40 il sonra tarix üçün necə böyük dəyər qazanacağına heç şübhə etməyin! Gündəlik yazmaq da bir sənətdir. Məlum, dünyada bir sıra unudulmaz əsərlərin mövzusu belə şəxsi gündəliklərdən alınıb. Bir insanın daxili yaşantılarını onun özündən daha yaxşı kim anlada bilər ki? Bəlkə, “Çanaqqala günlükləri” adlı kitabı oxuyanlarınız var. O qədər insanca və məsum yazılıb ki, həyəcansız oxumaq imkansız. Parisdə elektrik mühəndisliyi oxumuş və 1915-ci ildə Çanaqqalada telsiz teleqraf stansiyasında işləyən Tevfik Rza bəyin gündəliyindən bir parça: “3 iyun, 1915… Bəli, savaş davam edir. Qosqoca bir insanlıq isə üzüntü və qorxu içində bu fəlakətin bitməsini gözləyir…
5 iyun, 1915
Uzaqdan, topların qəzəbli gurultuları, bu işıltılı və gözəl iyun gecəsinin sakitliyini pozur…
…Və bülbül ötməyə başladı. Heyranedici nəğməsi gecəyə inanılmaz bir harmoniya qatır…”
1916-cı ildə ciyərlərində yaranan xəstəlikdən vəfat edən Tevfik Rza bəyin dörd dəftərlik gündəliyi böyük bir tarixi savaşın ortasında acılarıyla baş-başa qalmış şəxsin insanlıq halını ən gerçək şəkildə anladan bir romana bənzəyir…
Bu ölkədə də hər kəsin yazılacaq bir romanı var, eynilə bəhs etdiyim gənclər kimi… Hadisənin davamı olaraq deyim ki, həbs olunduqları andan fiziki və psixoloji təzyiqə məruz qalan gənclər aclıq aksiyasına başlayıblar. Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında onlara edilən işgəncə isə əsl rəzalətdir. Orxanın anasının sözlərinə görə, gəncləri təcridxanada kombi qızdırıcılarına qandallayıb, Orxanın otağındakı qızdırıcını isə söndürüblər. Ana oğlu ilə görüşdən sonra onun qolunda və ayaqlarında işgəncə izləri olduğunu, yeriməyə çətinlik çəkdiyini deyib. Bütün bu qanunsuzluğa cavabdeh olan təcridxananın rəisi isə anaya “oğlun dəlidir, onun etdikləri dəlilikdir, get ona dəlilik kağızı gətir, bizim əmrlərimizə tabe olmur, ona görə də cəzalandırırı…” söyləyib. Maraqlıdır, bəs belə özbaşınalığa görə o təcridxananın rəisini kim cəzalandıracaq?
Bəli, bu söylənənlər nə hansısa Hollivud filmindən fraqmentlər, nə də bu gənclər böyük pullar müqabilində həmin filmdə rol almış aktyorlardır. Bütün bunlar yaşadığımız ölkənin paytaxt şəhərində baş verən tükürpədici həqiqətlərdir. Sizin, mənim və o işgəncələrə məruz qalmış şəxslərin özlərinin gündəliyində qələmə alıb tarixə ötürəcəyi həqiqətlər. Bax, bu gündəliklər də ən azı ona görə yazılmalıdır ki, on illər sonra bu ölkədə normal həyat sürən insanlar o günlərin havadan düşmədiyini anlasınlar. Çanaqqala tarixinin şahidi Tevfik bəyin yazdığına sözardı olaraq, ən azı hər kəsin bu üzücü savaşın sonunda gözəl nəğmələrin qanadlandığı bir ölkədə yaşamaq xəyalı var!
Hamınız məhbus gündəliyi yazın!
•