Putin böhran eşiyində

Kremlin imperialist cəhdləri ölkəni idarəçilərin başına uçurur

Dünyanın gözü Rusiyaya dikilib. Volqoqradda ard-arda baş verən partlayışlar ölənlərin sayını 30-a çatdırıb. Rusiya Soçi olimpiya oyunları öncəsi bu qədər gərginlik içində dünya üçün bir neçə mühüm sual yaradıb. 

1.Bu, Rusiyaya verilmiş bir mesajdırmı?

2.Baş verənlər Rusiya hakimiyyətinin siyasətinin nəticəsidirmi?

3.Rusiya bu vəziyyətdən necə çıxa bilər? 

Biz bu suallara cavab verməzdən qabaq Soçi Olimpiada oyunlarını boykot edən ölkə rəhbərlərini xatırlayaq. ABŞ prezidenti Barak Obama, Almaniya Kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Britaniya baş naziri Devid Kameron. Bu siyahını görəndə bizim ilkin təəssüratımız belə olur ki, Qərbi Avropa və ABŞ düşünülmüş şəkildə Soçi Olimpiadasını nüfuzdan salmaq istəyirlər. Litva prezidenti də bu boykota qoşulub, açıqlaması isə çox korrekt olub. O deyib ki, Rusiya Vilnüs sammiti ərəfəsində AB-yə qarşı addımlarına görə cavab verməlidir. Bu mənada demək olar ki, Rusiya öz siyasi addımalrına görə böyük bir kampaniya ilə üz-üzədir.

Xarici kəşfiyyat “davam” deyir 

Xarici xüsusi xidmət orqanları məlumat verirlər ki, Rusiyada baş verənlər davam edəcək. Bu o deməkdir ki, Rusiya yaxın iki ayda keçiriləcək Soçi Olimpiya oyunlarının təhlükəsizliyini təmin edə bilməyəcək. Diqqətli oxucularımız xatırlayır ki, iki il öncədən bu barədə məlumatlar yazılırdı. Deyilirdi ki, Rusiya Şimali Qafqazda sabitlik üçün ciddi addımlar atmasa, ciddi təhlükəsizlik problemləri ilə rastlaşacaq. Rusiya rəhbərliyi bu məlumatlardan çıxardığı səhv nəticə ilə Şimali Qafqaza qoşun yeritdi. Bunun da bir mənası o idi ki, Şimali Qafqaz xalqları  mərkəzi hakimiyyətin xalqa qarşı sərt mövqe tutacağına əmin oldular və bu antoqanizm dərinləşdi. Rusiya artıq vəziyyətə nəzarət edə bilmir. Çünki bu hadisələr minalanmış ərazidəki partlayışlar silsiləsini xatırladır. Minanı basdırmağa mane olmaq daha asandır, ninki basdırıldıqdan sonra onun partlamasına mane olmaq. Kreml isə artıq ikinci işlə məşğuldur. Bu mənada bütün Rusiya artıq təhlükə zonasına çevrilib. Bu həm də o deməkdir ki, hətta Olimpiya komandaları da Soçi yarışlarını boykot edə bilərlər. 

Səudiyyə faktoru 

Rusiyanı AB və ya ABŞ-la qarşı-qarşıya eyni güclü mərkəzlər kimi təqdim edənlərin menyüsünə əlavə edək ki, Səudiyyə krallığının kəşfiyyat şefi son bir ildə iki dəfə Rusiyaya səfər edib və Putinlə görüşüb. Deyilir ki, onlar bu görüşlərdə Suriya məsələsini müzakirə ediblər. Eyni zamanda Kremlə yaxın analitiklər açıq şəkildə narahatlıq ifadə edirlər ki, Rusiyada güclü bir Səudiyyə faktoru  yaranmaqdadır. Görünür ki, Rusiyaya həm də onu mesaj verirlər ki, Suriyada müqavimət göstərən hər dövlət Suriyaya çevrilə bilər. Rusiya bu məsələdən necə nəticə çıxaracaq, bunu yaxın zamanlarda biləcəyik.