Milli düşüncə qısırlığı

Ermənistan prezidenti S.Sərksiyan müxalif Daşnaksütun Partiyasının liderlərindən biri V.Ovanisiyanı ölkənin Almaniyadakı səfiri postuna təyin edib. Qonşu Gürcüstanda müxalifət zatən söz sahibidir və bu ölkə siyasi plüralizm baxımından Cənubi Qafqazın digər ölkələrinə yaxşı bir örnəkdir. Avtoritar Putin Rusiyasında nəinki müxalifətə, hətta əbləh çıxışları ilə təmsil olunduğu ölkəyə daim başağrısı gətirən V.Jirinovskiyə də yer verilmişdir. Ukrayna Radasında müxalifətin çəkisi hakimiyyəti dəyişmək gücündədir. 

Qardaş Tükiyənin Millət Məclisində ana və yavru müxalifətlə yanaşı PKK-nın siyasi qanadı olan BDP-nin də yer alması artıq heç kəsi təəccübləndirmir. Avropaya gəlincə, bu barədə danışmağa dəyməz. Belə ki, Avropada demokratik dəyərlər oturuşduğu zamanda iqtidar-müxalifət münasibətlərininin sağlam zəmin üzərində qurulması əsas prioritet təşkil edib və bu məkanda müxalifətsiz iqtidara çox pis baxarlar.

Azərbaycan iqtidarı müxalifət dediyimiz milli-demokratk qüvvələri nəinki parlamentə, hakimiyyətin hansısa sahəsinə yaxın buraxmır, heç müxalif qüvvələrlə bir masaya əyləşib milli problemləri çözmək haqda belə düşünmək istəmir. Hakimiyyət hərisliyi, milli düşüncənin qısırlığı, yad fikrə dözümsüz münasibət, aftoritar qafa, ictimai şüurun aşılanması, marginallaşma, mövcud hakimiyyəti öz əsirinə elə çevirib, onu demokratik düşüncədən elə məhrum edib ki, onlar xalq hakimiyyətinə dədədən balaya keçən vərəsə kimi baxırlar.

Bizdən deyilsənsə, komandamda təmsil olunmursansa, hakimiyyətimə müxalifsənsə, düşmənimsən kimi idbar zehniyyət dərin kök saldığına görə hər bir rəsmi müxalif düşərgəyə rəqib yox, düşmən münasibət bəsləyir. Ağzını açan, qılıncını əlinə götürən istənilən məmurun, istənilən YAP mənsubunun ilk hədəfi özünə düşmən elan etdiyi müxalifət düşərgəsidir.

Yağış yağmadı, buğda bitmədi, neftin qiyməti aşağı düşdü, sosial narazılıq baş verdi, seçki saxtakarlığı aşkarlandı, Qarabağ qazisi özünü yandırdı, Ismayıllıda, Qubada məmur özbaşınalığına qarşı etirazlar oldu, beynəlxalq təşkilatlar insan haqları və demokratiyaya qənim kəsildiyinə görə adımızı qara siyahılara saldı və nə bilim nələr oldu, sən demə, bütün bu işlərin baiskarı müxalifət imiş. Əlbəttə, onların müxalifət üzərinə ayaq açmasının qaynağı bəlli. Əgər ölkə başçısı müxalifətə üz tutub onları “antimilli”, “quldur”, “ünsür” adlandırırsa, nə deməyini, necə hərəkət etməyini onun ağzından çıxan sözə hesablayan, müstəqil danışmaq, fikir yürütmək qabiliyyəti əlindən alınmış hakimiyyət mənsublarından başqa nə gözləmək olar.

Müxalifətsiz bir hakimiyyət peşindədirlər. Yesinlər, dağıtsınlar, çapıb-talasınlar, geniş vətəni millətin başına dar etsinlər və kimsə də müxalifət adına bu rəzilliklərə reaksiya verməsin. Qarabağ qazisi Z.Həsənovun ölümü üzrə “bilmirəm bu müxalifət nə istəyir” deyən YAP funksioneri S.Novruzov hələ də başa düşmək istəmir ki, müxalifət nə istəyir. Bilmək istəyirsənsə, bil. Müxalifət istəyir ki, bu ölkədə zülm və istismara son qoyulsun. Insan insan kimi yaşamaqdan məhrum olmasın. Seçkilər ədalətli və şəffaf keçirilsin. Insan haqlarına sayğı göstərilsin. Qarabağ qazisini ölümə sürükləyən hakimiyyət mənsubları onun ölümündən sonra kompensasiyalar ayırmaqdansa, onun yaşamına təminat verən siyasət yürütsün.

Olmasın bu ölkədə ikitirəliklər. Olmasın regionçuluq, tayfa siyasəti. Olsun hər kəsi razı salan milli siyasət. Olmasın milli sərvətləri qarət etmək siyasəti, olsun milli sərvətlərdən hər kəsin bəhrələnmək siyasəti. Bir tikə ruzi üçün milyonlarla vətəndaşımız vətəndən dərbədər düşməsin. Hamı xoşbəxt və firavan yaşamaq nəsibini alsın bu ölkədən. Olmasın, orta iş adamından tutmuş sıravi vətəndaşa qədər hər kəsi diz çökdürən monopolist siyasət. Olsun hər kəsə imkan və qabiliyyətini reallaşdırmaq imkanı verən sosial siyasət. Olmasın dövləti içdən çökdürən korrupsiya və rüşvətxorluq siyasəti. Olsun hər kəsi yolsuzluq cəzasına yetirən dövlət siyasəti.

Əfəndilər niyə bölüşmək, niyə hakimiyyət sıralarında müxalif insanları görmək istəmir? Nəyə görə parlamentdə müxaliflər təmsil olunmamalı, niyə yüzlərlə ağıl, düşüncə sahibi bu dövlətin formalaşmasında, milli, demokratik siyasət yürüdülməsində iştirak etməməlidir? Qorxunuz var yeniləşmədən. Gizlinlər aşkarlanar, əməlləriniz faş olar deyə əndişələr keçirirsiniz. Bir qrup müxalif parlamentar durub qanun adına sırımaq istədiyiniz girdirmə göstərişlərə etiraz edə, xalq əleyhinə yönəlik hərəkətlərinizə müqavimət göstərər deyə, istəmirsiniz sıranızda fərqli ideya daşıyıcılarını görmək.

Burası Türkiyə deyil ki, valilərinin, bələdiyyə başqanlarının, səfirlərinin, millət vəkillərinin bir kəsimi də müxalif qüvvələrdən təşkil edilsin. Burası Gürcüstan deyil ki, müxalifət namizədi Merabaşvili prezident postunda olan Saakaşvilidən çox səs toplayıb ölkə prezidenti olsun. Burası heç Ermənistan da deyil ki, müxalifət lideri ölkə prezidenti tərəfindən Almaniyaya səfir təyin edilsin. Burası özü doğub, özü göbəyini kəsən Azərbaycan hakimiyyətinin müxalifətə düşmən nəzəri ilə baxdığı bir məmləkət ki, buranın dövlət ərkanı heç cür millətə barış əlini uzatmaq istəmir.

Nurəddin Ismayıl