Isa Qəmbərlə Türkiyədəki söhbətlər…
İsa Sadıqov
Bizim dostumuz Bakıda görüşlərə başladı və bu görüşlərin, demək olar ki, hamısı uğurla keçdi. Söhbət tərəflərinin hamısı Rüstəm bəyin Milli Şura sədri olmasını, prezidentliyə vahid namizəd kimi müəyyən edilməsini qəbul etdi. Təbii, bundan sonrası siyasi liderlərin həll edəcəyi məsələlər idi. Rüstəm bəy də, biz də bilirdik ki, məhz onlar Azərbaycanın siyasi həyatındakı sualtı qayalıqlara daha yaxşı bələddilər.
Etiraf edirəm ki, prosesdə iştirak edən bu adamların heç biri, o cümlədən mən də danışıqların bu qədər uğurlu və anlaşıqlı keçəcəyini gözləmirdik. Eyni zamanda, onu da məmnuniyyətlə izləyirdik ki, cəmiyyət bu yeni xəbərləri necə sevinclə, ruh yüksəkliyilə qarşılayır. Əlbəttə, bəzi ötəri fikir ayrılıqları da vardı. Izah etmək lazım gəlirdi ki, nə üçün məhz Rüstəm Ibrahimbəyov. Bu suallar təbii idi və onlar əsasən Müsavat partiyasından olan funksionerlər tərəfindən irəli sürülürdü. Biz də öz tərəfimizdən hadisələrin məhz bu istiqamətdə inkişafı və Rüstəm bəyin namizədliyilə bağlı suallara aydınlıq gətirməyə çalışırdıq.
Bu ərəfədə mən eşitdim ki, Isa Qəmbər Türkiyəyə gedir və mən də ora gedib onunla danışmağı zəruri hesab etdim. Biz bu variantın meydana çıxma şəraitini ətraflı müzakirə etdik və şəxsən mən Isa Qəmbərlə söhbətlərin nəticəsindən razı qaldım. Hesab etdim ki, bütün suallar öz cavabını tapıb və problemlər geridə qalıb. Yalnız bir məsələ qalırdı – yaxın günlərdə Milli Şuranın yaradılması elan edilir, Rüstəm bəyin sədrliyi, eləcə də prezidentliyə namizədliyi təsdiqlənir.
Milli Şuranın elan edilməsi niyə iki ay yubadıldı?
Amma çox təəssüf ki, bütün bu müzakirələrdən sonra da tərəflərin bəzilərindən hansısa “rus variantı”, “Moskvanın əli” və buna bənzər mülahizələr səslənməyə başladı. Bu yanlış mülahizələri oxumaq ağır idi. Axı bütün bu suallara cavab axtaranlar o cavabları öz liderlərindən rahatca ala bilərdilər…
Görünür, bu anlaşılmazlıqlar mənə, eləcə də bizim hamımıza aydın olmayan hansısa mülahizələr üzündən baş verirdi. Nəticədə Milli Şuranın elan edilməsi, təqribən iki ay yubandı. Hərçənd, ortalıqda kiməsə aydın olmayan hər hansı məsələnin olduğu görünmürdü, bütün liderlər və partiyalardan olan həlledici simalar, eləcə də partiyalardan kənarda ehtimal edilən təsisçilər prosesə təkan verilməsinin tərəfdarı olduqlarını bəyan edirdilər.
Milli Şuranın Rusiya proyekti olduğu barədə ittihamların Prezident Administrasiyasından qaynaqlanan əks-təbliğatın müddəaları ilə üst-üstə düşdüyünü sezməmək mümkün deyildi. Və açığı, şəxsən mənə heç cür çatmırdı ki, Müsavat partiyasından olan bəzi funksionerlərin Rüstəm bəyə qarşı bu qəddar münasibətinin səbəbi nə idi. YAP başqa məsələ, mən onları anlayırdım və indi də anlayıram.
Niyə bu qədər partiya “rus təhlükəsini” görmür, qiymətləndirmir?
Mən başa düşə bilmirdim, necə olur ki, ölkədəki bütün partiyalar, bu prosesə qoşulan ziyalılar Milli Şura ideyasında Rusiya təhlükəsini görmürlər, yalnız bir partiyanın funksionerləri bu təhlükəni görür və həyəcan təbili çalırlar? Axı bir çox partiyalar, təşkilatlar, insanlar var ki, onların anti-xalq olduğunu heç kim iddia edə bilməz! Axı Milli Şurada Müsavat partiyasından başqa partiyalar da təmsil olunurlar və nə ümün onlar belə bir təhlükəni görüb dəyərləndirə bilmirlər?
Kimdir o “real siyasi qüvvə”?
Əlbəttə, Azərbaycandakı “real siyasi qüvvə” haqqında mülahizələri tez-tez eşitməli oluruq. Amma bir reallıq da var ki, bu “real siyasi qüvvələr”in heç biri 20 ildir davam edən Əliyev rejiminə qalib gələ bilmir. Bütün seçkilər seçki şəraiti olmadan keçirilir. Diktatura barmağını tuşladığı istənilən adamı girov götürüb həbsxanaya ata bilir. Deməli, əlahiddə olaraq, “real siyasi qüvvə” elan ediləsi bir güc ortalıqda yoxdur. Deməli, bütün siyasi qüvvələrin bir məxrəcdə birləşdirilməsi və bu diktaturaya qarşı gerçək blok yaradılması zəruridir.
İlham Əliyevi “rus proyekti” elan edə bilərsinizmi?
Ola bilsin, bir çoxları baş verənləri sadəcə, müşahidə etməyi özünə rəva görür. Amma mən bunu edə bilmirəm. Mən eyni zamanda, ona da dözə bilmərəm ki, Azərbaycanın tanınmış övladı, sayqılı Rüstəm Ibrahimbəyov haqqında sağdan-soldan kimlərsə ağlına gələni yazsın və ya danışsın. Üstəlik, elə bir situasiyanın üzərindən ki, onun Milli Şuraya sədrliyi ilə bağlı müzakirələrdə fəal iştirak etmişəm və onu bu proyektə razılaşdırmışam. Bəlkə həmin adamlar məni də “rus proyekti” hesab edəcəklər? Nə Rüstəm Ibrahimbəyov, nə də mən, nə mənim bu danışıqlarda iştirak edən dostlarımın hər hansı biri Azərbaycanın maraq və mənafelərindən kənarda bir layihə tanımırıq. Hamımız Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy ideyalarına bağlı insanlarıq və bu ideyalardan bizi kimsə, nəsə sapdıra bilməz. Əgər Rüstəm Ibrahimbəyov Rusiyanın adamıdırsa, o halda buyurun, məni də “rus proyekti” hesab edin! Eləcə də, buyurun, Rusiyada yaşayan milyonlarla azərbaycanlını da “Rusiya proyekti” elan edin.
Ən gülməlisi budur ki, ailəsinin yarısı Rusiyada yaşayan, orada hansısa proyektləri həyata keçirən oğul Əliyevi “rus proyekti” adlandırmağa cəsarət etməyənlər barmaqlarını Rüstəm Ibrahimbəyova tuşlayırlar. Məhz rus KQB-sində öyrəndiklərini Azərbaycanın idarə olunmasına tətbiq edən ata Əliyevi “rus layihəsi” adlandırmaqdan qorxanlar Ibrahimbəyovu hədəf seçməklə “cəsarət” nümayiş etdirirlər.
Milli Şura kimə mane olur?
Milli Şura kimə mane olur ki? Cəmiyyətin bütün mübarizə potensialını birləşdirmək və avtoritarizmin cinayətlərinə son qoymaq üçün bundan daha yaxşı olan hansı modeli düşünmək mümkündür ki? Şəxsən mənim qənaətlərim bundan ibarətdir ki, Milli Şura yalnız indiki rejimə mane olur və onun üçün təhlükəlidir. Amma təəssüf ki, yalnız belə deyilmiş. Kim hesab edirdi ki, Milli Şura yaranıb seçkiyə gedəcək və dərhal da bütün problemləri həll edəcək? Belə bir illüziya kimdə vardı? Kimə aydın deyildi ki, Milli Şura məhz seçkidən sonrakı mübarizə mərhələsi üçün yaradılır? Ortalıqda bu qədər aydın həqiqətlər var ikən Milli Şuranı tez-tələsik dağıtmaq cəhdlərinin iqtidar mətbəxindən qidalandığını güman etməmək üçün mənim əlimdə heç bir arqument yoxdur. Prosesi izləmək belə, çox ağırdır. Bir qrup adam Milli Şura ətrafında xoşagəlməz dedi-qodu yaratmaqla insanların oradan uzaqlaşmasına çalışırlar.
Bizim böyük potensialımız var!
Mən Azərbaycan Xalq Cəbhəsinin lideri Əli Kərimlinin, Klassik Azərbaycan xalq Cəbhəsi Partiyasının rəhbəri Mirmahmud Mirəlioğlunun və bir çox başqa siyasilərin, ictimai xadimlərin Milli Şuranın möhkəmlənməsi istiqamətindəki səylərini məmnuniyyətlə qeyd edirəm. Mən bir daha bu liderlərə müraciət edirəm. Əlbəttə, əgər bu müraciət onlar üçün nəsə deməkdirsə, xahiş edirəm, Milli Şuranın qorunması, möhkəmləndirilməsi üçün əlinizdən gələni əsirgəməyin! Oradan kim getmək istəyirsə, getsin və daha tez getsin! Inanıram ki, bu, Milli Şuranın daha da genişlənməsinə və güclənməsinə mane olmayacaq. Inanıram ki, Əli Kərimli müxalifətin səylərinin və imkanlarının birləşdirilməsi, onun daha da güclənməsi üçün indiyə qədər göstərdiyi misilsiz xidmətləri heç bir tərəddüd etmədən davam etdirəcək.
Mən Rüstəm bəyə müraciət edirəm ! Siz bu zamana qədər çox işlər görmürsünüz və daha da çox işlər görə bilərsiniz! Siz bu qurumda fəaliyyətinizi davam etdirməlisiniz! Bu, sizin millət qarşısında borcunuzdur!
Cəmil bəy Həsənli Azərbaycanda demokratiya uğrunda mübarizə prosesinin qazandığı ən mühüm uğurlardan biridir. Mən qürur duyuram ki, Azərbaycan cəmiyyətinin azadlıq uğrunda mübarizəsində belə bir müdrik siyasi xadim var.
Şübhə etmirəm ki, böyük siyasi potensial toplamağa imkan tapmış Milli Şura ölkədə demokratiya və insan azadlıqları uğrunda mübarizənin avanqard qüvvəsi və ideyası olaraq qələbə əldə edəcək. Bu böyük siyasi missiyanı ləkələmək istəyənlərin mövcudluğu onun fəaliyyətinə xələl gətirə bilməyəcək!