Gözləmədiyiniz həyat və gözlədiyiniz hədiyyə

Bilirəm ki, bayram ovqatınız yoxdur. Insanın içdən alovlandığı bir günlər yaşayırıq. Lənətə gəlmiş sistemin, tamahı və nadanlığı bitməyən insanların hakimiyyəti ilə üz-üzə qalmışıq. Hökmən bir çıxış yolu tapacağımıza əmin olsam da, şəxsən mən indi əlacsız kimi əllərimi bir-birinə sıxmaqla məşğulam?

Çıxış yolu – çox aydın görünür, əslində. Fəqət o yola qədəm qoya bilmirik, səf-səf düzülə bilmirik o yolda. Yəqin dərhal şübhəli-şübhəli özünüzə deyirsiniz ki, nə danışır bu adam, çıxış yolu bilinsəydi, indiyəcən bu zillətdən qurtarmazdıqmı?

Bəlkə aranızdan biri üstümə də qışqırardı: “Söylə görək, nə “yol-yol” deyirsən?!”

Əzizlərim, bilirsinizmi, Qarabağ müharibəsi əlili, keçmiş döyüşçü özünü harada yandırdı? Yadınıza salın, xahiş edirəm: Bakıda, Fəvvarələr meydanı yaxınlığında!

Fəvvarələr meydanını bu hakimiyyət çox gözəl təmir edib, nə qədər xərcləyib, nə qədər əkişdiriblər, bu, indinin söhbəti olmasın. Lakin meydan doğrudan da çox gözəldir. Utanmasalar, orada zibil qablarını qızıldan edərlər və şit-şit də qımışardılar ki, xalq üçün hər şey edirik. Amma gerçəyi bilirsiniz, bu ?bağ belə, bostan belə?nin arxasında bir ölkənin talanı, böyük haqsızlıqlar durur.  

Çıxış yolu Zaur Həsənovun özünü yandırdığı həmin Fəvvarələr meydanındadır. O gözəl meydanda. Heç kimin orada özünü yandırmasına ehtiyac yoxdur. Amma 100 min adam o meydana gəlsəydi bu illərdə orada keçirilən mitinqlərə, bu oğru hakimiyyət ən azı indiki harınlığı edə bilməzdi və  əminəm ki, artıq yox olacaqdı. 100 min adam göstərməli idi ki, nəinki bu hakimiyyət, istənilən hakimiyyət öz xalqına qarşı ləyaqətsizlik etdikdə, qarşısında 100 minləri görəcək. Çıxış yolu budur. 

Istənilən xalqın xoşbəxtliyinin dayağı olan bir meydanı var. Öz azadlıqlarını əldə etmiş ölkələrdə hakimiyyətlər o meydandan qorxur. Əliyevlər hakimiyyəti Azadlıq meydanını elə bu səbəbdən qapadı. Amma meydandan çox meydan var. Onlardan biri də həmin Fəvvarələr meydanıdır.  O meydanın dolması, coşması Zauru ölümdən qurtara bilərdi. Çoxlarını xilas edərdi, həm də təkcə xilas etməzdi, xoş günlərə yol açardı. Səttar Mehbalıyev o meydanın ətrafındakı binada oturur və bircə dəfə orada 100 min adamı görsəydi, Zauru o həddə çatdırmağa cürət edərdimi? Amma biz gəlmədik. 100 min olmadıq bütün bu illərdə. Indi 9 milyonluq xalqı 9 nəfər də saymırlar.  

Biz başqalarını küçəyə, mitinqə, etiraza çağıranda elə bilirlər, əlimizdən başqa iş gəlmir, bir dəstə qaraguruhuq, sadəcə. Nə deyim vallah, özümüzdən də danışmaq tərbiyəyə uyğun deyil, hər şey bir yana, amma izləsəydiniz bu illərdə bizim kitabı, elmi, sənəti nə qədər təbliğ etdiyimizi görərdiniz. Bizim təbliğ etdiyimiz kitabın satış tirajı, məsələn, hökumətin yağlı kökədə saxladığı Anarın təbliğ etdiyi kitabın satışından üstün olub. Biz dövlətdən milyonlar alan qurumlardan çox iş görmüşük. Elə kitablar da çıxış yolunun nədən ibarət olduğunu asanlıqla deyir.

Əslində, bu gün mən kitab barədə yazmaq istəyirdim. Təxminən 10 gün qabaq kultura.az saytında bir müraciət oxudum və çox xoşuma gəldi. Kultura.az saytı hər kəsə müraciət edir ki, bayram günlərində insanlara hədiyyə olaraq kitab bağışlasınlar. Sayt hər kəsdən, hər bir ailə başçısından, hər bir firma, müəssisə rəhbərindən bu çağırışa dəstək verməyi xahiş edir.

Mən bu kampaniyaya sadəcə dəstək vermirəm, öz təcrübəmi də ora qatıram. Çoxdandır ki, hədiyyə olaraq əsasən kitab alıram. Necə deyərək, şahidlərim yanımdadır. “Qanun” nəşriyyatında və bəzi kitab mağazalarında bunu bilirlər. Təzə evgördüsünə də kitab hədiyyəsi ilə gedirəm. Xəstə yanına da kitab aparıram. Bir neçə yaxın dostum var ki, yalnız onlara köynək, suvenir və bu kimi şeylər aldığım hallar olur. Bəzən də qarşıdakının maddi dəstəyə ehtiyacı aşırı olur və o zaman birləşib pulla kömək etməyi təklif edirəm. Qalan hallarda, yəni əksər hallarda mənim hədiyyəm kitab olur. Həm də çıxış yolu kimi. Mənə elə gəlir ki, kitablar hamıya olmasa da, böyük əksəriyyətinə çıxış yolunu göstərir.