“Azadlıq”dan İsa Qəmbərə cavab

Rahim Hacıyev: «Müsavat hələ də üzvü olduğu Milli Şuraya qarşı açıqlamaları, şərtləri, tənqidlərilə özü-özünü gündəmə gətirib»

Müsavat başqanı İsa Qəmbər dünən partiya Məclisinin iclasındakı çıxışında Milli Şura ilə bağlı danışarkən ad çəkmədən “Azadlıq” qəzetinin ünvanına ittiham səsləndirib: “Müsavat”a qarşı elə bil Səlib müharibəsinə başlayıblar. Açırsan qəzetlərini, İlham Əliyev əleyhinə bir yazı var, ya yoxdur, ancaq Müsavata qarşı bir neçə yazı var. Yayda “Ya Rüstəm İbrahimbəyov, ya da Rüstəm İbrahimbəyov” deyirdilər. Indi də “ya Milli Şura, ya da Milli Şura” deyirlər. Milli Şuranı “müqəddəs inək” kimi toxunulmaz elan ediblər…”.
Aydındır ki, Milli Şuranın qorunmasının vacibliyi haqda, eləcə də onun keçmiş sədri və fəxri sədri Rüstəm İbrahimbəyovu müdafiə xarakterli yazılar “Azadlıq” qəzetində dərc olunur. Bu baxımdan İ.Qəmbərin “Açırsan qəzetlərini…” deyərkən “Azadlıq”ı nəzərdə tutduğu şəksizdir. Buna görə də Müsavat başqanının dediklərinə “Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev cavab verib.
“Azadlıq”ın müstəqil qəzet olduğunu vurğulayan Rahim Hacıyev bildirib: “Kollektivin AXCP-yə rəğbətinin olması o demək deyil ki, qəzetdə nə yazmağı, necə yazmağı Cəbhədən göstəriş verirlər. Üstəlik, əgər qəzetlərin siyasi qüvvəyə yaxınlığı o siyasi qüvvənin qəzetə görə məsuliyyətini yaradırsa, o zaman gərək, hörmətli İsa bəy ona yaxın qəzetin Milli Şura əleyhinə apardığı siyasətə görə məsuliyyət daşısın.
Biz hələ ki, Müsavat partiyasını öz yazılarımızla tənqid etməmişik. Amma Müsavat hələ də üzvü olduğu Milli Şuraya qarşı açıqlamaları, şərtləri, tənqidlərilə özü-özünü gündəmə gətirib. Əgər Müsavat funksionerləri, partiyaya yaxın mətbuat İlham Əliyevdənsə, Milli Şuranı, onun əsas təşəbbüskarı Rüstəm İbrahimbəyovu tənqid hədəfi seçibsə, cəmiyyətdən ünvanlarına gələn haqlı qınağa da hazır olmalıdılar”.
“Azadlıq”ın baş redaktor müavini deyir ki, son günlərdə bu qəzetdə Müsavatın ünvanına getmiş ən ciddi tənqidin müəllifi İsa Qəmbərin keçmiş müşaviri, yəni, bu günlərə qədər Müsavat başqanına yaxın olmuş adımdır. Qeyd edək ki, Yeganə Hacıyeva “Azadlıq”a müsahibəsində belə bir fikir səsləndirib: “Çox istərdim ki, mənim kimi ”Ilham Əliyevə qarşı birləşək” deyənləri tənqid etdikləri kimi, “Ilham Əliyevə kömək edək” deyənləri də tənqid etsinlər. Bu artıq bir mesaj olacaq ki, Müsavatda “Ilham Əliyevi dəstəkləyək” deyib qalmaq mümkündür, amma “Ilham Əliyevə qarşı olan birliyi qoruyaq” deyib qalmaq mümkün deyil”.
Rahim Hacıyev onu da əlavə edib ki, İsa Qəmbər Milli Şuranı və onu müdafiə edənləri hədəf seçməkdənsə, keçmiş müşavirinin səsləndirdiyi və geniş yayılmış bu fikrə münasibət bildirsəydi, daha yaxşı olardı.

Ramin Deko