Gənclərə həbs və cərimə cəzası

“Qazilərimiz yanmasın” aksiyasının daha 7 iştirakçısı məhkəmə qarşısına çıxarıldı

Qarabağ müharibəsi əlili Zaur Həsənovun ölümünə etiraz olaraq bazar günü keçirilən aksiyanın digər 7 iştirakçısı inzibati cəzaya məruz qalıb.

Dekabrın 30-da Səbayel məhkəməsinin çıxardığı qərarla AXCP üzvləri Türkel Əlisoy (Azərtürk) 15, Orxan Carçı 16, Müsavat üzvləri Cavid Hacıbəyli 16, Tural Sadıqlı 17, Orxan Eyyubzadə 18 sutka həbs cəzası alıb.

AXCP fəalları Bəyim Həsənli və Kəmalə Bənənyarlı isə müvafiq olaraq 400 və 500 manat cərimə olunublar.

Həbs və cərimə cəzasına məhkum edilənlər İnzibati  Xətalar Məcəlləsinin  298.2-ci maddəsi  (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması)  ilə təqsirli biliniblər.
Müttəhimlər dövlət vəkilləri ilə təmin olunublar, lakin onlar həmin vəkillərin xidmətlərindən imtina ediblər.

Ötən gün aksiya iştirakçılarından biri – Samir Poladov 15 sutkalıq həbs edilib, 14 nəfər isə cərimələnib:

AXCP-dən Toğrul Ibrahim, Sabir Məmmədov, Natiq Rüstəmli, Qərib Musayev, Bəxtiyar Hüseynov, Çilənəy Seyidi, Kamilla Əhmədova, Mahirə Hüseynova 300 manat;

Müsavatdan Xəyyam Məmməd, Ələkbər Rzayev 300 manat;

Qarabağ qaziləri Cavanşir Osmanlı 350, İldırım Təhməzov 300 manat

Bitərəflərdən Novruz Novruzov 300, Məcid Vahid 500 manat.