Yadelli işğalçılar yandırır

Con Stüart Mill: “Biz öz hüquq və mənafelərimizi hökumətin və ya hökumətə təsir edən, onun fəaliyyətini istiqamətləndirən kəslərin özbaşınalığından yalnız o halda müdafiə edə bilərik ki, bu hökumətin fəaliyyətini tam idarə etmiş olaq”.

Bəli, insan faktorunun əsas faktora çevrilməsi buradan başlayır. Sən əsas amilə çevriləndə, Vətən, dövlət müqəddəsləşir. Onun üzərində yaşamaqdan, uğrunda savaşdan həzz alırsan. Onun uğrunda öləndə, qazi olanda, sən müqəddəsləşirsən. Amma sənin iradən hakim olmayanda, iradənin üstündə iradə olanda, “mənim tayfam”, “onun tayfası” prinsipi hakim olanda, sənin ölkən həmin tayfaların işğal dairəsinə bölünəcək. Sənin statusun, vətən qarşısında xidmətlərin nəzərə alınmayacaq.

Bəli, sənin iradənin üzərindəki iradə ölkənin bütün səfalı guşələrini dənizdən dağlara qədər hasarlayıb, işğal edib. Döyüşsüz, səngərsiz, şəhidsiz, qazisiz, qəhrəmansız… Həm də Qarabağı ölkənin bir nömrəli problemi elan edərək baş verib bu işğal. Işğal var, döyüş var, itki yoxdur. Əksinə, ölkə başdan-başa qənimətdir. Indi kim qalxıb deyə bilər ki, mənim atam Quba, mənim yoldaşım Yardımlı uğrunda şəhid olub. Heç Qəbələ, Oğuz uğrunda qazi olmuşam, qəhrəmancasına döyüşmüşəm deyən, Zaqatalada itkin düşəninin olduğunu iddia edənlər də tapmaq olmaz. Amma əlahəzrət fakt, ondan ibarətdir ki, buralar da işğal zonalarıdır.

Daha bir işğal zonası Qarabağdır. Orası qanlı döyüşlərdən keçib, gerçək qəhrəmanları, minlərlə şəhidi, on minlərlə qazisi var. Amma Qarabağ təkcə işğal zonası deyil, saxta vətənpərvərlərin, rejimi ayaqda saxlayanların, bütün çirkli əməllərini gizlətmək istəyənlərin də sığınacağı son ünvandır. Dəqiqliyi, vicdanlılığı, qərəzsizliyi özünə iş prinsipi, deviz seçənlər, gündə 5 dəfə Qarabağa təcavüzdən danışanlar, onun uğrunda qazi olanların faciəsini görməzdən gəlir. Amma bir qədər dəqiq, vicdanlı və qərəzsiz yanaşanda, görürsən ki, bir qazini canına qəsdə məcbur edən deputat mandatlı, “Şərəf” ordenli Səttar Mehbalıyev və mənsub olduğu siyasi sistem, Qarabağ kartı üzərindən, bu ölkəni tam işğal edib. Qazisi, alimi, qəhrəmanı, fəhləsi, dəyərlərilə birlikdə…

Qarabağ qazisi Zaur Həsənov da öz mülkü ilə birlikdə bu işğal dairəsindədir. Lakin nədənsə, vicdanla, qərəzsizliklə, dəqiqliklə silahlandığını iddia edənlər, bu silahı gün ərzində beş dəfə xəbər başına çevirənlər, bu işğal zonasına işıq sala bilmir. “Qarabağ yoxdursa, qazisinə, şəhidinə, qəhrəmanına nə gərək” prinsipinin qurbanı olan zaurları da görməzdən gəlir. Qazi Zaur Həsənov isə ölkəni Qarabağ sərhədlərindən xeyli kənardan, ölkənin mərkəzindən işıqlandırdı. Qərəzsizliyini gözümüzə soxanların gözünün qarşısından, Qarabağa qədər uzanan dalğalarının tam yanından. Hətta mikrafonlarının çatacağı məsafədən. Senzurasız, vicdanla, qərəzsiz, dəqiqliklə ölkənin dörd bir yanına işıq saçdı. Indi onun odunu söndürüb, tüstüsündə Mehbalıyevi gizlətməklə məşuğuldular. Eyni dəqiqlik, vicdan və qərəzsizliklə…

Xalid Qarayev