Polad Bülbüloğlu Azərbaycanın Avropaya intqerasiya ilə bağlı rəsmilərin dediklərinin yalan olduğunu etiraf etdi
Fuad Qəhrəmanlı: «Azərbaycan hakimiyyətinin Gömrük İttifaqı və Avropa Birliyi ilə eyni məsafəni saxlaması iqtidarı qorumağa hesablanıb»
Azərbaycan hakimiyyətinin xarici siyasət vektorunda nümayiş etdirdiyi qeyri-müəyyənlik zaman-zaman iqtidar yetkililərinin dilindən də ifadə olunur. Hazırda Azərbaycan kimi dövlətlərin xarici siyasətdə çevik addımlar atmasının zərurətə çevrildiyi bir vaxtda biz rəsmi Bakıdan bu reaksiyanın şahidi olmuruq. Əksinə Azərbaycan hakimiyyəti qəbul etdiyi qərarlar və verdiyi bəyanatlar ilə ölkənin inkişaf istiqamətləri ilə bağlı qeyri-müəyyənliyi bir qədər də dərinləşdirir. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Rusiyanın RBK kanalına açıqlaması da bu qəbildəndir. P.Bülbüloğlunun sözlərinə görə, Azərbaycan nə Güömrük İttifaqına, nə də Avropa Birliyinə inteqrasiyada maraqlı deyil. Azərbaycanın bu suallarla bağlı öz mövqeyi, öz yolu var: «Biz nə Avropa Birliyinə, nə də Gömrük İttifaqına gedirik. Bizim öz yolumuz var. Biz hər şeylə təmin olunmuş ölkəyik. Dağlıq Qarabağın ərazisi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Bu, mübahisə məsələsi deyil. Hər hansı inteqrasiya barədə danışmazdan əvvəl Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır. İki müharibə vəziyyətində olan ölkə bir inteqrasiya təşkilatında təmsil oluna bilməz. MDB bir istisna idi, hansı ki, bu gün səfirlərin dialoq, müzakirə klubuna çevrilib. Necə ola bilər ki, bir dövlət onun ərazisinin 20 faizini işğal edən başqa dövlətlə bir yerdə oturub inteqrasiyanı müzakirə etsin?!”. P.Bülbüloğlunun sözlərinə görə, əgər Rusiya Ermənistanı tamamilə Gömrük İttifaqına inteqrasiya etdirmək istəyirsə, onda Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməlidir: “Fikrimcə, Rusiya bu problemi həll edə bilər, lakin etmir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyır. Qondarma “Dağlıq Qarabağ Respublikası”nı isə tanımır. Bu, o deməkdir ki, Rusiya beynəlxalq arenada özünü düzgün aparır. Əgər Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onda Gömrük İttifaqının sərhədi Azərbaycanla Ermənistanın sərhədindən keçməlidir. Məsələ çox sadədir”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, əslində P.Bülbüloğlunun bu açıqlaması Azərbaycanın mövqeyinin ifadəsi deyil, mövqeysizliyi sayılmalıdır. Açıqlamadan da göründüyü kimi Azərbaycanın xarici siyasətdə hər hansı seçiminin olmadığını deyən F.Qəhrəmanlı vurğuladı ki, hakimiyyət nümayəndələri indiyə qədər Azərbaycanın Avrointeqrasiya kursuna sadiq qaldığını bəyan etsələr də, hazırda görünən odur ki, iqtidar həm cəmiyyəti, həm də Qərbi aldadıb: «Bu gün də artıq ifadə olunur ki, Azərbaycan Avropa strukturlarına inteqrasiya etmək niyyətində deyil. Bunun da səbəbi aydındır. Çünki Avropaya inteqrasiya ölkədə demokratik dəyişikliklərin baş verməsini sürətləndirə, demokratik islahatlar zərurətini meydana çıxara bilər. Ona görə də Azərbaycan hakimiyyətinin nümayəndələri Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» laihəsi gündəmə gələndən bu proyektin reallaşmasını yubatmaqla məşğuldurlar. Avropa Birliyinin son Vilnüs sammitində də göründü ki, hakimiyyət Avropa Birliyi istiqamətində konkret addım atmaq niyyətində deyil».
Hakimiyyətin qeyri-müəyyən xarici siyasət kursunu davam etdirməklə həm Avropa, həm də Rusiyadan eyni məsafə saxlamağa çalışdığını deyən F.Qəhrəmanlı bildirdi ki, nümayiş etdirilən bu neytral mövqe ölkəmizin maraqlarına uyğun deyil. Çünki bu mövqe Azərbaycanı Gömrük İttifaqından uzaq saxladığı kimi, ölkəmizin Avropa Birliyinə inteqrasiyasının da qarşısını alır: «Azərbaycanın iqtisadi, siyasi sahədə təhlükəsizliyi xeyli dərəcədə Avrointeqrasiya kursunun həyata keçirilməsindən asılıdır. Ona görə hakimiyyətin hazırkı kursunun davam etməsi iqtidar maraqlarının təmininə hesablanıb. Həm Gömrük İttifaqı, həm də Avropa Birliyi ilə eyni məsafənin saxlanılması hakimiyyəti qorumaq üçün seçilən kursdur. Bu hakimiyyətdən başqa, nə xalqın, nə də dövlətin maraqlarına uyğun deyil».
Xəyal