Telekanalların bərbad fəaliyyəti rejimin mahiyyəti ilə bağlıdır
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə yerli telekanalları tənqid edib: “Bir neçə gündür telekanllarda Şəkidə bir evdə özbaşına yanğın baş verməsi haqqında dalbadal süjetlər verilir. Həyəcanlı musiqi ilə müşayiət olunan verilişdə kəndin bütün qadınlarından münasibət öyrənilir, ancaq heç kim Elmlər Akademiyasının Fizika Institutunun alimlərinin bu məsələdə fikrini öyrənib efirə verməyə tələsmir.
Cəmiyyətə bir avamlıq və cahillik təbliğ edilir. Çox çətindirmi, istilik fizikası üzrə Elmlər Akademiyasının görkəmli bir aliminin fikrini öyrənib tamaşaçılara vermək? Bununla da yanğının çox sadə bir səbəbdən baş verdiyi üzə çıxardı, insanlarda elmi izaha, maraq artardı. Telekanalların verilişləri falçılarla doludur, adi bir təbiət hadisəsinin izahını mütəxəssis gözü ilə verməkdən çəkinirlər, alim fikrinin auditoriyadan kənara çıxmasına maraq göstərilmir”-deyə deputat etirazını bildirib.
Biz ölkə telekanallarının fəaliyyətin təqdir etmirik və efirə gedən verilişləri bərbad hesab edirik.
Ancaq, Aydın Mirzəzadənin dilindən bu reallıqları eşitmək insanda xeyli suallar yaradır.
Heç kimə sirr deyil ki, Əliyevlər dönəmində ölkə mətbuatına və telekanallara ciddi nəzarət tətbiq edildi və bu qurumlar keyfiyyətli “məhsul” istehsal etməyə imkan tapmadı.
Ancaq, müqayisə aparanda görmək olur ki, illər öncə televiziyalarda, müxtəlif verilişlər var idi ki, fərqli fikirləri, qarşılıqlı debatları tamaşaçıya təqdim edirdi və ekran qarşısında oturmağa həvəsli görünürdü. Məsələn, “Nəzər nöqtəsi”, “Əhatə dairəsi”, “Cəm” və digər verilişlər var idi ki, bu verilişlərdə müxtəlif dünya görüşlərinin, fərqli siyasi mövqelərin münasibəti göstərilirdi. Bu gün isə Azərbaycan tamaşaçısı ölkə telekanallarından imtina edib. Indi, hər bir evdə çanaq antenaları, kabel televiziyaları var ki, bu antenalar vasitəsilə insanlar xarici kanallara baxır və buna məcburdu.
Çünki, hökumət öz kölgəsindən də qorxaraq, fərqli fikri yayımlamağı, tənqidi efirə buraxmağı yasaqladı. Bu gün bir jurnalistin tənqidi, bir həkimin səhiyyədəki problemləri dilə gətirməsi, bir müəllimin təhsildəki bərbad vəziyyətdən danışması və bunun efirdən eşidilməsi mümkünsüzdür.
Aydın müəllim televiziyaları tənqid edərkən niyə bu yasaqlardan, televiziyaların müstəqil olmamasından danışmır?
Bugün hansısa haqqı tapdanan müxalifətçi, seçki saxtakarlığına şahid olmuş müşahidəçi efirə çıxa bilərmi?
Aydın müəllim, telekanalları bu günə kim gətirib çıxarıb? Yuxarıda sadaladığımız verilişlər niyə sıradan çıxarılıb?
Rejim telekanalları elə vəziyyətə salıb ki, telekanallar falçıların, müğənnilərin, ucuz verilişlərin hesabına tamaşaçı yığmağa məcbur olub.
Gecə-gündüz yalnız eyni adamların fəaliyyətindən danışılırsa, eyni adamların xidmətləri şişirdilirsə, eyni adamların təriflənməsi prosesi gedirsə və bütün bunlar ekranları zəbt edirsə, telekanalları ittiham etmək nə qədər doğrudur?
Bu gün Azərbaycan televiziyaları rejimin yetirməsidir, rejimin simasıdır və rejimin mahiyyətini ifadə edir.
Əgər doğurdan da telekanalların fəaliyyəti sizi narahat edirsə, qınaq obyektinə çevirəcəyiniz ünvan təmsil və tərif etdiyiniz hakimiyyətdir.
Ilham


