Dekabrın 24-ü “AILƏ” laboratoriyasının rəhbəri Ilham Əliyevin 52 yaşı tamam oldu. Internetdə yayılan şəkillərdən belə məlum oldu ki, “doğum günü kutlaması”nda ancaq ailə üzvləri iştirak edib, həm də hamısı yox. Bəlkə də elə ona görə tortu çox balaca bişirmişdilər: balaca tortun ətrafında çox böyük AILƏnin az sayda üzvlərinin olduğu görünürdü.
Sanki onlar da ağır gün-güzəran, dolanışıq üzündən ev-eşiklərindən, yurd-yuvalarından didərgin düşmüşdülər. Sanki onlar da ölkədəki özbaşnalığa, haqsızlığa etiraz etdikləri üçün zindana salınmışdılar, doğum günü məclisinə gələ bilməmişdilər: bir bacın olsun, amma ən əziz günündə qollarını boynuna dolayıb “canım qardaşım” deyib, üzündən öpmək bir yana, əgər sənə təbrik də yollamırsa, nəyə lazımdır milyardlar, bahalı mülklər, saysız-hesabsız şirkətlər? Iki kürəkənin olsun, amma şəkil çəkdirəndə qolunun biri boşluqda qalırsa, nəyə lazımdır qarşında əyilən saysız-hesabsız yaltaq məmurlar, səni qoruyan cangüdənlər? Cənablar, əmin olun, bir millətin göz yaşları, faciəsi üstündə qurulan taxt-tacda heç kim xoşbəxt ola bilməyəcək, çünki sarayın bütün qapı-pəncərəsindən hava yerinə, içəriyə qarğış, ah-nalə dolacaq…
Hardasa iyirmi ildən çoxdur qırmızı lenti kəsilən “AILƏ” laboratoriyası dözümlü, səbrli Azərbaycan xalqı üzərində təcrübə aparır. Analoqu olmayan laboratoriyada kainatı heyrətləndirən nəticələr əldə edilmişdir. Ilginc məlumatları başqa planetlərə gözəgörünməz məxluqlar dilləri topuq vura-vura ötürürlər: “Bu-ra-da a-dam-lar çö-rək-siz, su-suz ya-şa-yır-lar. Ar-tıq ha-va-sız ya-şa-yan-lar da var, on-la-rı Kür-də-xa-nı ad-lı ə-ra-zi-yə top-la-yır-lar…”. Azərbaycan o qədər sürətlə inkişaf edir ki, nəinki Yer üzündəki ölkələr, hətta başqa planetlərdə yaşayanlar da bizə paxıllıq edir. Robotlara ar olsun! Ancaq hissləri-duyğuları olmayanlar heç nə yemədən, içmədən yaşayanlara qibtə edə bilər. Yaxşı olar ki, başqa planetdəki dəmir qardaşlar neftsiz, qazsız uçurduqları “tarelka”ların sirrini bizə açsınlar. Onlar bizə benzinsiz uçmağı öyrətsinlər, biz də onlara yeməksiz yaşamağın reseptini verək. Robotların Azərbaycanda havanın olmaması haqqında başqa planetlərə ötürdükləri məlumatlar da böhtan və yalandır. Hava var, sadəcə biz onu da bundan sonra qaz, işıq, su kimi çox qənaətlə işlədəcəyik. Yeni ildə hava da sayğac qoyulmuş borularla əhaliyə veriləcək. Qazsız, işıqsız, susuz, yeməksiz yaşayan camaat, havasız da yaşaya bilər.
Məsələn, əgər əvvəllər “AILƏ” laboratoriyasına yardım etmək üçün gecələr işıqları, sobanı söndürüb yatırdıqsa, bundan sonra havanın da kranını bağlayıb, yorğanın altına həmişəlik girəcəyik. Dözümlü xalq, səbrli millət, əgər yeni ildə qapınızın ağzında, üzərində “Azərhava Açıq Səhmdar Cəmiyyəti” yazılan bildiriş-xəbərdarlıq görsəniz, təəccüblənməyin, Allahınıza şükür edin ki, boğmamışdan əvvəl xəbərdar edirlər.
Yeri gəlmişkən, Xızı rayonu tərəfdə Qızılqazmada təcili tikilən sarayda yaşayan sirli şahzadə haqqında əfsanələr danışırlar. Deyilənlərə görə, sirli şahzadə astma xəstəliyinə mübtəla olub və havasızlıqdan əziyyət çəkir. Şahzadəni bütün dünyanı gəzdirsələr də heç bir yerin havası ona düşməyib, ona görə də onu Qızılqazmadakı sarayda saxlayırlar. Ey vicdansız valideynlər, əgər qeyrətli, ləyaqətli Azərbaycan oğullarını haqsız yerə havasız zindanlara salırsınızsa, əlbəttə, sizin də övladlarınız havasızlıqdan əziyyət çəkəcək, sirli qalada dustaq olacaq.
Təəssüf ki, zalım, vicdansız valideynlərin qisasını Allah çox vaxt onların övladlarından alır. Əslində, ölkədə ən sağlam adamların da havası çatmır, Azərbaycan HAVAsı Qarabağda, zindanlarda dustaq olub: havasızlıqdan boğulan sirli şahzadənin, iyirmi ildir boğulan millətin dərdinin çarəsi Qarabağ torpaqlarında, dəyərli oğullarımızın azadlıqda olmasındadır. Min bir naz-nemətlə dolu süfrə başında tək-tənha qalan AILƏ başçıları, vicdanınız varsa, boğulan milləti, xəstə övladlarınızı xilas etmək üçün günahsız yerə həbs etdiyiniz dəyərli insanları azad edin, hünəriniz varsa, havası çatmayan şahzadəni Şuşa qalasına aparın!
Havası çatmayan sirli şahzadəni necə xilas etmək olar?
•