Ölkəmiz yanır

Ötən gün ölkə gündəmini II qrup Qarabağ əlili Zaur Həsənovun özünü yandırması xəbəri zəbt etdi. O, özünü yandırmazdan əvvəl bildirib ki, mülkiyyət hüquqları Həmkarlar Ittifaqı tərəfindən ciddi şəkildə pozulub.

Zaur Həsənov özünü yandırmaya da bilərdi. Əgər bilsəydi ki, ölkədə hüququn aliliyi təmin olunur, ədalətli məhkəmə var, o zaman özünə qıymazdı.

Səhv etmirəmsə Monteskyenin sözüdür: “Bir nəfərə qarşı olunan haqsızlıq, hamı üçün təhlükəlidir”. Bəli, bu ölkədə özünü yandıran Zaur oldu. Ancaq bu ölkədə yüzlərlə Zaurların, Əlilərin, Vəlilərin tüstüsü təpəsindən çıxır, yüzlərlə insan özünü yandırmamaq üçün təsəlli, ümid axtarır. Bu hadisədən toplum olaraq çıxaracağımız xeyli nəticələr, götürəcəyimiz xeyli ibrət var. Bizim ölkəmiz onsuz da 20 ildir yanır, 20 ildir ölkədən “yanıq” iyi gəlir. Şərlənərək həbsə atılan insanların aqibəti bizi yandırır, 9 milyonun haqqını 9 nəfərin oğurlaması bizi yandırır, 20 faiz torpaq itkisinin unudulması bizi yandırır. Bəli, bu xalq yana-yana yaşamağa adət edib.

Ancaq reallıq onu göstərir ki, yana-yana yaşamaq yanğımıza su səpmir. Əksinə, bu “yanğın” bizi eybəcər, kölə, yaltaq edir. Və bu “yanıq”lar nəticəsində toplumun mənəviyyatında “yanıq izləri” qalır. 

Biz yana-yana yaşamaqdan imtina edib, cəmiyyətdəki “kibrit” lərin yanğın törətməsinə imkan verməməliyik.

Ötən gün özünü yandıran Zaur Həsənov həm də Qarabağ qazisidir. O Qarabağ ki, işğaldan azad etmək üçün “Lazım”ı gözləyirik. Qarabağ qazisi isə özünü yandırmağı lazım bilir. Düşmən gülləsindən ölməyən vətəndaşımız, məmur “güllə”sindən ölmək üzrədir.

Istər-istəməz 165 metr hündürlüyü olan bayrağımızı xatırlayıram. Biz o bayrağı işğal olunmuş torpaqlarımızda asmaq istəyirik. Işğaldan azad edəcək adamlar isə, özünü asmağa, yandırmağa başlayıb. 

Görünür, vicdanı yanmış adamların ümidinə qalanda, cismani yanıqlar təsəlli olur.

Ancaq yenə də düşünürəm ki, bizim etirazımız bu formada olmamalıdır. Biz ədalətsizliyə qarşı etirazımızı yaşamaqla həyata keçirməliyik. Bugün özümüzü yandıraraq, ailəmizi, ölkəmizi xilas edə bilmərik. Çünki, bazarlarda qiymətlər də od tutub yanır və bu da kasıb xalqın mədəsinin “yanmağı” ilə müşahidə olunacaq.

Deməli, çıxış yolu fərdin xalqa çevrilə bilməsindədir. Biz tapdanan hüquqlarımızı 100 minlərin birgə etirazı ilə bərpa edə bilərik.

Zaur Həsənovun özünü yandırması ölkə telekanallarında adi bir hadisə kimi ötəri işıqlandırılacaq, ardınca yenə müğənnilərin didişməsi, analoqsuz inkişaf nağılları, yeni kəsilən lentlərin möhtəşəmliyi beyinlərə axıdılacaq. Bəli, insan faktoru yenə də, sonuncu yerdə qərarlaşcaq.  

Atəşkəs dövründə dünyasını dəyişən minlərlə əsgər dövlət səviyyəsində anıldımı? ADNA qurbanlarının qanı qurumamış bayram etmədilərmi? ADNA qurbanlarını yad etmək istəyənləri,  əsgər ölümlərinə etiraz edənləri həbsə atmadılarmı?

Bu ölkədə fərdi özünəhörmət tələbi, xalqın özünəhörmət tələbi səviyyəsinə çevrilməyincə, yanan adamları söndürmək ehtiyacı duyacağıq.

Əminəm ki, minlərlə insan Zaur Həsənovun özünü yandırma səhnəsinə baxanda “bu qədər haqsızlıq olmaz”, “camaat niyə onu söndürmür”, “bu, Allahsızlıqdır” və s. bu kimi sözlər işlədib.

Bəs, görəsən həmin adamlar “bu Qarabağ qazisinin yanmağında mən də günahkaram” deyə düşünübmü?

Hakimiyyət unutmasın ki, Zaur Həsənovun bədənindəki alov, ölkədəki yanğının söndürülmüş nümunəsidir və bu alovun söndürə bilmyəcəkləri nümunəsi də yarana bilər.

Ölkə vətəndaşları da unutmasınlar ki, susmaqla söndürülə bilən yanğınların səbəbinə çevrilirlər.