Özünü yandıran qaziyə görə mitinq təyin edildi VİDEO

Zaur Həsənovun intihar həddinə çatdırılması ictimaiyyətdə hiddət doğurdu

Onun döyüşçü yoldaşı sensasion açıqlama verdi; Baiskar deputat özünə bəraət axtarır

II qrup Qarabağ əlili Zaur Həsənovun Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının qarşısında etiraz olaraq özünü yandırması sosial şəbəkələrdə etirazlara səbəb olub. Bunula əlaqədar dekabrın 28-də aksiya keçirilməsi üçün “event” yaradılıb. Saat 15:00-da Fəvvarələr Meydanında keçirilməsi planlaşdırılan aksiyada əsas şüar “Qaziləri yandırma!” olacaq. “Event”də bildirilir ki, deputat Səttar Mehbalıyav ictimai qaydada üzr istəməli, qaziyə edilən haqsızlıq dərhal aradan qaldırılmalıdır. Bakının “Fəvvarələr” meydanında razılaşdırılmamış aksiya keçirilməsinə Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov münasibət bildirib. O, APA-ya açıqlamasında qeyd edib ki, paytaxtda razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: “Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, bunun qarşısı alınacaq”.

Zaurun mülkünün özünə qaytarılmasını tələb edirik

Bundan başqa dünən səhər saatlarında respublika ictimaiyyəti, Qarabağ qaziləri Zaur Həsənova dəstək üçün onun müalicə aldığı 5 nömrəli xəstəxananın qarşısına toplaşıb. Onların sayı 100-dən artıq olub. Qarabağ qaziləri mediaya açıqlamasında olaya hiddətlərini ifadə edib, bu vaxta qədər dövlət rəsmilərindən açıqlama gəlməməsini başa düşülməz hal kimi dəyərləndiriblər. Onlar deyib ki, bu gün üçün onların əsas qayğısı qazinin sağ qalmasıdır. Bundan başqa onlar baş verən hadisəyə görə məsuliyyət daşıyanların cəzalandırılmasını, məsələyə birbaşa ölkə başçısı Ilham Əliyevin müdaxiləsini gözləyirlər.

Xəstxana önündə çıxış edən Qarabağ qazisi Asif Yusifli hadisəyə etiraz olaraq şənbə gününə mitinq elan edildiyini açıqlayıb. O deyib ki, Qarabağda canını qoyan dəyərli insanların həyatının bu şəkildə məhv olmasına imkan vermək olmaz. O ümidvar olduğunu bildirib ki, mitinqə təkcə qazilər yox, əsgər və şəhid ailələri, ziyalılar, yazarlar biganə qalmayacaq.
Qarabağ Qaziləri Ictimai Birliyi isə Ilham Əliyevə müraciət ünvanlayıb. Birliyin sədri Etimad Əsədov  ANS PRESS-ə açıqlamasında bildirib ki, Qarabağ qazilərini və vətən qarşısında xidməti olan insanları belə vəziyyətə salmaq lazım deyil: “Bizi yandırmaq, acınacaqlı vəziyyətə salmaq, övladlarımızın gözü qabağında intihara cəhd etməyə vadar etmək lazım deyil. Bu çox dəhşətli bir haldır. Cənab prezidentə müraciət edirəm ki, belə halların qarşısı alınsın. Məmurların bizim başımıza açdığı oyunlardan xəbərdar olsun. Bir deputat, millət vəkili xalqın güzəranını yaxşılaşdırmaq, Qarabağ qazilərini və vətən qarşısında xidməti olan insanların güzəranını yaxşıladırmaq əvəzinə beş övladı olan bir şəxsin dolanışıq yerini əlindən alıb onu ölümə sürükləyib, intihar etməyə vadar edirsə bu çox dəhşətli hadır”.

Dünən həmçinin Qarabağ müharibəsinin bir qrup veteranı  Səttar Mehbalıyevlə görüşüb. Vətən Müharibəsi Əlilləri Ictimai Birliyinin rəhbəri Firudin Məmmədovun “Azadlıq” radiosuna bildirdiyinə görə, onlar bir sıra tələblər irəli sürüblər: “Səttar müəllim dedi ki, mənim heç nədən xəbərim olmayıb. Bizim üçün əsas məsələ Zaur Həsənovun sağlamlıq məsələsidir. Onun vəziyyəti çox ağırdır. Əsas tələbimiz bu oldu ki, onun müalicəsinə yardım etsinlər. O da söz verdi ki, kömək edəcəklər. Digər tələblərimizdən biri də Zaurun mülkünün  özünə qaytarılmasıdır”.
Deputat Səttar Mehbalıyev isə radioya bildirib ki. məsələdə adının hallanmasından çox pis olub: “Tək o deyil, 7-8 nəfər həmin ərazini zəbt ediblər. Həmin ərazini boşaltmaq barədə məhkəmənin qərarı olub. Məhkəmə icraçıları da öz vəzifələrini yerinə yetiriblər. Dəfələrlə həmin şəxs mənim qəbulumda olub. Və məndən məhkəmənin qərarını ləğv etdirməyimi istəyib. Mən ona buna səlahiyyətim çatmadığını demişəm. Bu məsələdə adımızın hallanmağına çox pis olmuşam”.

Səttar Mehbalıyevin uşaqlara da rəhmi gəlmədi

Zaur Həsənovun atası Həsən Həsənov ANS PRESS-ə deyib ki, oğlu bir neçə gün öncə də özünə Azneft meydanında od vurmaq istəyib. Lakin polislər bunun qarşısını alıb: “Gedib deyirdi ki, özümü yandıracam. Azərbaycan Həmkarlar Ittifaqları konfederasiyasının sədri Səttar Mehbalıyev isə ona ”yaxşı edirsən, get yandır” deyirdi. 15 gün qabaq özünü yandırmağa cəhd edib. Lakin o zaman Azneft dairəsində Səbail polisləri xahiş edərək onu bu əməlindən çəkindirə biliblər. Onlar dedilər ki, biz özümüz Səttar Mehbalıyevlə danışıb onu yola gətirərik, cənab Ramil Yusubova deyərik onu yola gətirər. Yenə xeyiri olmadı.
Neçə vaxtdır oğlumu yalandan aldadırdı. Başına min oyun gətirirdi. Bu günə qədər 12 məhkəmə olub. Hamısında oğlum uduzub, uda da bilməz axı. Səttar deputatdı, onun əli hər yerə çatır”.
Zaur Həsənovun qaynı Rüstəm Hüseynov virtualaz.org-a deyib ki, bu hadisəyə görə birbaşa Səttar Mehbalıyev günahkardır: “Işlətdiyi çayxananın sökülməsi ilə bağlı məhkəmə qərarından sonra Zaur müxtəlif qurumlara müraciət etdi. Bundan sonra Səttar Mehbalıyev obyektin sökülməyəcəyini vəd etdi. Amma sonradan vədini yerinə yetirmədi. Zaurun evi bank tərəfindən satışa çıxarılıb. Ona neçə vaxtdır biz qohumlar kömək edirik. Ancaq evini geri qaytarmaq üçün banka pul ödənilməlidir”.
Rüstəm Hüseynov qeyd edib ki, Zaur Həsənov deputata sonuncu dəfə müraciət edərkən Səttar Mehbalıyev “özünü yandıran deməz, gedib bunu eləyər” deyib. Zaur da Mehbalıyevin qəbuluna gedərkən uşaqlarını da özü ilə aparıb: “Deyirdi ki, bəlkə uşaqlara yazıqları gəldi. Amma Səttar Mehbalıyevin uşaqlara da rəhmi gəlmədi”.

Deputat Qarabağ qazisinin başına torba keçirdib

Firudun Məmmədov isə virtualaz.org-a sensasion açıqlama verib: “Səttar Mehbalıyev ANS-ə açıqlamasında Zaur Həsənovu ”şərçi, şantajçı” adlandırıb. Amma o, Qarabağ əlilinə zülm edib. Bunun fərqində olmalıdır. Bunu mənə Zaur özü danışıb. Zaur deyirdi ki, o, çayxanasının sökülməsinə etiraz edən zaman deputat Səttar Mehbalıyevin adamları gecə saat 12-də həmin çayxanaya gəliblər. Onlar Zaurun başına torba keçirdərək onu deputatın villasına apartdırıb. Gecə saat 12-də Zauru gözü bağlı öz ayağına apartdıran Səttar Mehbalıyev ona şikayətlərini geri götürməyi əmr edib, əks halda daha pis aqibətlə hədələyib. Əgər Zaur şərçidirsə, bunu elə həmin vaxt mətbuata açıqlayardı. Bizim – onun cəbhə yoldaşlarının hamısının deputatın bu torbakeçirmə əməliyyatından xəbərimiz vardı. Sadəcə məsələ həllini tapsın deyə bunu o zaman açıb-ağartmadıq. Dedik bəlkə deputat nə elədiyinin fərqində olar, problem bəlkə sakitcə, anlayışla həll olunar”.
Məmmədov deyib ki, məsələ ilə bağlı Milli Məclisin Insan Haqları Komitəsinin sədri, deputat Rəbiyyət Aslanova ilə də görüşüblər: “Mən də həmin görüşdə iştirak etdim. 60 Qarabağ əlilinin müraciətini Rəbiyyət Aslanovaya verdim. Rəbiyyət xanım da elə bizim yanımızda bu barədə spiker Oqtay Əsədova məlumat verdi. Amma sonrakı müraciətimizdə bizi Rəbiyyət Aslanovanın qəbuluna buraxmadılar. Onun yanındakılar dedilər ki, bizim Səttar Mehbalıyevə gücümüz çatmır. Bu məsələdən Səttar Mehbalıyevin qudası, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun da xəbəri var. Əli Həsənova da müraciət ünvanlamışıq, amma nəticəsi olmayıb”.
Qarabağ qazisi daha bir maraqlı fakt açıqlayıb. Deyib ki, Səttar Mehbalıyevin şəhid olmuş qardaşı da onların, o cümlədən Zaur Həsənovun döyüş yoldaşı olub.
AHIK katibi Nadir Əliyev Firudun Məmmədovun dediklərini inkar edib. O, Zaur Həsənova qarşı heç bir təzyiq olmadığını bildirib: “Zaur Həsənovun başına torba keçirilməsi və ona təzyiq edilməsi barədə deyilənlər yalandır. Zaur Həsənovla bağlı suallara AHIK mətbuat xidməti daha dəqiq cavab verə bilər”.

Əliyev üçün kiminsə Qarabağ uğrunda döyüşməsinin əhəmiyyəti yoxdur

Dekabrın 28-i saat 15:00-a təyin edilən mitinqə gəlincə, siyasi partiyalar da aksiyaya dəstək verəcəklərini bildirirlər.

AXCP sədrinin müavini Əbülfəz Qurbanlı qeyd edib ki, yaranmış vəziyyət hakimiyyətin Qarabağ qazisinə münasibətinin göstəricisidir və hüququ pozulmuş hər bir vətəndaş bu məqsədlə keçirilən aksiyada iştirak etməlidir: “Biz hesab edirik ki, bu tipli hadisələr Azərbaycanı zəiflədir, xalqın gələcəklə bağlı ümidlərini sarsıdır. Bu həm də onun göstəricisidir ki, Ilham Əliyev üçün kiminsə Qarabağ uğrunda döyüşməsinin fərqi yoxdur. Əksinə, o vətənpərvər insanlara, anti-milli damğasını yapışdırmaqla məşğuldur. Biz istərdik ki, bu mitinqdə Qarabağ qaziləri, şəhid ailələri, məcburi köçkünlər, bir sözlə haqqı tapdanan hər kəs iştirak etsin. Biz partiya olaraq bu aksiyanı dəstəkləyirik və müdafiə edirik”.

Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, baş verənlər hakimiyyətin mahiyyətini ifadə edir və bu məsələyə etiraz olaraq meydanlara çıxmaq zəruridir: “Bu məqsədlə mitinqin keçirilməsini doğru hesab edirəm, bunu dəstəkləyirəm və Müsavatçılar bu mitinqə dəstək verməkdə sərbəstdirlər”.
KXCP sədrinin müavini Xəzər Teyyublu hesab edir ki, Qarabağ qazilərinə diqqət prioritet olmalıdır və bu baxımdan təmsil etdiyi partiya keçiriləcək mitinqi dəstəkləyir: “Qazilər bizim canlı şəhidlərimizdir. Biz bu mitinqi müsbət qiymətləndiririk və hesab edirik ki, qazilərə dəstək olmaq, onları tək qoymamaq lazımdır”.

“EL” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev bildirib ki, baş vermiş hadisə ilə bağlı Milli Şura mövqe bildirməlidir və bu ədalətsizliklərə son qoyulmalıdır: “Düşünürəm ki, səbrin bir həddi var və bir gün bu səbr kasası daşmalıdır. Reallıq onu göstərir ki, vətəndaşa hörmətsizlik, sayğısızlıq Azərbaycanda hakimiyyətin siyasətinə çevrilib. Bütün dünyada qazilərə, əlillərə, ümumiyyətlə müharibə iştirakçılarına böyük qayğı göstərilir. Bizdə isə hakimiyyət qaziləri özünü yandırmaq həddin çatdırır. Hesab edirəm ki, xalqın maraqlarını müdafiə edən bir qurum kimi Milli Şura təcili toplantı keçirməli və bu məsələyə öz mövqeyini bildirməlidir”.

ADP sədri Sərdar Cəlaloğlu bu mitinqin keçirilməsinin qeyri-qanuni olmadığını və etiraz mitinqini dəstəklədiklərini bildirib: “Bu tipli mitinqlərin keçirilməsinə müxalifət dəstək verməlidir və biz də bunu alqışlayırıq. Bu işdə günahkar olan məmurlar cəzalanmalıdır. Çünki, bu cinayətdir, vətəndaşı özünü öldürmə həddinə çatdırmaqdır. Bu aksiyanın keçirilməsi tam qanunidir. Təsadüfi mitinqlər üçün heç kimdən icazə almaq lazım deyil və bu insanların haqqıdır. Bununla bağlı qəfil bir aksya keçirilirsə, buna qanun icazə verir. Aksiya iştirakçıları yox, bu hala səbəbkar olan məmurlar cəzalandırılmalıdır”.

AHIK-dən baş verənlərlə bağlı açıqlama

Dünən həmçinin AHIK-in mətbuat xidməti baş verənlərlə bağlı açıqlama yayıb. Açıqlamanı ixtisarla təqdim edirik: “Zaur Həsənovun ”Şıx” sanatoriyasına məxsus ərazidə tikib işlətdiyi iaşə obyektinin üzərində yerləşdiyi torpaq sahəsi keçmiş Bakı şəhər Xalq Deputatları Sovetinin 22 mart 1985-ci il tarixli 1/12 saylı qərarı ilə dənizkənarı sahil zonası yaratmaq üçün Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan “Şıx” sanatoriyası üçün ayrılmışdır. Həmin torpaq sahəsi hətta inzibati ərazi kimi Bakı şəhər Icra Hakimiyyəti başçısının 31 avqust 2000-ci il tarixli 811 saylı qərarı ilə Bibi-Heybət bələdiyyəsinə təhvil verilmiş olsa belə, onun mülkiyyətinə verilməmiş və torpaq istifadəçisi dəyişdirilməyib…
…Icarə müqaviləsi bağlanan zaman mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olmaqla “Şıx” sanatoriyasının qanuni istifadəsində olub.
Məhz yuxarıda göstərilən faktlara əsasən, Bibi-Heybət Bələdiyyəsi tərəfindən “Şıx” sanatoriyasının qanuni və daimi istifadəsində olan 1,67 ha torpaq sahəsi hüdudlarındakı 70 kv.m torpaq sahəsinin Həsənov Zaur Həsən oğluna icarəyə verilməsi, həmin ərazidə iki otaqdan ibarət ictimai-iaşə obyektinin tikilməsi, sahil boyunca stol və stulların qoyulması Bibi-Heybət Bələdiyyəsi tərəfindən yol verilmiş qanunsuzluq kimi qiymətləndirilməlidir. Zaur Həsənova verilmiş torpaq sahəsi bələdiyyə mülkiyyəti deyil və həmin torpaq sahəsi Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasına “Şıx” sanatoriyasının istifadəsi üçün verilmiş dövlət mülkiyyətidir. Ona görə də bələdiyyənin həmin torpaq sahəsinə dair sərəncam vermək səlahiyyəti yoxdur.
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan “Şıx” sanatoriyasının qanuni istifadəsində olan torpaq sahəsinin Həsənov Zaur Həsən oğlu tərəfindən zəbt edilməsi ilə bağlı məsələyə Azərbaycan Respublikası 1 saylı Bakı Yerli Iqtisad Məhkəməsində, Bakı Apelyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və Zaur  Həsənovun şikayətləri əsassız sayılıb”.