Eldəniz Quliyev Milli Şuradakı proseslərdən narazılığının mənbəyini göstərdi
Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov daşıdığı bu addan istefa verəndən sonra qurumda təmsil olunan “EL” hərəkatının Məclis sədri Eldəniz Quliyev bundan narazı qaldıqlarını mətbuata açıqlayıb. O, Milli Şura daxilində İbrahimbəyivun istefasına səbəb olan prosesin getməsinə etiraz edib. Quliyev belə bir vəziyyətdə “EL”in Milli Şurada təmsilçiliyi məsələsinin gündəmə gələ biləcəyini də qeyd edib.
“Yeni Müsavat” qəzeti isə mənbəyini göstərmədən belə bir xəbər yayıb ki, “EL Hərəkatı prinsipial qərarını verib və bu qurumun üzvləri yaxın günlərdə Milli Şuranı tərk edəcəklər. “Bunun səbəbi Milli Şura formatının onların nəzərində tamamilə iflas etməsidir. EL hərəkatı üzvləri öz aralarında tamamilə başqa bir təşkilatı – AXCP-ni suçlayırlar. Onlar hesab edirlər ki, Milli Şura sədri Cəmil Həsənli artıq AXCP rəhbərliyinin tam təsiri altındadır və Milli Şura da adekvat olaraq, monopoliyaya götürülüb. EL-çilər bundan belə yeni format arayışında olacaqlar”, – deyə qəzet yazır.
Eldəniz Quliyev isə “Azadlıq”a açıqlamasında bu xəbəri təxribat adlandırıb: “EL hərəkatı Milli Şura məsələsində hansı mövqeyi tutacağını müzakirə etməyib. Heç kimin dilindən AXCP-ni günahlandırmaq çıxmayıb və çıxa da bilməz. Bunu təxribat kimi dəyərləndirirəm. Mən mətbuat vasitəsiylə Cəmil Həsənlidən xahiş etdim ki, açıqlama versin, bu məsələ hara qədər gedəcək? Rüstəm bəyin həmsədrlikdən, fəxri sədrlikdən imtinasının arxasında nəsə dayanır axı? Ağa ağ, qaraya qara desin, günahkarları desin. Bütün bunların arxasında Müsavat partiyasının “gözəl aktivliyi” dayanır. Rüstəm müəllimlə əlaqə saxlaya bilməmişəm. Çox təəssüf edirəm. Hər halda Milli Şura bu istefayla çox şey itirdi”.
Ramin DEKO


