Akif Muradverdiyev: “İstintaqda mənə Rüstəm İbrahimbəyov haqqında hər hansı sual verilməyib”
“Onurğamda iki yırtıq əmələ gəlib. Biri bel nahiyəmdə, o biri isə boynumdadır. Boynumdakı xeyli vaxtdır var, bel nahiyəmdə təzə yaranıb. Boynumda olan yırtıq həyatım üçün çox təhlükəlidir, hər an məni iflic edə bilər”. Bu sözləri hazırda həbsdə olan Prezident Administrasiyası Işlər Idarəsinin sabiq müdiri Akif Muradverdiyev “Media forum”un suallarını cavablandırarkən deyib.
Akif Muradverdiyev daha sonra bildirib ki, bundan başqa mədəaltı vəzidə xroniki yara var: “Xəstəliklərim ölkənin, Almaniya, Moskva, Kiyevin ixtisaslaşmış xəstəxanalarında təsdiq edilib və mən intensiv müalicə olunmuşam. Hazırda müalicə müəssisəsində həkimlər baxırlar. Ancaq onların xoş münasibətləri lazım olan müalicəni verə bilməz. Ixtisaslaşmış tibbi mərkəzlərdə belə çox çətinliklə müalicə olunan xəstəlikləri burada müalicə etmək mümkün deyil”.
Akif Muradverdiyev ona qarşı irəli sürülən ittihama münasibət bildirərkən deyib: “Mənə qarşı irəli sürülən qaçaqmalçılıq ittihamı çox gülünc və ağlasığmazdır”.
Keçmiş işlər müdiri əlavə edib ki, onun sabiq nazir Nicat Quliyevlə və Rüstəm Ibrahimbəyovla heç bir əlaqəsi olmayıb: “Mən Nicat Quliyevi son 15 ildə iki dəfə yas mərasimində uzaqdan görmüşəm. Heç əl tutub görüşməmişəm də. Eləcə də məni tanıyanlar çox yaxşı bilir ki, mən Rüstəm Ibrahimbəyov və onun yaxınları ilə heç xeyir-şər mərasimlərində belə uzaqdan-uzağa görüşməmişəm. Rüstəm Ibrahimbəyovun məşğul olduğu ədəbiyyat və incəsənət sahəsi ilə mən məşğul olmamışam. Ona görə də istintaqda mənə Rüstəm Ibrahimbəyov və Nicat Quliyev haqqında hər hansı sual verilməyib.
Bəziləri mənim AMIP lideri Etibar Məmmədovla əlaqələrimin olduğunu yazır. Etibar Məmmədovu son dəfə 2003-cü ilin oktyabr ayında görmüşəm. Onunla nə siyasi münasibətlərimiz olub, nə də yoldaşlıq münasibətlərimiz. 1995, 2000-ci illərdə Milli Məclisin üzvü kimi onunla iclas zamanı kənardan-kənara salamlaşmışıq. Mən on ildən artıqdır ki, Etibar Məmmədovun nə ilə məşğul olduğunu bilmirəm”.
Akif Muradverdiyev iyun ayında tutulub. Xəzər Rayon Məhkəməsinin 13 dekabr hökmü ilə qaçaqmalçılıqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum olunub.
Bundan əvvəl isə 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhdə hazırlıqda ittiham edilərək həbs olunub.


