Kartofun kəskin bahalaşması gündəmdən düşmür. Bəs bütün ölkələrdəmi bahalaşma baş verib? Həm də niyə bizdə bu qədər çox bahalaşdı kartof?
Freshmarket.pl “http://www.freshmarket.ru/” saytı Avropada tərəvəz və meyvələrin qiymətini öyrənməyim üçün daim istifadə etdiyim mənbələrdən biridir. Burada bütün Avropa qiymətləri barədə məlumatlar almaq olur, üstəlik, yaşayış səviyyəsi bizə nisbətən yaxın bir Avropa ölkəsi kimi Polşadakı qiymətləri ətraflı analiz etmək mümkündür. Ekoloji təmiz kartofun topdan qiyməti hazırda bu ölkədə stabildir. 23-33 ABŞ sentinə 1 kq ağ və qırmızı kartofu almaq mümkündür. Pərakəndə qiymətlər də bundan azacıq çoxdur və bahalaşmadan söhbət gedə bilməz.
Noyabrın sonlarında Ukraynada tərəvəz və meyvələrlə bağlı beynəlxalq konfrans keçirilib və orada yerli mütəxəssislər bildiriblər ki, bu il kartofun qiyməti nisbətən qalxıb. Amma nə qədər?! Hazırda 1 kq kartofun qiyməti Ukraynada 4,5-5,5 qriven (0,55-0,67 qəpik) arasındadır. Hətta ekspertlər qarşıda da bahalaşma olacağını söyləyib. Proqnoza görə, kartofun qiyməti yaza yaxın dövrlərdə 85 qəpiyə qalxa bilər. Amma bizdə indidən yerli kartof 1 manat 40 qəpiyə, ən ucuz Iran kartofu isə 1 manata qalxıb. Fərq ağlasığmazdır.
Mən müxtəlif ölkələrdə kartofun qiymətlərini ən yeni statistika cədvəllərindən sadalaya bilərəm. Amma bu hallarda adətən xaricdə yaşayan soydaşlarıma Facebookda bu barədə sual yollayıram. Bu dəfə də onlardan hazırda kartofu neçəyə aldıqlarını sordum. Bəzi cavablarla aşağıda tanış olun.
A.A.: Bizdə Gürcüstanda 1 kq kartof 50 qəpik, yəni 1 laridir.
S.A.: 2-7 Isveç kronu arasında dəyişir, yəni 15-18 qəpik.
H.I.: Şimali Kiprdə 65 qəpik.
A.H.: Hollandiyada 5 kq-ı 2 avroya.
B.A.: Nyu-Yorkun Şimalında 2,2 kq-ı 1,99 dollar.
R.S.(Isveç): Indi bayrama görə 20 qəpikdir, 5 kq-lıq bağlama 1 manat.
R.Y.: ABŞ-da 1 kq 0,30 sentə.
N.K.: Istanbulda 1 kq 1-1,3 TL.
S.M.: Hollandiyadayam, indicə bazardan gəlirəm, kartofun 5 kq-lıq bağlamasını 1 avroya aldım.
G.Z.: Fransada 10 kq-lıq bağlamada hər kilosu 0,54 avroya.
E.Ə.: Alma-Atıda mərkəzdə 55 qəpik, kənarda 40-45 qəpik.
Ə.A.: Fransada 10 kq-lıq bağlama 5 avro.
Ə.Ə.: Bostonda 1 kq 1 dollara.
M.Ə.: Kazanda 1 kq kartof 12 rubl.
Dəyərli oxucular, bilmirəm bunlar sizin üçün necə xəbərlərdir. Amma siz bir şeylə hökmən öyünə bilərsiniz ki, hazırda dünyanın ən bahalı kartofunu yeyirsiniz.
Kartofun başına gələnlər
Kəskin bahalaşmanın səbəbi nədir? Mən bizim mütəxəssislərin fikirlərini də diqqətlə izlədim. Gəldiyim ümumi nəticə sadədir. Ən birinci amil yerli məhsulun qıtlığıdır…
Benzinin bahalaşması həm kartofun qiymətinin artmasına səbəb oldu, həm də qıtlığın bu qiymət artımına təsirini sürətləndirdi. Hökumətin yalanlarına baxmayın, kənd təsərrüfatı il-ildən bərbad hala düşür. Elan olunan statistikalar siyasi uydurmalardır. Azərbaycan Dünya Ticarət Təşkilatına daxil olmadığı üçün fermerlər çox məhsul istehsal edəndə malını sabit və keyfiyyətli ticarət infrastrukturuna çıxara bilmir, ya çox ucuz satır, ya da sata bilmədiyi üçün onun məhsulu çürüyür. Odur ki, növbəti il məhsulun istehsalını azaldır, ya da tamamilə bu işdən imtina edir. Nəticədə qıtlıq yaranır. Dünya ticarət şəbəkəsinə daxil olmaq bizim kənd təsərrüfatını məhsullarının rəqabət gücünü artırar, onun böyük anbar və bazarlara çıxışına təmin edər, məhsuldarlığı yüksəldər, maya dəyərini aşağı salar, bolluğu stabil qazanca çevirərdi. Bu isə yoxdur. YAP hakimiyyəti rüşvət, korrupsiya və inhisar maraqlarına görə bu perspektivi bağlayıb, kəndliyə solyarka paylamaqla baş yozur.
Təsəvvür edin, gələn il kartofda çox pul olduğunu düşünüb onu becərənlər arta bilər, amma qiymət bu dəfə istehsalı sərfəli etməyəcək qədər düşəcək. Maya dəyəri də çox yüksəkdir. Çünki bu cür situasiya maya dəyərini aşağı sala bilən və aşağı qiymətlərə də tab gətirən stabil fermerlərin formalaşmasına mane olur.
Ikinci amil əlahəzrət inhisardır. Hər kəsin ölkəyə istədiyi malı və istəyi qədər gətirmək imkanı yoxdur. Yerli məhsul qıt olanda idxala nəzarət edən inhisarçının işi daha yaxşı gedir, bazara diktə edə bilir. Gətirdiyi məhsulun qiymətini kifayət qədər qaldıra bilir. Təbii ki, xaricdən gələn ən keyfiyyətsiz kartof bahalaşdırılanda onsuz da qıt olan Gədəbəy və Tovuz brendi daha kəskin qalxır. Dünyanın ən bahalı kartofu məhz bu cür yaranır.