Gənclik sərvəti

Ölkədə 100 minlərlə həmyaşıdlarımız var ki, elementar ehtiyaclarını ödəyə bilmirlər, gündəlik tələbatlara cavab vermək üçün qul bazarlarında növbəyə dururlar. Yəni bizim qoca məmurlar kimi milyardlarımız, villalarımız, holdinqlərimiz yoxdur. Biz kirayələrdə yaşayırıq, kredit bataqlığında qalmışıq. Ancaq bizim elə bir sərvətimiz var ki, 20 ildir sərvət yığanlar bu “xəzinə”ni istəsələr də ala bilməzlər. Bu sərvət GƏNCLIK sərvətidir. Bizim enerjimiz, daha çox oxumaq imkanımız, uzaq gələcək üçün müsbət layihələr hazırlamaq potensialımız var. Biz bu sərvəti çayxanalarda, mənasız mübahisələrdə, zərərli vərdişlərdə xərcləməməliyik.

Qoqol deyirdi ki, “gənclik ona görə xoşbəxtdir ki, onun gələcəyi var”. Biz imkan verməməliyik ki, gələcəyi olmayanlar, gələcəyi olanların bugününü məhv etsin.

Bayron “ömrün ən təhlükəli dövrü gənclikdir” deyəndə, gənclik dövrünün yanlış seçimlərə həssas olduğunu, bu dövrdə emosiyaların ağlı üstələyə bilməsi ehtimalını nəzərdə tuturdu. Bu gün ölkədə yetərincə cəsarətli, intellektual, doğru seçim etmiş gənclər var ki, bu gənclər demoratik mübarizənin önündə gedirlər. Gənc vaxtlarından şərəfli ömür yolu seçən insanların gələcəkdən keçmişə boylanması qürur verir.

Biz hər gün bu ölkənin sərvətlərinin talanmasından, insan haqlarının tapdanmasından danışırıq və bundan hamılıqla narahat oluruq. Ancaq unutmayaq ki, ölkə sərvətlərinin talanmasına son qoymaq üçün, gənclik sərvətini düzgün  “xərcləmək” lazımdır. 

Biz Allahın bəxş etdiyi bu mənəvi sərvətlə, sərvət oğrularının nə qədər kasıb olduğunu sübut etməliyik. 

Nökər xalq və “Şahdəniz-2″

Ölkə telekanallarına baxanda, hakimiyyətin nəzarətində olan qəzetləri oxuyanda insan düşünür ki, həqiqətən dinamik inkişaf tüğyan edir. Hər gün yeni açılışlar, kəsilən lentlər, yeni layihələr və s. ac xalqa, “tezliklə yeyib doyacaqsan” mesajını verir. Yeni neft sazişləri imzalanır, qaz kəmərləri istifadəyə verilir. Əslində, bu baş verənlər sevinclə qarşılanmalı, gələcəyə ümidi artırmalı, gələcək nəsillərin sığortası kimi dəyərləndirilməlidi. Ancaq normal ölkələrdə bu qənaətə gəlmək mümkündür. Bizim ölkədə isə neftdən, qazdan ölkəyə daxil olan milyardlar insanlara pis gələcək, daha da kasıb həyat vəd edir. Çünki bu milyardlar bir qrup “yarımçıq” adamın var-dövlətinin bütləşməsinə xidmət edir. Yəni bu dövlətin sığortası olan neft-qaz məhsulları məqsədyönlü şəkildə tükəndirilir. Reallıq onu göstərir ki, 100000 barrel neft istehsal olunanda da, 50 milyon barrel neft satılanda da xalqın yaşayışında zərrə qədər yüksəliş hiss olunmur.

Indi də hakimiyyət gecə-gündüz “Şahdəniz-2″ layihsənin uğurlarından, analoqsuz inkişafın növbəti göstəricisi olmasından danışır. Kasıb xalqa demək istəyirlər ki, bizim növbəti qazancımıza sevinin, bizim varlanmağımıza əl çalın. Ancaq bunun qarşılığında təşəkkür də etmirlər. Əksinə, kartofun, yumurtanın, benzinin qiymətini qaldırırlar. Kasıblıq ayıb deyil, ancaq başa vurulan şilləyə şükr etmək biabırçılıqdır. Biz indi xalq olaraq bu biabırçılığı hər gün özümüzə rəva bilirik.

Rejim isə deyir ki, “Şahdənzi-2″ Avropanın enerji xəritəsini dəyişəcək. 20 ildir ki, bu ölkənin xəritəsi dəyişib. Bir vaxtlar xəritədə qartala oxşayan ölkəmiz, 20 fazilik işğaldan sonra qolu qırılmış qartala oxşayır. Bu ölkənin işğalda olmayan hissəsinin də xəritəsi dəyişib. Məmurların milyonluq villaları, hasarladıqları dəniz sahilləri, uçurduqları dağ massivləri də ölkənin xəritəsini dəyişib. Öz ölkəsinin xəritəsini dəyişən, xalqın təfəkküründə köləlik hissini hakimə çevirməyə çalışan bir rejim xalqın rifah içində yaşaması üçün xəritə çəkə bilməz.