Oqtay Şirəliyev bu sahəni özəl klinikaların əlindən almaq istəyir
Səhiyyə naziri Oqtay Şirəliyev müayinə xidmətini özəl klinikalardan almağa çalışır. Lakin nazir özəl klinkaların oliqarx məmurlara məxsus olduğunu bildiyindən bu işi çox ehtiyatla görür.
Təsadüfi deyil ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında dövlət xəstəxanalarında həkimlərin xəstələri müayinələr üçün özəl sektora göndərməsinin qanunsuz olduğunu bildirib. Onun sözlərinə görə, əvvəllər dövlət müəssisələrinin laboratoriyaları lazımı səviyyədə olmasa da, artıq bu problem həll olunub. Indi laboratoriyalar lazımi səviyyədədir. “Dövlət xəstəxanalarında həkimlərin xəstələri müayinələr üçün özəl sektora göndərməsi qanunsuzdur. Təəssüf ki, biz hələ də belə hallara rast gəlirik”, – deyə Anar Qədirli bildirib.
O həmçinin vətəndaşlardan bu məsələdə kömək istəyib: “Səhiyyə Nazirliyi firma blanklarının ləğvinə nail oldu. Indi də bu məsələyə qarşı tədbirlər görür. Amma biz vətəndaşlardan da yardım gözləyirik. Baş verənlərlə bağlı nazirliyin ”qaynar xətt”inə məlumat versinlər”.
Dövlət müəssisəsilərində çalışan həkimlərin xəstələri müyainə üçün özəl klinikalara göndərməsinin ciddi səbəbləri var. Səbəblərdən biri özəl klinikaların dövlət müəssisələrində çalışan həkimlərin onlara xidmət göstərməsini stimullaşdırmasıdır. Yəni, dövlət müəssisəsində çalışan həkim bilir ki, özəl klinikaya müayinə üçün xəstə göndərəcəksə, bunun qarşılığında “qonorar” alacaq. Lakin dövlət müəssisəsilərində bu yoxdur. Digər tərəfdən dövlət müəssisələrilə özəl klinikalar arasında qiymət fərqi demək olar ki, yoxdur.
Ekspertlər hesab edir ki, Səhiyyə Nazirliyi vətəndaşlardan yardım istəməkdənsə, dövlət xəstəxənalarındakı problemi aradan qaldırsın. Müayinənin qiymətini ucuzlaşdırsın, həkimləri stimullaşdırsın və s. Digər tərəfdən Səhiyyə Nazirliyi vətəndaşların köməyi olmadan da hansı həkimin xəstəni hansı özəl klinikaya göndərdiyini aydınlaşdıra bilər. Bunun üçün həmin klinikalaro sorğu göndərmək kifayətdir. Ekspertlərə görə, sadəcə Oqtay Şirəliyev özəl klinikaların sahibləri olan oliqarx-məmurlardan ehtiyatlanır və bu baxımdan necə deyərlər ilanı Seyid Əhmədi əlilə tutmaq istəyir. Ekspertlər deyir ki, Oqtay Şirəliyevin bu məsələyə diqqəti isə müayinə sahəsində böyük pulların dövr eləməsindən irəli gəlir.