Ərdoğanı hansı təhlükə gözləyir?

Elxan Şahinoğlu: «Həm daxildə, həm də xaricdə Ərdoğana qarşı bir yorğunluq yaranıb»

Türkiyədə baş verən hadisələrə artıq beynəlxalq aləmdən də sərt təpkilər gəlməkdədir. Rüşvət qalmaqalı ortaya çıxdıqdan dərhal sonra Ərdoğan hakimiyyətinin hüquq-mühafizə orqanlarında çalışan və iqtidara müxalif olan şəxsləri vəzifəsindən uzaqlaşdırması Avropa Birliyinin sərt təpkisinə səbəb olub. AB-nın genişlənmə siyasəti üzrə komissarı Ştefan Füle Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq edib.  Füle bəyan edib ki, Türkiyə baş naziri bu addımı ilə ölkəsinin Avropa İttifaqına üzvlük məsələsini riskə atır. AB rəsmisinin sözlərinə görə, Ərdoğan bu qurumun məhkəmənin müstəqilliyinə təminat verilməsi ilə bağlı tələblərini pozur və bu məsələ Türkiyənin AB üzvlüyü üçün ən vacib şərtlərdəndir. 

Ş.Füle bildirib ki, ötən həftə başladılan korrupsiya əməliyyatlarının ardından polis rəislərinin işdən çıxarılması və istintaq prosesi ilə bağlı qəbul edilən qanun araşdırmaların müstəqilliyinə kölgə salır. O deyib ki, bu vəziyyət AB-nın daha əvvəl də irəli sürdüyü düzgün polis və məhkəmə sistemləri tələblərini pozur.

Ərdoğanın bundan başqa ABŞ səfirinin timsalında xarici ölkə səfirlərinə Türkiyənin daxili işlərinə qarışmamaqla bağlı sərt xəbərdarlığı da rəsmi Ankara ilə beynəlxalq aləm arasında münasibətləri gərginləşdirir. Bəs baş verənlərin mahiyyəti nədən ibarətdir? Həqiqətənmi Türkiyə hakimiyyətinin təqdim etməyə çalışdığı kimi beynəlxalq aləmdə Ərdoğana qarşı bir koalisiya formalaşmaqdadır? Və hazırda Türkiyədə cərəyan edən hadisələr bunun təzahürü ola bilərmi?

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, hazırda Türkiyədə baş verənlərin siyasi və hüquqi tərəfləri mövcuddur. Ərdoğanın hazırda baş verənlərin siyasi tərəfinə münasibət bildirdiyini deyən E.Şahinoğlu vurğuladı ki, hüquqi tərəf isə unudulmağa çalışılır: «Əslində neçə ildir ki, belə məlumat dolaşır ki, Fətullah Gülənə bağlı olan şəxslər hüquq-mühafizə, məhkəmə orqanlarında özlərinə yer ediblər. Və faktiki olaraq dövlət içərisində dövlətdirlər. Amma Ərdoğan baş verənlərin hüquqi tərəflərinə münasibət bildirmir, adları halanan nazirləri istefaya göndərmir. Daha çox siyasi məsələnin üzərinə düşərək ona tələ qurulduğuna iddia edir».

Ərdoğanın sərt mesajının daha çox ABŞ səfrinə ünvanlandığını düşünən E.Şahinoğlu vurğuladı ki, buna da səbəb səfrin gyu müxalifət lideri ilə görüşündə «imperatorluğun sonu gəldi» kəlməsini işlədib. Bu ifadə də Ərdoğanı qıcıqlandırdığından o öz növbəsində əks addım atıb: «Amma doğurdan da həm daxildə, həm də xaricdə Ərdoğana qarşı bir yorğunluq yaranıb. Çünki Ərdoğan müsbət addımlarla yanaşı, səhv addımlar da atmağa başladı. Türkiyədə avtoritarizmə meillik, xarici siyasətdə ard-arda uğursuzluq gəldi. Gəzi olaylarından sonra Ərdoğanın tədricən cəmiyyəti razı salacaq bəyanatlar verəcəyi gözlənilirdi. Amma Gəzi olayları da xaricdən planlaşdırıldığı düşünülürdü. Halbuki insanlar öz narazılıqlarını ortaya qoymuşdular. Nəticədə hazırkı hadisələr baş verdi».

E.Şahinoğlunun fikrincə, Ərdoğan hazırda cəmiyyətdə baş verənlərə aydınlıq gətirməsə qarşıda onu ciddi problemlər gözləyə bilər. Qarşıdan bələdiyyə seçkilərinin gəlməsinə diqqət yönəldən E.Şahinoğlu vurğuladı ki, hazırkı siyasət seçkilərdə böyük uğursuzluğa aparır: «Artıq Ərdoğanın əleyhdarları sona qədər getməyi qarşısına məqsəd olaraq qoyub. Əgər son hadisələrə qədər «Zaman» qəzeti Ərdoğanın tərəfində çıxış edirdisə, hazırda mətbu orqanı Baş naziri sərt tənqid edir. Hazırda Türkiyədə amansız mübarizə gedir. Bu savaşda hər iki  tərəfin ciddi itkiləri olacaq. Əslində baş verənlər xaricdə Ərdoğanı zəiflətmək istəyən qüvvələrin də işinə yarayır. Amma hazırda Ərdoğana qarşı beynəlxalq aləmdə vahid koalisiyanın formalaşdığı fikri doğru deyil. Sadəcə olaraq beynəlxalq aləmdə də Ərdoğanın siyasətindən bir yorğunluq hökm sürür. Ərdoğan hər açıqlamasında ABŞ-ı, Avropanı ittiham edir. Ola bilsin ki, ABŞ və Avropada hansısa beyin mərkəzləri bu prosesdə maraqlı ola bilər, amma əsas məsələ ölkə daxilində baş verənlərdir».

Xəyal