Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu adlı bir qurum gənc yazarların hekayələrindən ibarət “13″ adlı kitabın yayılmasına qadağa qoyub.
Kitabı çapa hazırlayan gənc fəal Pərviz Əzimovun dediyinə görə, fondun aparat rəhbəri Faiq Qürbətov onunla əlaqə saxlayaraq, “Bu kitab yayılmamalıdır” deyib. Səbəbini soruşduqda isə bildirib ki, kitabda əxlaqsız sözlər var: “Kitabda ”məmə” sözü var. Utanmırsan, bu kitabı çap edirsən. Bu bizim milli-mənəvi dəyərlərimizə ziddir. Mən heç vaxt icazə verə bilmərəm ki, bu kitabı övladlarım oxusun”.
Bir halda ki, fürsət ayağımızadək gəlib, onu fövtə verməmək gərəkir.
Bu utancverici olaydan yola çıxaraq, bəzi önəmli saydığım məqamları hörmətli oxucularla paylaşmaq istəyirəm.
1. O söz əxlaqsız sözdürmü?
“Məmə” sözünü “əxlaqsız” elan edərək, bir kitaba yasaq gətirən zehniyyətdən soruşuram: Vaqifin bu misralarından xəbərdardılarmı?
Ağ məmə üstündən çatının zolu
Sən qıysan, mən sənə qıymanam, gəlin!
Yaxşı, bəs Aşıq Ələsgərin bu misralarından necə?
Əmdim, cana gəldim, sandım dirildim,
Necə şirin dadır bal məmələrin.
Indi Gənclər Fondunun aparat rəhbəri bu misralardan çıxış edərək, Vaqifin, Aşıq Ələsgərin “əxlaqsız şair” olduğunumu düşünür? Sağ olsaydılar, onlara da “gedin bu şeirləri öz ana-bacınıza oxuyun” deyəcəkdimi, deyə biləcəkdimi?
Əxlaqı hansısa bədən üzvü ilə müəyyənləşdirmək gerizəkalılıq əlamətidir.
Əxlaq ictimai hadisədir. Yalan danışmamaq, yaltaqlıq etməmək, harama əl uzatmamaq, yetim haqqı yeməmək, xalqın cibinə girməməkdir.
Heç kim rüşvəti alanda söyüş söymür, əksinə, kamali-ədəblə bir “sağ ol” da deyir. Yaxşı, indi bununla rüşvət alan əxlaqlımı olur?
“Məmə” sözündən utanmaq lazım deyil.
21-ci əsrdə bir kitaba yasaq gətirməkdən utanmaq lazımdır.
2. Azərbaycanda senzura yoxdur?
Illərdir yazıb dururuq: ölkədə senzuranın ləğvi barədə deyilənlər mifdir, filfilodur.
Sadəcə, kağız üzərində belədir, bu gün Azərbaycanda mətbuatdan mədəniyyətədək hər sahədə yasaqlar senzuranın rəsmən mövcud olduğu zamanlardakından daha şiddətli və dözülməzdir.
Əvvəla, hər kəsin içində nəhəng bir daxili senzura yaradılıb. Tabular çoxalıb. Toxunulmaz elan edilən şəxslər və mövzular xirtdəkdən yuxarıdır. “Toxunan yanar” qorxusu hər kəsin qəlbinə hakim kəsilib.
Ikincisi, gözümüzün önündə çoxsaylı örnəklər var. Telekanallara tənqidçi fikir buraxılmır. Aykırı düşünən hər kəsə həbsxana və mühacirət yolu açıqdır.
Ayaz Salayevin “Ehram TV” filminin siyasi səbəblərlə “yuxarılar” tərəfindən necə ilim-ilim itirildiyini uzun müddət yazdıq.
“Təhminə” filmindəki sevişmə səhnəsinin hakimiyyət TV-lərində “qayçılandığını” unutmamışıq.
Yazıçı Əli Əkbərin “Artuş və Zaur” romanının satışdan yığışdırıldığı da yaxın dövrün hadisəsidir.
Hansı birini yazaq, deyək. Nümunələr çoxdur. Amma buna zamanında təpki göstərməyəndə, etiraz etməyəndə, əvvəl-axır hər kəs ölkəni başına alıb gedən “qeyri-rəsmi senzura”dan nəsibini alır, onun qurbanına çevrilir.
3. Belə də olmalı idi
Rejim fondlarının (KIVDF, QHT-lərə Dəstək Şurası, Gənclər Fondu və s.) niyə, hansı məqsədlərlə yaradıldığını hər kəs bilir.
O fondların maliyyələşdirdiyi layihələrin amacı əsla və əsla tərəqqiyə xidmət etmir.
Məqsəd siyasi sistemi ayaqda saxlamaq, onun varoluşuna xidmət edən düşüncə və davranışları toplumun hər kəsiminə yaymaq, hər kəsin rejimdən asılılığını təmin etmək, onun bığının altından keçməsinə nail olmaqdır.
Odur ki, belə layihələrə qoşulub onları legitimləşdirməyə qarşıyam.
Gənc yazarların kitabını hazırlayan dostların da xoş niyyətinə şübhə etmirəm.
Amma hakimiyyət fondu ilə əməkdaşlığın sonunun belə olacağını da bilməli idilər.
Rejim pullarının olduğu yerdə azadlığa, bəşəri dəyərlərə yer olmadığının fərqinə varmalı idilər.
Ki, bu gün də bütün bunlar başlarına gəlməsin.
Unutmamalı idilər: “Ağa ilə bostan əkənin tağı çiynində bitər”.