Milli Şura və AXCP rəhbərliyi kollektivimizi təbrik etdi
“Azadlıq” qəzetinin 24 illiyində demokratik düşərgənin təmsilçiləri kollektivimizi yalnız buraxmadılar. Milli Şuranın sədri Cəmil Həsənli, AXCP Ali Məclisinin sədri Həsən Kərimov, Qadınlar Şurasının sədri Solmaz Hüseynova, partiya sədrinin müavinləri Nurəddin Məmmədli, Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Razi Nurullayev, Əbülfəz Qurbanlı və Qadınlar Şurasının üzvü Nüşabə Atakişiyeva redaksiyamıza baş çəkərək sevincimizi bölüşdülər. Qəzetin 24 yaşının tamam olmasına baxmayaraq bizə hədiyyə gətirilən tortun üzərində 25 yazılmışdı. Zənn etdik ki, bu, bir texniki xətadır. Lakin demə, dostlarımız bununla da «Azadlıq»a diləklərini çatdırmaq istəyiblər. Yəni, qəzetimizin öz mövcudluğunu bundan sonra da davam etdirməsini arzulayırlar. Ürək sözləri isə daha çoxdur…
«Azadlıq» gəlişi ilə cəmiyyətə azad ruh gətirdi»
«Azadlıq»ın keçdiyi uzun və şərəfli yol haqqında təəssüratlarını bölüşən Cəmil Həsənli qəzetimizin ilk nömrəsini yaxşı xatırladığını deyir:
– «Azadlıq»ın kollektivini ürəkdən təbrik edirəm. «Azadlıq» qəzetinin 24 dekabrda işıq üzü görən birinci nömrəsi çox yaxşı yaddımdadır. Birinci səhifədə Tofiq Fikrətin «Millət şərqisi» şeiri dərc olunmuşdu. «Azadlıq» həmin dövrdə öz gəlişilə cəmiyyətə azad ruh gətirdi. Bu 24 il ərzində «Azadlıq» sözün tam mənasında müstəqillikdən azadlığa doğru böyük bir tarixi prosesin mərkəzi və ocağı olub. Bu müddət ərzində azad sözün, azad fikrin müdafiəsində «Azadlıq»ın müstəsna xidmətləri var. «Azadlıq» böyük bir yol keçib. «Azadlıq» Azərbaycanın azad mətbuatının sinvoluna çevrilib. Bu günləri mən böyük məmnuniyyətlə «Azadlıq»ın ilk redaktoru Nəcəf Nəcəfovu xatırlamaq istəyirəm. Nəcəf bəy çox təkrarsız adam idi. Bu qəzetin bünövrəsin Nəcəf Nəcəfov elə qoydu ki, onun müəyyənləşdirdiyi yol ilə «Azadlıq» bu gün də davam edir. «Azadlıq» həmin mübarizliklə cəmiyyətdə nüfuzunu qoruyub saxlaya bilir. Nəcəf Nəcəfov həm «Azadlıq» qəzeti, həm də bütövlükdə azadlıq məfhumu üçün bir dəyər idi. «Azadlıq»ın azad fikrə tapınması elə həmin bünövrənin qoyulması ilə bağlıdır.
«Azadlıq» azad sözün alınmaz qalasıdır»
Müstəqilliyin əldə olunmasında «Azadlıq»ın böyük əməyi olduğunu deyən Həsən Kərimov qəzetimizin böyük və şərəfli yol keçdiyini qeyd edir:
– İlk növbədə «Azadlıq»ın kollektivini təbrik edirəm. Böyük məmnuniyyətlə bu qəzetin yaranmasında müstəsna xidmətləri olan Nəcəf Nəcəfovu xatırlamaq və Allahdan ona rəhmət diləmək istəyirəm. Nəcəf bəyin Azərbaycanda demokratik mətbuatın formalaşmasında, «Azadlıq» qəzetinin yaranmasında böyük rolu var. «Azadlıq» böyük və şərəfli bir yol keçib. «Azadlıq» Xalq Hərəkatının yaşıdıdır və dövlətimizin müstəqillik əldə etməsində «Azadlıq»ın əməyi olub. 1993-cü ildən sonra isə «Azadlıq» qəzeti Azərbaycanda yaranmış totalitar rejimə qarşı mübarizə aparıb, azad sözün alınmaz qalasına çevrilib. «Azadlıq»ın təzyiqlərə, əməkdaşlarının təhdid edilməsinə baxmayaraq azad sözü qoruyub saxlaması böyük nailiyyətdir. Əminəm ki, «Azadlıq» qəzeti bu ənənəni bndan sonra da davam etdirəcək.
«Yarandığı gündən haqqın, ədalətin müdafiəsində dayanan qəzet»
Nurəddin Məmmədli qəzetimizin keçdiyi yola nəzər salaraq onun hər zaman hüququ pozulanlarına yanında olduğunu söyləyir:
– Azərbaycanda sovet imperiyasının dağılmasının son mərhələsində milli şüurun gündəmə gətirdiyi azadlıq və müstəqillik ideyasının carçısı kimi «Azadlıq» qəzeti çapının ilk günlərindən milyonların sevimlisinə çevrilmişdi. 24 il ərzində «Azadlıq» qəzetinin xalqımız üçün etdikləri bütöv monoqrafiyalara sığmaz. Qəzetin özünə məxsus ənənəsi var. «Azadlıq» qəzeti Azərbaycan jurnalistikası üçün əqidəsindən dönməz, müstəqil jurnalistlər yetişdirib. Yarandığı gündən haqqın, ədalətin müdafiəsində dayanan «Azadlıq» bu gün də hüquqları pozulanların müraciət etdiyi ünvandır. Daha bir önəmli cəhət ondan ibarətdir ki, qəzet bütün dövrlərdə, hətta AXC hakimiyyətdə olan zaman belə təzyiqlərlə üz-üzə olub. Amma bütün bunlara baxmayaraq qəzet ümumxalq sevgisi nəticəsində bütün sınaqlardan məğrurcasına çıxıb. Mən «Azadlıq» qəzetini yaradıb, dünyasını dəyişənlərə rəhmət, yaşayanlara isə uzun ömür arzulayıram. Qəzetə gələcəkdə daha böyük tirajla çap olunmağı arzulayıram.
«Azadlıq» fədakarlığın örnəyidir»
Fuad Qəhrəmanlı isə vurğulayər ki, «Azadlıq» qəzeti demokratik qüvvələrin avtoritarizmə qarşı mübarizəsində ön cəbhəni təşkil edir:
– «Azadlıq» qəzeti bütövlükdə avtoritarizmin məhv etmək istədiyi dəyərlərin müdafiəçisidir. Eyni zamanda «Azadlıq» qəzeti cəmiyyətin susdurulan bütün təbəqələrini müdafiə edir. İndiki halda «Azadlıq» mənəvi və siyasi missiyanın daşıyıcısıdır. Təsadüfi deyil ki, «Azadlıq» qəzetinə olan basqılar söz və mətbuat azadlığına qarşı təcavüz kimi dəyərləndirilir. «Azadlıq» təkcə problemləri tənqid etmir, cəmiyyətdəki mənfilikləri gündəmə gətirmir, hakimiyyətin korrupsiyasını ifaşa etmir, həm də avtoritarzimə qarşı mübarizədə bir örnək yaradır. Qəzetin kollektivi ən çətin şərtlər altında işləyərək, fədakarlığın örnəyini yaradırlar. Arzumuz odur ki, gün gəlsin, «Azadlıq»ın 25 illiyini qeyd edək və bu zamanı qəzetə olan təzyiqlərdən danışmayaq. «Azadlıq» qəzetinin üzləşdiyi təzyiqlərdən qurtulması, bütövlükdə cəmiyyətin dəyişməsi deməkdir.
«Azadlıq» hər zaman xalqın yanındadır»
Gözəl Bayramlı «Azadlıq»ı həmişə xalqın yanında olan yeganə qəzet adlandırır:
– «Azadlıq” qəzeti milli azadlıq mübarizəsinin canlı şahidi və iştirakçısıdır. Biz bu illərdə “Azadlıq”la birlikdə addımladıq. “Azadlıq” qəzeti Azərbaycan xalqının, azad sözün tribunasına çevrilib və azad sözün son qalası olub. Qəzet bu adı öz fəaliyyəti, prinsipi və azad sözə sədaqəti ilə qazanıb. “Azadlıq” yeganə qəzetdir ki, hər zaman xalqın yanındadır. “Azadlıq”ın 24 yaşını təbrik edirik.
«Hüququ pozulanlar üçün tribuna»
Razi Nurullayev “Azadlıq”ı azadlıq sevənlərin tribunası hesab edir:
– Artıq neçə ildir ki, «Azadlıq» hüquq müdafiəçiliyi ilə məşğuldur. Bu qəzet kimliyindən, sosial statusundan asaılı olmayaraq bütün hüququ pozulanlar üçün tribunadır. Qəzet bütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq yaşayıbsa, bundan sonra da yaşayacaq. Bu qəzetin yaşamasının dayağı Azərbaycan xalqının dəstəyidir. Azərbaycan xalqı nə qədər var “Azadlıq” qəzeti də yaşayacaq, xalqın maraqlarına xidmət edəcək.
«Doğru olmayanların ifşasında “Azadlıq”ın rolu»
Əbülfəz Qurbanlı qəzetin hazırda demokratiya uğrunda apardığı mübarizənin önəmini vurğulayır:
– Yaxşı ki, “Azadlıq” məhz bugün doğulub. Qəzetinin bu gün yaranması həm də simvolik məna daşıyır. Azərbaycanda doğru olmayanların ifşasında “Azadlıq” qəzeti mühüm rol oynayır və öz prinsiplərinə sona qədər sadiq qalır. Qəzeti 24 yaşı münasibətilə təbrik edirəm.
Xəyal