İnanmaq üçün bir səbəb

Türkiyədəki “Böyük rüşvət işi”nin açar adlarından olan iş adamı Rza Zərrabın Azərbaycandakı ortağının Qafqaz şeyxi Allahşükür Paşazadənin biznesmen-deputat qardaşı olduğuna dair iddia yayılıb. 

O iddianı da Şeyxin qardaşı ildırım sürəti ilə yalanlayıb, Zərrabın üzünü televiziyada görsə belə tanımayacağını deyib.

Çeşidli saytlarda, sosial şəbəkələrdə bu təkziblə bağlı şərhlərə, münasibətlərə baxıram: çoxluq inanmır, quşqu ilə yanaşır.

Günlər əvvəl Hafiz Məmmədov adlı bir iş adamının Fransa jurnalistinə rüşvət təklif etdiyi iddiası ortaya çıxanda da dərhal təkzib gəlmişdi, amma Hafiz Məmmədovun o təkzibinə də inanan biri olduğuna rastlamadım.

Istər-istəməz, oturub düşünür insan: əcəba, niyə?

Cavab sadədir: inanmaq üçün bir səbəb yoxdur, ona görə.

Ölkədə yalanın miqyası elə bir həddə çatıb, yalan idarəetmənin elə bir vazkeçilməz, aparıcı elementinə çevrilib ki, artıq bu sistemin içindən biri çıxıb qatığın ağ olduğunu desə belə, çoxluq qatığın həqiqətən ağ olduğuna inancını itirəcək, şübhə edəcək, quşqu duyacaq.

Demək ki, nə imiş – yalanla çox uzağa varılmazmış. Yalana heç kimdən dost olmazmış. Onun da çubuq kimi iki başı varmış: bir başı başqasına dəyəndə o biri başı sabah, birigün özünə toxunacaqmış.  

Həqiqəti isə yox etməmək, xor görməmək gərəkirmiş ki, bir gün sən özün də doğru danışanda inandırıcılığın qalsın, insanların ağlından “bu da növbəti yalan!” fikri keçməsin.   

Həqiqətə hər kəsin ehtiyacı var. Bu gün həqiqət, dürüstlük kiməsə sərf etmirsə, lazım deyilsə, o demək deyil ki, sabah da lazım olmayacaqdır.

Necə ki, bunun örnəklərini az qala hər gün yapçıların öz timsalında görür və yaşayırıq artıq.  

Cəmil Həsənlinin haqlı olduğu an

Milli Şura sədri Cəmil Həsənlinin “Yeni Müsavat” qəzetinə açıqlamaları içərisində bir məqam diqqətimi çəkdi.

Sitat: “Təşkilat güclü olmayanda nə sədrliyin, nə liderliyin mənası var”.

Hansı kontekstdə söylənməsindən asılı olmayaraq, bu son aylarda müxalifət cəbhəsindən eşitdiyim ən doğru təsbitdir. 

Bizdə sədrliyin, liderliyin təşkilatın önünə, üstünə çıxmasının çox parlaq örnəkləri var.

Məsələn, Rəsul Quliyevin adını az qala hər kəs bildiyi halda hansı partiyanın lideri olduğuna dair sorğu keçirsəniz, neçə adamdan doğru cavab alacağınızı təxmin etmək çətin deyil.

Lalə Şövkətin populyarlığı lider olduğu partiyanın çox üzərindədir.

Ən dözülməz, şiddətli siyasi polemikalar da partiyalar tənqid edildikdə deyil, sədrlər, liderlər tənqid edildikdə başlayır.

Bu ziyanlı yoldur və ondan imtina edilməsi heç zaman gec deyil.

Təşkilatları gücləndirmədən hətta ən güclü liderlə, sədrlə belə bir gün yorulmamaq, taqətdən düşməmək, bununla da səhv üstünə səhv etməmək, istəmədən də olsa, prosesin hərəkətverici deyil, zərərverici qüvvəsinə çevrilməmək mümkün deyil.

“Zero” xeyirli olsun!

Srağagün Bakıda yeni kitab mağazası – “Zero” Kitab Evi açıldı.

Dəyərli bir dost ailəsinə üz verən ağır itki səbəbi ilə rayonda olduğumdan qatıla bilmədim. Amma ölkə boyu kitabxanaların yox edildiyi…

Kababxanalara çevrildiyi…

Kitab mağazalarının qeybə çəkildiyi, kimlərinsə  iştahına qurban verildiyi…

Kitaba ögey, yad münasibətin hökm sürdüyü bir yerdə və zamanda “Zero” Kitab Evinə bu köşədən “xeyirli, uğurlu olsun” demək istəyirəm.

Yazar dostumuz Zahir Əzəmətin səyləri ilə açılan və Istiqlaliyyat küçəsi 71-də (Sabir bağı ilə üzbəüz) yerləşən kitab evinin qaranlığın kitablarla aydınlanacağına inanan hər kəsin sevimli ünvanına çevrilməsini diləyirəm.

Bəşəriyyətin qurtuluşu bilgidədir. Insanlığın xilası elmdə, mədəniyyətdədir.

Hər cürə şərə, pisliyə, faşizmə qarşı kitabla silahlananlar əvvəl-axır qalib gələcəklər. 

“Zero” bir daha xeyirli-uğurlu olsun!