Ölülər padşahı

Qanunlardan, məsuliyyətdən tamamilə azad kiçik bir qrup ölkədə növbəti bahalaşma dalğasına start verib. Səbəb aydındır: daha çox qazanmaq. Amma hələlik bu qarətə ağlabatan rəsmi izah yoxdur. Belə səssizliyin üzərindən buna ehtiyac da duymurlar heç. Lakin biz bu ölkədə yumurtaya görə müşavirə keçirildiyinin, iri məmurların, hətta nazirlərn buna görə hədəf alındığının şahidi olumuşuq.

Xalqın sakitliyinə isə izah tapılıb. Sən demə, səssizliyin kökündə xalqın müxalifətə münasibəti dayanırmış. Belə çıxır ki, xalq-müxalifət münasibətləri yaxşı deyilsə, hər cür soyğunçuluq legitimdir. Yüz minlərlə işsizin, 120 manat maaş verdikləri müəllimin, 95 manata layiq gördükləri pensiyaçının cibinə girib, çətin həyatını bir qədər də ağırlaşdırıb, onların buna etinasızlığını isə ölkənin ucqarlarına kimi ovuna çıxdıqları müxalifətin üstünə atmaq, ya məntiqsizliyin, ya da xalqı ələ salmağın göstəricisidir.

Ümumiyyətlə, xalqın belə artımlara etinasızlığının müxalifətə münasibətdən qaynaqlanması nə qədər inandırıcıdır? Xüsusilə də o iddiaları Siyavuş Novruzov səsləndirirsə…

Cənab Novruzov öz məntiqindən və ya məntiqsizliyindən bir qədər kənara çıxa bilsə, vəziyyətin fərqli olduğunu görə bilər.

Əlbəttə, “səssizlik” və “inamsızlıq” məsələsində haqlısız, inkar etmirik. Hətta bu səssizliyin və inamsızlığın acısını daha çox biz yaşayırıq, onu da etiraf edirik. Amma bu inamın Siyavuş Novruzovun düşündüyü kimi, müxalifətlə heç bir əlaqəsi yoxdur. Xalq, öz gücünə inanmır. Və xalqımızın Novruzovdan müdrik olmayan istənilən nümayəndəsi, Novruzovu və digər 124 nəfəri, hüquq və azadlıqların boğulmasını, ölkənin simasına çevrilən korrupsiyanı, rüşvəti, ədalətsizliyi, sərvətlərin talanmasını bu inamsızlığın nəticəsi kimi dəyərləndirir.

Bu həngamədən sonra əlbəttə, hansısa hökumət təmsilçisi kartofun qiymətindəki sıçrayışı, hətta Siyavuş Novruzov öz maaşındakı artımı da çəkinmədən, çox rahatlıqla xalq-müxalifət münasibətlərinin nəticəsi kimi dəyərləndirə bilər. Ona görə ki, xalqın səssizliyi bu adamlara qarşıda başqa yolun olmadığına əminlik yaradıb. Geriyə yol isə yoxdur. Sonacan, xalq özünə yol tapıb, yolsuzluqdan qurtaranadək hər şey indiki kimi, hətta daha kəskin davam edəcək. Əbədi hakimiyyət naminə, başqalarının bacarmadığını bacaracaqları  ümidilə davam edəcəklər.

Lakin dünyanın hansı coğrafiyasında “dilsiz-ağızsız” xalq, əbədi hakimiyyət təminatçısı olub? Xalqın susqunluğu, özünə inamsızlığı nə qədər qorxulu, nə qədər zərərlidirsə, onun susqunluğundan uzağa gedən nəticələr çıxarmaq da bir o qədər qorxuldur.

Hələlik xalq özünə inanmır. Amma onun olmalı olanı, onun layiq olmadığı hər şeyi dəyərləndirə bilir. O həm də hazırda “necədir” və onun ölkəsinin imkanlarına görə “necə olmalıdır” kimi suallara da özlüyündə cavab tapır.

Bütün hallarda qorxu və kinlə yüklənmiş əksəriyyət ciddi faciələrə səbəb olur. Zorakılıq və qorxu üzərində qurulmuş siyasəti yolverilməz sayan siyasi institutların, müxalifətin, vətəndaş cəmiyyətinin məhvinə sevinmək isə daha ciddi faciələr vəd edir.

Xalid Qarayev