Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsi bu gün Birinci Respublika Konfransını keçirir. Tam başa düşüləndi, “iclas”, “konfrans” sözü sıxıcıdır, illah da bazar günü oxucularda gərək, Həzrəti Yusif səbri ola ki, konfransa həsr edilən yazı oxusun. Ona görə bəndeyi-həqiriniz çalışacaq, cəbhəçi gənclərin konfransının prosedur qaydalarına, iclas gündəliyinə toxunmasın. Bir az rahat formada biz “kimdir bu adamlar, istəkləri nədir?” mövzusuna dalaq.
Bugünkü AXCP-ni bir az dərindən təhlil etsək, əslində, onun elə gəncliyin siyasi qüvvəsi olduğunu görə bilərik.
Partiya sədri Əli Kərimli siyasətə elə gənclik hərəkatının (“Yurd” Tələbə Gənclər Birliyi) nümayədəsi kimi qatılıb.
Istər Əbülfəz Elçibəyin sağlığında, istərsə də Əli Kərimlinin rəhbərliyi dövründə AXCP-də gənclərin sayı, partiya strukturlarında təmsilçiliyi heç bir partiya ilə müqayisə edilməyəcək qədər çox olub.
Yəqin, başqa belə bir nümunə yoxdur. Keçmişdə uzun müddət Əli Kərimli əslində, lüks sayılacaq bir əlamətinə görə tənqid olunub: onu ittiham edirdilər ki, çox gəncdir. 90-cı illərin qəzetləri əlinizə düşsə, Əli Kərimlinin gəncliyinə görə tənqidə tuş gəldiyi çoxlu sayda məqalə görə bilərsiniz.
Təbiidir.
AXCP yaranışından bəri ölkədə müqavimətin əsas ocaqlarındandır. Müqavimət, inqilab ruhunu kim gənclikdən daha gözəl və təsirli ifadə edə bilər ki?..
AXCP rəhbər orqanlarına yüngülvari göz gəzdirmək kifayət edir ki, “xəndəyin o biri tərəfindəkilərin” tədavülə buraxdığı, “müxalifətdə monopoliya var, yeni simaların irəli çıxmasına imkan verilmir” kimi fikirlərin iftira olduğuna əminlik yaransın. AXCP-nin məhdud saylı (25 nəfər) Rəyasət Heyətində Gənclər Komitəsinin indiki (Əbülfəz Qurbanlı) və keçmiş sədrləri (Seymur Həzi), gənclər məsələləri üzrə müşavir (Asif Yusifli) olmaqla, azı 8 gənc sayılacaq şəxs var. Əksər rayon şöbələrində də eyni vəziyyətdir. Bunu təmin etməyənlərinsə saçlarına tumar çəkilmir, əksinə, vaxtaşırı zamanın və partiyanın ana siyasətinin tələblərinə cavab vermədiklərindən nəsibləri acı tənqid olur.
AXCP Gənclər Komitəsi isə bizim siyasi arenanın ən uğurlu təsisatıdır. Cəbhəçilər zarafatla desələr də, AXCP Gənclər Komitəsi partiya içində partiyadır. Mən daha irəli gedib, AXCP Gənclər Komitəsinin təzə bir partiya olduğunu iddia edə bilərəm.
AXCP Gənclər Komitəsinin qabarıq gözəçarpmasının səbəbləri var. AXCP Gənclər Komitəsi həmişə var olub. Ancaq onun indiki kimi görünməməsinin bəzi səbəbləri var. Məsələn, 2005-ci ilin kütləvi aksiyalarına da AXCP Gənclər Komitəsi ayrıca kalonla, çoxsaylı üzvlərlə qatılırdı. Eləcə də 2005-dən qabaqkı vaxtlarda… Lakin ayrıca subyekt kimi diqqət çəkmirdi. Bunun səbəbi daha çox onda idi ki, həmin dövrlərdə siyasi partiyaların ağırlığı böyük idi, ən parlaq gənclik təşkilatı qocaman siyasi qurumların səfində seçilməz idi. 2005-dən başlayan siyasi böhran 2010-cu ilədək demək olar ki, kulminasiyasına çatdı və belə çətin dövrün öz qəhrəmanı lazım idi. Belə çətin şəraitdə AXCP Gənclər Komitəsi meydana çıxdı və ancaq zəhmət və fədakarlığı ilə özünü təsdiq etdi.
2008-dən üzü bəri elə bir əlamatdar ictimai-siyasi hadisə görə bilmərik ki, AXCP Gənclər Komitəsi ora imzasını atmasın. Bu fidan gənclik Qarabağ problemindən tutmuş, demokratikləşmə tələblərinə qədər ən çoxşaxəli məsələlərdə iştirakçı olub, bir çox hallarda isə təşkilatçı.
AXCP Gənclər Komitəsi üzvlərinin olmadığı aksiyanı təsəvvür etmək mümkünsüzdür. Komitənin az qala, hamısı sutkalıq həbs “çiləsi” çıxarıb, bir neçəsi uzunmüddətli həbs həyatından keçərək, nümunə yaradıblar.
Meydan öz yerində, komitə gənclərinin intellektul əməyi də ümumi müxalifət düşərgəsinin uğurudur. Komitədə bloq fəaliyyətilə məşğul olan onlarla gənc var. Onların yaradıcılığına yeganə bir irad var ki, yaşlarına yaraşmayan tənbəllik edirlər, vaxtaşırı qələmə sarılmırlar.
Bu gün onların tədbiridir.
Onlar yeni keyfiyyət dəyişikliyi etməyə iddialıdır. Diqqətlə konfransı dinləyib, növbəti qeydləri sizinlə bölüşmək ümidilə…
Hələlik gənc cəbhəçi dostlara, uğurlar!
Natiq Ədilov