Ramiz Zeynalovla Ziya Məmmədov arasında «evakuator savaşı»
Nəqliyyat naziri Ziya Məmmədovla Baş Dövlət Yol Polisi Idarəsi (BDYPI) rəisi general Ramiz Zeynalov arasında ziddiyyət yaranıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, ziddiyyətlərin kökündə Nəqliyyat Nazirliyinin BDYPI-nin səlahiyyətlərinə şərik çıxmasıdır. Söhbət ondan gedir ki, bundan sonra sərnişindaşıma ilə məşğul olan avtobus və minik maşınları Nəqliyyat Nazirliyinin evakuatorları tərəfindən də cərimə meydançasına aparılacaq. Nəqliyyat Nazirliyinin evakuatorlarına avtobus dayancaqlarında saxlayan şəxsi avtomobilləri də cərimə meydançasına aparmaq hüququ verilib.
“Əgər vətəndaş öz şəxsi avtomobilini avtobus dayanacağında saxlayıb, avtomobili tərk edirsə və bununla da avtobusların hərəkətinə maneə yaradırsa, bu zaman nazirliyin evakuatorları həmin avtomobili cərimə meydançasına apara bilərlər”. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov belə deyib.
Əvvəllər bu səlahiyyət birmənalı olaraq BDYPI-yə aid olub. Məlumatlara görə, Nəqliyyat Nazirliyinin yol polisinin səlahiyyətlərinə şərik çıxması Ramiz Zeynalovun hiddətinə səbəb olub.
Son günlərdə avtobuslarla bağlı aparılan reydlərlə də bununla izah edilir. Məlumat üçün deyək ki, reydlər nəticəsində 97 sərnişin avtobusu idarəetmədən kənarlaşdırılıb. BDYPI-nin Ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə bildirib ki, avtobuslar əsasən sənədsiz və nasaz idarə olunduğundan idarəetmədən kənarlaşdırılıb. Bunların arasında avtobusların sənədsiz idarə edilməsinə daha çox rast gəlinir.
Onun sözlərinə görə, reydlər zamanı 150-dən çox avtobus sürücüsü inzibati məsuliyyətə cəlb olunub. Kamran Əliyev bildirib ki, bu reydlər davamlı olacaq.
Generalla nazirin arasındakı bu savaşdan kimin qalib çıxacağını zaman göstərəcək.