Britaniyalı nazir Əliyevlə əməkdaşlığa görə hədəfdədir

«Dünyanın ən korrupsiyalaşmış və repressiv rejimlərindən birilə əməkdaşlıq prinsiplərdən geri çəkilməkdir»

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq insan hüquqlarının kobud şəkildə pozulduğu, güclü repressiyaların olduğu bir ölkəyə gəlib, burada qaz anlaşmasının imzalanmasında iştirakına görə dünya mediasının tənqid hədəfinə çevrildi. Amerikanın məşhur “Bloomberg” agentliyi də Heyqin Bakı səfərinə bu prizmadan yanaşaraq, britaniyalı nazirə mövzu ətrafında suallarını ünvanlayıb.
“Heyq deyir ki, Böyük Britaniya insan hüquqlarını ticarət razılaşmalarına qurban verməyəcək” başlıqlı məqalədə müəllif Robert Hutton yada salır ki, britaniyalı nazirin bu həftənin əvvəlində yeni qaz müqaviləsi imzalanması üçün Bakıya səfəri bir xeyli narahatlıqlara əsas vermişdi. Lakin Uilyam Heyq Böyük Britaniyanın, insan hüquqlarının ağır vəziyyətinə göz yummaq hesabına ticarət əlaqələrini inkişaf etdirdiyi barədə iddiaları rədd edib.
“Biz hər yerdə insan hüquqları ilə bağlı narahatlığımızı ifadə edirik. Eyni zamanda, ticarət əlaqələrimizi də saxlayırıq. Britaniyanın xarici siyasətdə belə bir prinsipi yoxdur ki, insan hüquqlarıyla bağlı problemi olan ölkələrlə ticarət əlaqəsi saxlanılmasın”, – deyə Heyq bildirib.
Müəllif xatırladır ki, “Transparency International”, “Sərhədsiz Reportyorlar” kimi beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan hakimiyyəti dünyada ən çox korrupsiyalaşmış, repressiv rejimlərdən biridir. Bu məqam britaniyalı nazirin də diqqətinə çatdırılaraq, ona belə bir sual ünvanlanıb: “Bu o demək deyilmi ki, Böyük Britaniya insan hüquqları məsələsində prinsiplərindən geri çəkilir?” Heyq suala belə cavab verib: “Bizim siyasətimiz həm də ticarət yolu ilə insan hüquqlarını inkişaf etdirməkdir”.
Heyqin səfərindən cəmi bir gün əvvəl Azərbaycanda vətəndaş cəmiyyətinin ən fəal təmsilçilərindən olan Anar Məmmədlinin həbs olunması da “Bloomberg”in diqqətindən yayınmayıb.
“Britaniyalı nazirin Bakıya 17 saatlıq səfərinə hüquq müdafiəçilərilə görüş də daxil idi. Bu görüşdə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də iştirak etməli idi. Lakin Heyqin səfərindən bir gün əvvəl Anar Məmmədli vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ittihamlarıyla həbs olunub. Lakin onun vəkilləri bəyan edib ki, Anar Məmmədlinin həbsi siyasi motivlidir. Heyq bildirib ki, o, Ilham Əliyevlə görüşdə Anar Məmmədlinin həbsini də müzakirə edib”, – deyə məqalədə bildirilir.

Siyasət şöbəsi