Qaranlıqdan qeydlər

1. Mustafa Balbay Sinan Oğanmı olmaq istəyir?

Türkiyəli jurnalist, təzəlikcə həbsdən çıxan millət vəkili Mustafa Balbay Azərbaycan saytlarından birinə müsahibə verib və “Əgər qəbul edərlərsə, Türkiyədə Bakının da millət vəkili ola bilərəm” deyib.

Kim qəbul edərsə? Azərbaycan hakimiyyətimi?

Əgər elə isə, problem yoxdur. Yaptokratlar belə bir təklifi əsla geri çevirməzlər. Kürü yeyən ha bir nəfər az olsun, ha bir nəfər çox, fərq etməz. Axı iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

Zatən bu rejimin indinin özündə də Türkiyədə yetərincə millət vəkilləri var. Məsələn, MHP-dən Sinan Oğan kimi.

Adamın yaptokratiyaya oxuduğu təriflərə, mədhiyyələrə, hətta Zahid Oruc da həsəd apara bilər.

Bir zamanlar da Mövlud Çavuşoğlu vardı. Əliyevçi rejimə yandaşlığı Avropa Şurası Parlament Assambleyasına qədər uzanmışdı.

Hələ mən Əli Özgündüzləri, Ismayıl Safiləri demirəm.

Əgər indi Balbay da özünü onlarla eyni müstəvidə Əliyev rejiminə təklif edirsə, o zaman ölkəsində haqq deyib, ədalət deyib, özgürlük deyib, demokratiya deyib, 5 il haqqında heç bir məhkəmə hökmü olmadan həbs yatmış Mustafa bəy adına təəssüflənməkdən başqa əlimizdən heç nə gəlmir.

Yox, əgər Mustafa bəy Azərbaycanda tapdanan hüququn, yox edilən milli iradənin, azadlıqların Türkiyədəki səsi olmaq istəyirsə, o zaman niyə kimdənsə “OK” gözləyir ki? Buyursun. Necə deyərlər, “vuran oğul dayısına gənəşməz”.

2. Ibrət dərsi

Türkiyə demişkən.

Bu gün bu ölkədə yaşananları ibrətlə izləmək lazımdır.

Azərbaycanda da şəriət idarəçiliyi arzulayanlar, dini dövlətlə iç-içə görmək istəyənlər üçün Türkiyədə baş verənlər bir görkdür, bir dərsdir.

Oradakı rüşvət əməliyyatı dini dövlət işlərinə şərik etməyin bir ölkə üçün nə qədər acı, rüsvayçı nəticələr verəcəyinin son örnəyidir.

Dünənəcən Türkiyəni Atatürkün dünyəvi dövlət ilkələrindən uzaqlaşdırmaq üçün ittifaq içində olan və bu hədəfə doğru əllərindən gələni əsirgəməyən Ərdoğanla Gülən arasından su keçməyə başlayınca nələrin olub-bitdiyi göz önündədir.

Iki molla bir hesabı kəsə bilmir, uğrunda o qədər qanlar tökülmüş, mücadilələr verilmiş, savaşlardan keçilmiş ölkə dünyaya bax, beləcə rəzil olur. Çirkli pullardan seks kasetlərinəcən hər şey dünənəcən ağzından “halal-haram” söhbəti düşməyən adamlar tərəfindən göylərdə uçuşur.

Əlavə sözə ehtiyac yoxdur.

“Min bir gecə” nağıllarında deyildiyi kimi, “gözünün ucu ilə baxan görər və ibrət götürər”.

 

3. Xilasımız özümüzdədir!

Azərbaycanda maarifçi hərəkatın önəmli tribunalarından biri “kultura.az” saytı çox dəyərli bir çağırışla çıxış edib. Hər bir tərəqqipərvər və maarifpərvər azərbaycanlıdan da bu çağırışa dəstək istəyib.

Həmin çağırışda qarşıdan gələn bayram günlərində hər kəsdən öz doğmalarına, əzizlərinə, ailə üzvlərinə, dostlarına hədiyyə olaraq kitab bağışlaması təklif olunur.

“Imkanı olan hər bir kəs insanların kitabla təmin olunmasını öz mənəvi borcu hesab etməlidir. Bu bayram günlərində hər bir kəsi fərdi vicdan nümayiş etdirməyə çağırırıq. Xilasımız özümüzdədir!” yazır “kultura.az”.

Bu çağırışı cavabsız qoymağa haqqımız yoxdur.

Azərbaycanın aydınlığa gedən yolu kitablardan keçir.

Bilgisiz, maarifsiz bir toplumun sözün həqiqi mənasında xilası yoxdur.

Kitabsız mübarizənin sonu puçdur.

Əgər biriləri illah ki, Azərbaycanı elmdən, təhsildən, mədəniyyətdən, kitabdan uzaqlaşdırıb, beləliklə, öz çirkin məqsədlərini daha asan və rahat həyata keçirmək istəyirlərsə, biz də bunun önünə keçməyi bacarmalıyıq.

Qaranlığın deyil, Aydınlığın…

Şərin deyil, Xeyirin…

Yalanın deyil, Həqiqətin…

Zülmün deyil, Ədalətin…

Keçmişin deyil, Gələcəyin…

Qəflətin deyil, Oyanışın…

Tənəzzülün deyil, Tərəqqinin yanında olduğumuzu yalnız sözdə yox, əməldə sübut etməliyik.

Qarşıdan gələn bayram günlərində həm bir-birimizə, həm də kitab almağa imkanı olmayanlara kitab hədiyyə etməklə, artıq bu istiqamətdə diqqətəşayan bir addım atmış olacağıq.

Unutmayın: xilasımız özümüzdədir!