Sədərək gömrüyünün şefi Ərzurum həbsxanasına göndərildi

Mirməhəmməd Seyidovun telefon danışıqları və rüşvət parolu açıqlandı; onun torbalarla pul daşıdığı məlum oldu

Türkiyədə həbs olunan Sədərək gömrük postunun rəisi Mirməhəmməd Seyidov Ərzurum həbsxanasına göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri dekabrın 19-da seçilib. Bu barədə “Azadlıq”a Türkiyədəki mənbələrdən məlumat verilib.
Həmin gün eyni əməliyyatda tutulmuş daha 5 nəfər məhkəmə qarşısına çıxarılıb və onlardan 4-ü barəsində həbs-qətimkan tədbiri seçilib. Bir nəfər isə istintaq altında qalmaqla, azadlığa buraxılıb.
Dekabrın 17-də də 5 nəfər barəsində məhkəmə qərarı çıxarılıb. Onlardan 4-ü həbsxanaya göndərilib, 1 nəfər istintaq altında qalmaqla, sərbəst buraxılıb.
Seyidovdan başqa digər həbs edilənlər isə Iqdır həbsxanasına göndərilib.
Dekabrın 17-i və 19-da verilən məhkəmə qərarlarından sonra işi baxılmamış qalan 7 nəfər dekabrın 20-i səhər saatlarında məhkəməyə aparılıb. Onlardan 5-i barəsində həbs-qətimkan tədbiri seçilib, 2 nəfər isə istintaq altında qalmaqla, sərbəst buraxılıb.
Bundan başqa, Mirməhəmməd Seyidovun telefon danışıqları üzə çıxıb. “Virtualaz.org” Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, bu telefon danışıqları türk polisinin neçə vaxtdır davam edən əməliyyatı çərçivəsində Mirməhəmməd Seyidovun dinlənilməsi nəticəsində qeydə alınıb. Məlum olub ki, Seyidov türk gömrükçüləri ilə telefon əlaqəsində rüşvət barədə parolla danışırmışlar.
Iki illik izləmələrdən sonra dekabrın 16-da keçirilən əməliyyat zamanı saxlanılanlar arasında Mirməhəmməd Seyidovla yanaşı, Türkiyənin Naxçıvanla sərhədindəki Dilucu Gömrük Postunun əməkdaşları və nəqliyyat firmalarının sahibləri də var. Biri qadın olmaqla, ümumilikdə 18 nəfərlik dəstəyə qarşı mütəşəkkil qrup yaratmaq, rüşvət alıb-vermək, yanacaq qaçaqmalçılığı kimi ittihamlar irəli sürülüb.
Iğdır polisində və ədliyyədə aparılan ilkin dindirmədən sonra rüşvətin Naxçıvan gömrüyündə Mirməhəmməd Seyidov tərəfindən toplandığı, daha sonra Türkiyə tərəfinə aparılaraq tərəflər arasında bölüşdürüldüyü ortaya çıxıb. Dilucu Sərhəd-Keçid Məntəqəsindəki türk gömrük məmurları telefonlarının dinlənməsi riskindən çəkinərək, Mirməhəmməd Seyidovla rüşvət danışıqlarını sərhədi keçən TIR və yük maşını sürücülərinin cib telefonları ilə apardıqları üzə çıxıb. Telefon danışıqlarında tərəflər parolla danışıblar.
Məsələn, türk məmurun Mirməhəmməd Seydovla cib telefonu ilə danışanda “Qarnım ağrıyır, mənə dərman göndər” deyə pay istədiyi, Seyidovun isə onlara “Qarnının ağrısı üçün dərman göndərdim” deyə cavab verdiyi məlum olub. Adi günlərdə isə Mirməhəmməd Seyidov topladığı rüşvət pullarını torbalarla Türkiyə tərəfinə aparıb işbirliyi içərisində olduğu adamlar arasında bölürmüş. Türkiyə tərəfdən bəzi gömrük məmurları ifadələrində iddia ediblər ki, rüşvət almayanda onları nəqliyyat firmalarının sahibləri döyürdü.
Məlum olub ki, Dilucu Sərhəd-Keçid Məntəqəsinin hər iki tərəfində, yəni, Naxçıvan və Türkiyə gömrük postlarında rüşvət və qaçaqmalçılığı ortaya çıxarmaq üçün türk polisi bir il əvvəldən telefon danışıqlarını izləyirmiş.

Informasiya şöbəsi