Yeganə Hacıyeva: «Bir çox müsavatçılar hesab edir ki, Milli Şuradakı birgə fəaliyyətdən imtina etmək doğru olmazdı»
Mustafa Hacıbəyli: «Milli Şura ilə bağlı müzakirədə Tofiq bəyin fikirləri də nəzərə alınacaq»
Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu bir neçə gün öncə “Yeni Müsavat” qəzetinə məhbəsdən göndərdiyi məqalədə AXCP-Müsavatın səmimi birliyinin zəruriliyindən və Milli Şuranın qaldığı yerdən davam etməsindən söhbət açmışdı. Tofiq Yaqublunun fikirlərinə Müsavat Partiyasının divan üzvü Qubad Ibadoğlu da dəstək vermişdi və Milli Şura formatının saxlanılmasını düzgün saymışdı. Tofiq Yaqublu ötən gün “Yeni Müsavat” qəzetinə göndərdiyi köşə yazısında yenə də birliyin vacibliyindən söhbət açıb.
Yəni, bir çox partiya funksionerlərindən fərqli olaraq Tofiq bəy səmimi birliyin, Milli Şuradakı fəaliyyətin davam etdirilməsini düzgün hesab edir.
Bəs, Tofiq bəyin fikirlərinə digər müsavatçılar necə yanaşır və qəbul olunacaq qərarda onun mövqeyi də nəzərə alınacaqmı?
Müsavat başqanının müşaviri Yeganə Hacıyeva Tofiq Yaqublunun mövqeyini bölüşdüyünü və Milli Şuranın uğurlu bir model olduğunu bildirdi: “Milli Şura bir birlik modelidir. Mənim prosesleri izlədiyim 8 ildə bu qədər müxtəlif qüvvələri özündə birləşdirən tək qurumdur. Milli Şuranın bir qurum kimi zəif və güclü tərəfləri var. Güclü tərəfi birləşdirici və cəmiyyətə stimul verici olmasıdır ki, biz bunu seçki prosesində gördük. Mənfi tərəfi isə ondan ibarətdir ki, qurumun formalaşdığı zaman diqqətdən yayaınan bəzi nüanslar olub. Müsavat Partiyası Milli Şuranın hərəkətverici qüvvələrindən biridir. Tofiq Yaqublu isə Müsavat Partiyasının həm partiya daxili, həm də cəmiyyətdə fikir formalaşdıra bilən və rəyinə hörmətlə yanaşılan nüfuzlu bir funksioneridir. Bir çox müsavatçılar hesab edir ki, ortada digər bir alternativ olmadığı bir dönəmdə az da olsa uğurlu olmuş bir qurumla birgə fəaliyyətdən imtina etmək doğru olmazdı. Mən Tofiq Yaqublunun mövqeyini dəstəkləyirəm”.
Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli bildirdi ki, Milli Şura ilə bağlı müzakirələrdə Tofiq bəyin fikirləri də nəzərə alınacaq: “Mən partiya funksionerlərinin açıqlamalarında ziddiyyət görmürəm. Müsavat partiyası müttəfiqlərlə münasibətlərin yüksək səviyyədə olmasını prioritet sayıb və bununla bağlı münasibət birmənalıdır. Konkret Milli Şura məsələsinə gəlincə, partiya daxilində müzakirə gedir və Tofiq Yaqublunun da, digər şəxslərin də fikirləri nəzərə alınacaq”.


